Masallı rayon İcra hakimiyyəti başçısının hesabatı
15 aprel 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı rayon İcra hakimiyyəti başçısının 2016-cı ilin I rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
İlk öncə yığıncaq iştirakçıları Ermənistanın silahlı təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olmuş Azərbaycan hərbçilərinin əziz xatirəsini bir deqiqəlik sükutla yad etdilər.
Yığıncağı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq toplantı iştirakçılarının salamlamış, 2016-cı ilin I rübünün yekunları və qarşıda duran məsələlər barədə məruzə ilə çıxış edərək vurğulamışdır ki, Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2016-cı ilin birinci rübü sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Belə ki, şəhərin Qurtuluş, R. Abbasov küçələrində yeni səkilərin, müasir işıqlandırma sistemlərinin qurulması işləri başa çatdırılmışdır. Ümumi uzunluğu 3.3 km olan N. Gəncəvi (M.Talışxanov) küçəsində genişləndirilmə işləri aparılmışdır. Belə ki küçə genişləndirilərək eni 14 metrə çatdırmışdır. Küçənin hər iki tərəfində yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi quraşdırmışdır. Hazırda N. Gəncəvi küçəsində işlər yekunlaşmaq üzrədir. Bundan əlavə həmin küçənin asfaltlaşdırlması ilə əlaqədar aidiyyəti qurumlara müraciətlər ünvanlanmış və müsbət nəticə əldə olunmuşdur.
Müvafiq Dövlət Proqramları çərçivəsində və Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Masallıda təhsil infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu çərçivədə rayonda 47 yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Son dörd ildə isə 15 yeni məktəb binası tikilmiş və 3 məktəb isə əsaslı təmir olunmuşdur. Həmçinin 5 bağça binası əsaslı təmir olunmuş, 3 bağçanın tikintisi isə başa çatdırılmaq üzrədir. Hazırda 4 məktəbin- 180 yerlik Şatıroba, 140 yerlik Çayqıraq, 140 yerlik Dəlləkoba və 120 yerlik Köhnə Zuvand kənd ümumi orta məktəblərinin binalarında son tamamlanma işləri aparılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 100 yerlik Masallı şəhər 5 saylı, 60 yerlik şəhər 2 saylı, 40 yerlik Sərçuvar kənd uşaq bağçalarının binalarında tikinti işləri başa çatdırılmış və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülmüşdür. Son dörd il ərzində ümumilikdə 12 həkim məntəqəsi tikilmiş, iki sahə xəstəxanası əsaslı təmir edilmiş, Mərkəzi rayon xəstəxanasının isə əsaslı təmirinə başlanılmışdır. Hazırda Yeyənkənd, Xıl, Səmidxan, Gəyəçöl və Lürən kənd həkim məntəqələrinin tikintisi davam etdirilir.
Son illər mədəniyyət obyektlərində əsaslı yenidənqurma və tikinti işləri aparılmışdır. Hazırda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına inşa edilən Masallı Tarix-Diyarşünaslıq muzeyində və Uşaq İncəsənət məktəbində son tamamlama işləri aparılır. Hər iki binanın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Masallı şəhərində böyük bir layihə - Viləş Park Bulvar kompleksinin tikintisinə start verilmiş və çay yatağının beton məcraya salınması işlərinə başlanılmışdır. İlkin olaraq ümumi uzunluğu 750 p/m olan beton bəndin 340 p/m hissəsində işlər yekunlaşmışdır. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır.
2015-ci ildə ümumi sahəsi 11000 m2 olan Bayraq meydanının tikintisinə başlanılmışdır. Meydanın ətrafına ümumi uzunluğu 280 p/m və hündürlüyü 0.7 m olan hasar çəkilmiş və 64 metr hündürlükdə bayraq dirəyi quraşdırılmışdır. Hazırda Bayraq muzeyində son tamamlama işləri aparılır. Meydanın ərazisində fontan quraşdırılmış, müasir işıqlandırma sistemlərinin qurulması və yaşıllıq zolaqlarının salınması işləri davam etdirilir.
Rüb ərzində “ASAN HƏYAT” kompleksində də tikinti işləri sürətlə davam etdirilmişdir. Birinci mərhələdə tikintisi nəzərdə tutulan “ASAN” xidmət mərkəzinin binasında son tamamlanma işləri davam etdirilir. Hazırda “ASAN HƏYAT” kompleksinin ərazisində kafe, rəsm qalereyası, iki mərtəbəli kinoteatr, iaşə və xidmət obyektlərinin tikinti işləri həyata keçirilir. Eyni zamanda Viləş çayının məcrasında yerləşən adada “ASAN HƏYAT” kompleksinə daxil olacaq istirahət guşəsinin tikintisinə başlanılmışdır.
Rüb ərzində rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 % artaraq 1,2 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz artaraq 0,13 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 0,2 faiz artaraq 0,36 milyon manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 13,1 faiz artaraq 2,1 milyon manat olmuşdur.
Rüb ərzində adambaşına düşən pul gəlirləri 550,2 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 274,8 manat olmuşdur.
2016-cı ilin birinci rübündə Masallı rayonunun gəlirləri 8 milyon 375 min 428 manata qarşı 8 milyon 701 min 294 manat və ya 103,8 % icra olunmuşdur. O cümlədən yerli gəlirlər üzrə 1 milyon 655 min 900 manata qarşı 1 milyon 866 min 294 manat və ya 112,7 faiz icra olunmuşdur. Rayonun yerli xərcləri isə 8 milyon 375 min 428 manata qarşı 7 milyon 825 min 14 manat və ya 93,4% icra olmuşdur.
Qeyri neft sektorunun inkişafı, sahibkarlara münbit şəraitin yaradılması cənab Prezidentin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara davamlı kreditlərin verilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. Dəfələrlə qeyd etdiyimiz kimi bir daha vurğulamaq istəyirəm ki, sahibkarlara hər cür kömək göstərmək və onları narahat edən problemlərin aradan qaldırılması üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Ona görə də xüsusilə də rayonumuzdan olan sahibkarları Masallıya dəvət edir və onları əmin edirəm ki, onların rahat işləmələri üçün hər cür şərait yaradılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi və respublika büdcəsindən yerli büdcələrə ayrılan dotasiyaların həcminin minimuma endirilməsi istiqamətində verdiyi tapşırıqların icrasının təmin edilməsi məqsədi ilə RİH başçısının 08 fevral 2016-cı il tarixli 16 saylı sərəncamı ilə qərargah yaradılmışdır.
Qərargaha rayon İcra hakimiyyətinin aidiyyəti şöbələrinin, idarə və müəssisələrin rəhbərləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri, sahibkarlar daxil edilmiş, qərargahda qaynar xətt açılmışdır. 12 fevral 2015-ci ildə qərargahın ilk iclası keçirilmiş və tədbirlər planı hazırlanmışdır.
Tədbirlər planına uyğun olaraq ilk növbədə əhalinin həssas qruplarının, o cümlədən gənclərin, qadınların, məcburi köçkünlərin və əlillərin işlə təmin olunması, həmçinin rayonda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ( kənd təsərrüfatı, sənaye, turizm, iaşə və ticarət obyektlərində) inkişafına maneələr yaradan səbəblərin araşdırılması, yeni iş yerlərinin açılmasına dəstək göstərilməsi, rayonun yerli gəlir və xərclərini tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitlərin (dotasiyanın) həcminin azaldılması məqsədi ilə rayon ərazisində fəaliyyət göstərib lakin digər regionlarda vergi ödəyicisi kimi qeydiyyatda olan müəssisələrin 6 saylı ərazi vergilər idarəsində qeydiyyata düşmələri üçün tədbirlərin görülməsi müzakirə olunmuş və aidiyyatı üzrə müraciətlər hazırlanmışdır. Fəaliyyəti dayandırılmış “Nur-M” konserv zavodunun fəaliyyətinin bərpa olunması üçün təhlillər aparılmış, hazırlanmış təkliflər və iqtisadi əsaslandırmalar Azərbaycan Respublikasının İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinə təqdim olunmuşdur.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına, bağçılıqla, bostançılıqla məşğul olan vətəndaşlara istehsal etdikləri məhsullarının satışında kömək göstərilməsi və eyni zamanda süni qiymət artımının qarşısının alınması məqsədi ilə mütəmadi olaraq ayda iki dəfə Masallı şəhərində kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkasının keçirilməsinə başlanılmışdır. Mart ayının 05 və 12-də təşkil olunmuş kənd təsərrüfatı və ərzaq məhsulları yarmarkasına müvafiq olaraq 45 və 50 tona yaxın müxtəlif növ kənd təsərrüfatı məhsulları çıxarılmışdır.
Rayonda əmək bazarının mövcud vəziyyətinin qiymətləndirməsi və kadr potensialına dair müvafiq proqnozların hazırlanması məqsədilə mərkəzləşdirilmiş məlumat bazasının yaradılması qərara alınmışdır. Həmçinin dövlət müəssisələrində açılmış vakant iş yerlərinə rayon Məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmış vətəndaşların ilk növbədə növbəlik siyahısı üzrə işlə təmin olunmasına nəzarət olunmuşdur. Hazırkı vəziyyətdə ayrı-ayrı təşkilatlar üzrə təqdim olunmuş 671 vakant iş yerləri üzrə Mərkəz tərəfindən göndərişlər verilməklə 642 nəfər işlə təmin olunmuşdur. Masallı şəhərində coxmənzilli binaların dam örtüklərinin və fasadlarının təmir olunması məqsədi ilə əlavə olaraq 654 yeni iş yeri açılmış və müvafiq sənədləşmələr aparıldıqdan sonra bu yerlərə rayon Məşğulluq mərkəzi tərəfindən göndərişlər veriləcəkdir.
2016-cı ilin birinci rübündə Masallı Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 1470 nəfər müraciət etmiş, onların 1435 nəfəri qeydiyyata alınmışdır ki, onların da 157-si qadınlardır. 642 nəfər işlə təmin olunmuşdur ki, bunların da 65 nəfərini qadınlar təşkil edir.
2016-cı ilin birinci rübündə rayonun kənd meşə balıqçılıq təsərrüfatında 14,8 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 36,8 min manat və ya 0,2 % çoxdur. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 175,1 manat olmuşdur.
1 aprel 2016-cı il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 73193 başa, xırda buynuzlu mal-qaranın baş sayı 84901 başa çatmışdır. Birinci rübdə süd istehsalı 12180 tona, ət istehsalı 1527,8 tona, yumurta istehsalı 194.50.000 ədədə çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
Rayonda 11407 ha taxıl, ondan 7970 ha buğda, 3437 ha arpa bundan əlavə 1589 ha dənlik vələmir əkini aparılmışdır. Eyni zamanda rüb ərzində 1038 ha kartof, 178 ha bostan və 828,5 ha tərəvəz əkilmişdir. Hal hazırda əkinlər davam etdirilir.
Rüb ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 8,5 ton kartof, 3,8 ton soğan, 1,9 ton kələm, 450 kiloqram noxud, 2100 kiloqram mandarin, 6350 ədəd yumurta göndərilmişdir.
210 mindən çox sakini olan Masallı rayonunda əhalinin 90%-ə qədəri kəndlərdə yaşayır və əkinçiliklə məşğul olur. Dəfələrlə qeyd etdiyimiz kimi Masallı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi və gəlirli sahəyə çevrilməsi qarşımızda duran ən prioritet məsələdir. Bu istiqamətdə müəyyənləşdirilən tədbirlərin həyata keçirilməsi, o cümlədən yeni bazarların tapılması işi sürətləndirilməlidir. Çünki məhsul istehsalına çox az bir dövr qalıb və vaxtımız çox məhduddur.
Eyni zamanda çayçılığın inkişaf etdirilməsi məqsədi ilə bu il 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınması üçün hazırlıq işlərinə başlanmışdır. Həmin ərazidə yol, suvarma suyu, enerji infrastrukturunun yenidən qurulması nəzərdə tutulur. Yaxın gələcəkdə bu gəlirli sahənin rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar vardır. Bu qədər yaşıl çay sahəsinin salınması idxaldan asılılığı azaltmaqla yanaşı, həm də ən azı 7000 iş yerinin yaradılmasına imkan verə bilər.
Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrinin saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisəsinin tikilməsi zərurətini yaratmışdır.
Masallı rayonunda Sənaye məhəlləsinin tikilməsi üçün hazırlıq işlərinə başlanılmışdır. Masallı şəhər ərazisində Sənaye məhəlləsinin yaradılması məqsədi ilə 10 ha torpaq sahəsi vətəndaşlardan alınmış və müvafiq sənədləşmə işləri başa çatdırılmışdır. Hazırda bununla əlaqədar rayondan olan kiçik və orta sahibkarlarla müzakirələr aparılmış və yaradılacaq sənaye məhəlləsində fəaliyyət göstərmək istəyən sahibkarlar barədə müvafiq məlumatlar toplanılmışdır. Sənaye məhəlləsinin tikintisi Masallı iqtisadiyyatının sürətli inkişafına və təkmilləşməsinə yeni təkan verəcəkdir.
2016-cı ilin birinci rübündə 22 saylı Yol İstismar İdarəsi tərəfindən rayonun bir sıra yollarında təmir işləri aparılmışdır. Belə ki, respublika əhəmiyyətli Ələt-Astara avtomobil yolunun 154-179-cu km-də (26 km) bitum-qırmadaş materialları ilə təmir işləri aparılmış, yolun körpülərinin məhəccərləri , piyada yolları təmizlənmişdir. Yerli əhəmiyyətli Ərkivan-Boradigah-Rüdəkanar avtomobil yolunun 0-6-cı kilometrliyində təmir işləri görülmüş, 17-ci km-də çınqıl hamarlama işləri aparılmışdır. Eyni zamanda Masallı-Qızılağac avtomobil yolunun 5-ci km-də cari təmir işləri aparılmışdır.
Rüb ərzində Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 34000 m3 həcmində və 12 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparıldığından bu şəbəkələrə texniki baxış keçirilərək təmir işləri görülmüşdür.
Hesabat dövrü ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 28 ha sahədə torpaq hazırlığı, 13 ha sahədə meşə səpini, 8 ha sahədə meşə əkini işləri aparılmışdır.
Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən rüb ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 1058,0 min manata qarşı 1514,20 min manat və ya 143,1 %, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 377,0 min manata qarşı 257,7 min manat və ya 68,4 % yerinə yetirilmişdir. Şöbədə hazırda 27 min 427 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 159 nəfərə əmək pensiyası təyin olunmuşdur.
2016-cı ilin birinci rübündə Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 1406 ailə Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmiş, onlardan 1159 ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyinatı aparılmış, 247 ailənin tələbindən qanuna müvafiq olaraq imtina edilmişdir.
Rüb ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 110 və 220 kvt-lıq yarımstansiyalarda təmir bərpa işləri aparılmış, 10 ədəd dəmir beton, 4 ədəd isə ağac dayaq dəyişdirilmişdir.
Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar rayonun Qızılağac, Hüseynhacılı, Öncəqala, Sirəbil, Sığdaş, Xanalyan, Qodman, Babaküçə, Qasımlı, II Yeddioymaq və Məmmədoba kəndlərində daşıyıcı orta təzyiqli qaz kəmərlərinin çəkilişi yekunlaşıb hazırda sayğaclaşma işləri davam etdirilir.
Azərbaycan hökumətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən 2012-ci ildə Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Hazırda şəhər ərazisində içməli su xətlərinin çəkilişi başa çatdırılmış və sayğacların quraşdırılması davam etdirilir. Masallı şəhəri üzrə kanalizasiya xətlərinin çəkilişi yekunlaşmaq üzrədir.
Hamımıza məlumdur ki, Masallı rayonunun əksər kəndlərində içməli su xətti və ya su qaynaqları yoxdur. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara tapşırıqlar vermişdir. Ölkə rəhbərinin nəzarətində olan məsələnin həlli istiqamətində qısa müddətdə müsbət nəticələr əldə olunmuşdur. Belə ki, “Azərsu” ASC-i “Birləşmiş Sukanal” MMC tərəfindən ümumilikdə 110 min əhalinin yaşadığı 38 kəndə içməli su xəttinin çəkilişinə başlanılmışdır. Lazımi maliyyə vəsaiti ayrılmasa da hazırkı vaxta qədər 20 km xətt çəkilmişdir. Mənbəyini Viləşçay su anbarından alan bu xətt vasitəsilə əhalimiz ən yüksək keyfiyyətli su ilə təmin ediləcəkdir. Yaxın vaxtlarda bu kəndlərin bir neçəsinə içməli suyun verilməsi gözlənilir.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən rüb ərzində yerinə yetirilən sanitar təmizləmə işlərinin həcmi artırılaraq gündəlik 340950 m2-ə çatdırılmışdır. Ərazidən gündəlik daşınan bərk tullantıların həcmi 120 m3 olmuşdur. Atılan bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanmışdır.
Şəhərin küçə və prospektlərində yığıla biləcək yağış və qar sularının axıdılması üçün su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtlı-vaxtında təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən daim diqqət mərkəzində saxlanılmalıdır.
Masallı şəhər ərazisinin genişləndirilməsi, park və yaşıllıqların artması Kommunal Təsərrüfatı Birliyinin fəaliyyətinin yenidən qurulmasını zəruri etmişdir. Ona görə də burada islahat aparılaraq struktur dəyişikliyi edilmiş və mövcud tələblərə görə yeni xidmət sahələri yaradılmışdır.
Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət alsa da hələ də 30 yeni məktəbin tikintisinə və təmirinə ehtiyac vardır. Həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd uşaq bağçası qəzalı vəziyyətdədir. Məktəbəqədər uşaqların uşaq bağçalarına cəlbi cəmi yeddi faiz təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Bu problemlərin həlli ilə bağlı xüsusi proqram hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.
Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən Masallı Dövlət Regional Kollecinin və Peşə məktəbinin maddi texniki bazasının yaxşılaşdırılması həlli vacib məsələlərdəndir.
2016-cı ilin birinci rübündə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
2016-cı ilin ilk üç ayında rayonda 624 nəfər uşaq doğulmuşdur. Bundan əlavə vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmiş və üç ay ərzinə 616 nəfər uşağa vərəm əleyhinə BSJ peyvəndi vurulmuşdur.
İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi diqqət mərkəzindədir. Xüsusilə (şəkərli diabeti) olan 5000 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir.
Respublika Prezidentinin tapşırığına uyğun olaraq 15 fevral 2016-cı il tarixdən əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış və bu iş davam etdirilir. Hazırda 75452 nəfər tibbi müayinədən keçirilmişdir. Müayinələr zamanı 3497 nəfərdə xəstəlik aşkar olunmuş, onlardan 3167 nəfəri ambulator, 218 nəfəri stasionar müalicəyə cəlb edilmişdir. 112 nəfər isə Bakı şəhərinə göndərilmişdir.
Hazırda əhalinin tibbi müayinəsi ilə bərabər uşaqların icbari dispanserizasiyası da davam etdirilir. Rüb ərzində 11360 uşaq müayinə edilmişdir ki, bunlardan 1420 nəfər uşaqda müxtəlif xəstəliklər aşkarlanmış və onlar dispanser qeydiyyatına alınmışdır. 68 nəfər uşaq daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə göndərilmişdir.
Masallı Rayon Gigiena və Epidemiologiya Mərkəzi birinci rüb ərzində mütəmadi olaraq yoluxucu xəstəliklərə qarşı peyvəndlər aparmışdır.
Masallı Dezinfeksiya Stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlərdə 32000 m2 sahədə gəmiricilərə qarşı mübarizə, 22350 m2 sahədə isə həşəratlara qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.
Masallı rayon Mədəniyyət və Turizm şöbəsi cari ilin birinci rübündə əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır.
Masallı rayonunda fəaliyyət göstərən 33 turizm obyekti cari ilin üç ayında 3510 nəfər turist qəbul etmişdir ki, onun 410 nəfəri xarici vətəndaş olmuşdur.
Cənab Prezidentin xeyir-duası ilə 2013-cü ildə istifadəyə verilən Heydər Əliyev Mərkəzi bu gün fəaliyyətini daha da genişləndirmişdir. Mərkəzdə Ümummilli lider Heydər Əliyevin siyasi və təşkilati irsinin öyrənilməsi, gənclərin dünyagörüşünün genişləndirilməsi, bilik və bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edən xalçaçılıq, heykəltəraşlıq, rəssamlıq emalatxanaları, kino-studiya yaradılmaqla müxtəlif xalq sənətkarlığı, dizayn, milli rəqs, xarici dil, kompyuter dərnəkləri, ekoloji sinif, internet kafe, 3 D formatlı kinozal, intellektual oyunlar otağı, elektron kitabxana, 300 yerlik tamaşa-konfrans zalı, nikah otağı fəaliyyət göstərir.
Rayon ərazisində 36 QHT fəaliyyət göstərir. Bunlardan əlavə bir neçə təşkilat qeydiyyatdan keçməsə də fəaliyyəti mövcuddur. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, rayonda əlil və veteranların problemlərinin həlli sahəsində 12 ,uşaq , gənclər və idmanla bağlı 5, qadın problemləri ilə 2, ekologiya sahəsində 2, təhsil, ziyalılar və jurnalistlərlə iş 4 , sosial, aqrar, iqtisadi ,həmkarlar sahəsində 10 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir.
Rayon İcra Hakimiyyəti müstəqil Respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və rüb ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 201 nəfər gənc hərbi xidmətə yola salınmışdır.
Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2016-cı ilin birinci rübündə rayon ərazisində 92 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 89,5 % olmuş və 10 cinayət hadisəsi açılmamış qalmışdır.
Rüb ərzində rayon İcra hakimiyyətinə 490 ərizə-şikayət daxil olmuşdur ki, onlardan 202-si rayon İcra hakimiyyətinə, 288-i isə yuxarı təşkilatlara ünvanlanmışdır. Bu dövr ərzində keçirilən qəbullar zamanı ümumilikdə 1041 nəfər vətəndaş qəbul edilmişdir. Onlardan 914 nəfəri rayon İcra hakimiyyətində, 26 nəfəri virtual, 101 nəfəri isə səyyar qəbullarda qəbul edilmişdir.
Rayonun idarə, müəssisə və təşkilatlarında, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük razılıqla qarşılanır.
Hesabat ilində “Dövlət Qulluğu Haqqında” qanuna və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğunun vəzifələrinə kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Belə ki, istər rayon icra hakimiyyəti başçısı aparatı və istərsə də yerli ərazi nümayəndəlikləri daha gənc, işgüzar və bacarıqlı kadrlarla möhkəmləndirilmiş, idarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Yaranmış vakansiyalar barədə icra hakimiyyətinin elektron saytında və “Yeni həyat” qəzetində elanlar verilmişdir.
Görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir.
Masallı şəhərində abadlıq işlərinin davam etdirilməsi və su-kanalizasiya sisteminin qurulmasının başa çatdırılması nəzərdə tutulur.
Rayon ərazisində qazlaşdırmanın sürətlə davam etdirilməsi və planlaşdırıldığı kimi il sonuna qədər rayon ərazisinin 95 faizinin qazla təmin edilməsi həyata keçiriləcəkdir.
Bildiyiniz kimi elektrik xətt təsərrüfatı istifadəyə yararsız vəziyyətdədir. Bu xətt təsərrüfatının yenilənməsinin həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Viləş çayının Masallı səhəri ərazisindən keçən hissəsində bənd – bərkitmə işlərinin başa çatdırılması və burada park – bulvar kompleksinin inşası ən böyük layihələrimizdəndir. Bu layihənin başa çatdırılması şəhərin simasını tamamilə dəyişəcək və ona xüsusi gözəllik verəcəkdir.
Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması qarşımızda duran əsas vəzifələrdəndir.
Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, ixtisaslaşmanın sürətlə aparılması, tərəvəzçiliyin və kartofçuluğun inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının və tədarük mərkəzlərinin yaradılması həlli vacib layihələrdəndir ki, bütün bunlar əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edir. Eyni zamanda Masallı şəhərində “Sənaye məhəlləsi” və “Yaşıl market” layihələrinin sürətlə reallaşdırılması diqqət mərkəzimizdə olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Masallı rayonunda sahibkarlığın inkişafına dəstək vermək, onlara köməklik göstərmək və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək ən ümdə vəzifələrimizdəndir. Habelə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, məmur-vətəndaş münasibətlərinin daha yüksək səviyyədə təşkili istiqamətlərində ardıcıl və sərt tədbirlərin görülməsi bundan sonra da daha geniş şəkildə davam etdiriləcəkdir.
Bildiyiniz kimi 2016-cı il Azərbaycan respublikasının Prezidenti tərəfindən “Multikultiralizm” ili elan olunmuşdur. Bu Sərəncamdan irəli gələn vəzifələrin Masallı rayonunda icrası ilə əlaqədar bütün imkanlar səfərbər olunacaq və bu vacib məsələ daim diqqət mərkəzində saxlanılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, Respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarımızdan istifadə edəcəyik.
Toplantıda çıxış edənlərdən Masallı rayon Məşğulluq idarəsinin rəisi Elsevər İmamyarov, Masallı RİHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm İbrahimov, Masallı RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamal mazanov və başqaları 2016-cı ilin I rübündə rayonda görülmüş işlərdən danışmış, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı məlumat vermişlər.