Masallı Azərbaycanın subtropik ürəyidir
Masallı Azərbaycanın hər baxımdan qeyri-adi koloriti ilə seçilən maraqlı guşəsidir. Bu region unikal abidələri, bənzərsiz təbiət mənzərələri və qonaqpərvərliyi ilə daim turistləri cəlb edir. Qonaqpərvərlik masallıların xarakterinin bəlkə də başlıca cəhətidir. Burada qonaqlara həmişə şaddırlar, onları diqqət və qayğı ilə əhatə edirlər.
Masallıda elə bir kənd var ki, əhalisinin sıxlığı Çin əhalisinin sıxlığından da çoxdur. Rayonda bu günə kimi qamışdan həsir və səbət toxuyur və sərv ağacından ənənəvi naxışlı sandıqlar hazırlayırlar. Burada ən məşhur ətriyyat brendlərinə məxsus ətirlərin komponenti olan çiçək bitir.
Banan cəngəllikləri və ətriyyatçı səadəti
Yumşaq subtropik iqlimi sayəsində yay mövsümündə Masallıda orta temperatur müsbət 29 dərəcədir, qışda isə müsbət 7 dərəcə isti səviyyəsindədir. Rayonun ərazisi başdan-başa sıx meşələrlə örtülüb. Burada nadir bitkilər, o cümlədən məşhur dəmirağac, yaxud elmi dillə desək, “Parrotia persica” bitir. Onun oduncağı o qədər ağırdır ki, suda batmır. Qədim dövrlərdə yerli sakinlər bu ağacın oduncağından toxuculuq dəzgahları düzəldirdilər. Elə indinin özündə də dəmirağac oduncağından toxuculuq sənayesi dəzgahları üçün detallar hazırlanır.
İlboyu yağıntının və günəşli günlərin sayının çox olması rayonda sitrus meyvəçiliyini inkişaf etdirməyə şərait yaradır. Bundan əlavə, Masallının hər yerində təsadüf edilən banan palmaları rayonun mənzərəsinə rəngarənglik qatır. Özünü bəzən cəngəllikdə hiss edirsən. Sanki cəngəlliyin içərisindən qorilla, yaxud şimpanze çıxacaq. Təəccüblü deyil ki, gözəl iqlimi olan Masallıda çoxlu həvəskar bağban var. Yerli sakinlər zarafatla deyirlər ki, bu torpağa tum düşsə, budaq basdırılsa mütləq cücərəcək. Yol boyunca və kəndlərdə dibçəklərdə otaq və bağ bitkiləri satılır. Özü də buradakı çeşidə paytaxt dükanları həsəd apara bilər. Gül bazarında beqoniya, fikus, qızılgül, azaliya və subtropik iqlim üçün səciyyəvi olan limonla bərabər, çox ekzotik təkliflərə də rast gəlinir. Məsələn, narıncı rəngli yeməli meyvələri olan kinkan (kumkvat) kolu. Bəli-bəli, öz mövsümündə paytaxt bazarlarında və supermarketlərində kiloqramlarla satılan məşhur kinkan meyvəsi. Bu meyvənin dadlı mürəbbəsi və kompotu olur. Lazımi səviyyədə becəriləndə şəhər mənzilinin eyvanında rahat bitir və bol meyvə gətirir. Lantana adlanan qeyri-adi bitki də yerli bazarların daimi məhsuludur. Yeri gəlmişkən, burada onun elmi adını heç kim bilmir. Çoxları onu “yeddi gözəl”, bəziləri isə nə üçünsə “fənərbağça” adlandırır. Amma hər halda gözəl çiçək açan bu bitki xoş rayihəsi ilə adamı ovsunlayır. Özü də bitkinin bütün hissələri, o cümlədən gövdəsi və yarpaqları ətir saçır. Onun çiçəklərindən ətrafa bahalı ətrin xoş rayihəsi yayılır. Təəccüblü deyil ki, ətriyyatçıların sevimli rayihəsi olan lantana bitkisi ən adlı-sanlı brendlərin ətirləri siyahısına daxildir. Yeniləri arasında isə “DKNY Summer”, incə rayihəli “Fendi L’Acquarossa”, yaxud ərəblərin “Aquatic Rose by Estiara” kimi ətirlərinin adlarını çəkmək olar. Lantananın daha bir unikal xüsusiyyəti budur ki, onun çiçəkləri rəngini dəyişir, yəni sarı rəngdə çiçəkləyib, qırmızı rəngə boyanır. Masallılı satıcıların sözlərinə görə, bu bitki otaq şəraitinə asanlıqla uyğunlaşır və may-noyabr aylarında çiçəkləyərək sahiblərini sevindirir. Təbii şəraitdə bu çiçək yarğanların, göl və çayların yaxınlığında bitir.
Yeri gəlmişkən, Azərbaycanın subtropik zonasının ən uzun və bolsulu çayı Viləşçay Masallı rayonun ərazisindən axır. Bu dağ çayının ilan kimi qıvrılan məcrası bütün Masallını “ağuşuna alaraq”, 111 kilometr uzunluğunda səyahətinin sonunda Xəzər dənizinə tökülür. “Viləşçay” toponiminin tarixi minilliklərə gedib çıxır. Hələ eramızın II əsrində məşhur isgəndəriyyəli astronom, riyaziyyatçı və coğrafiyaşünas Ptolomey Xəzər dənizinin xəritəsində Viləşçayın Qızılağac körfəzində dənizə töküldüyünü göstərib. Hazırda çay hövzəsinin sahəsi 935 kvadrat kilometrdir. Viləşçay həm də Masallı və Lerik rayonları arasında şərti sərhəddir. Çay sularından səmərəli istifadə etmək məqsədilə 1979-cu ildə onun üzərində bənd tikilib, su anbarı yaradılıb. Viləşçay balıq ehtiyatı ilə zəngindir, burada balıqçılıq inkişaf edib. Səs-küydən dincəlmək istəyənlər tez-tez bura balıq tutmağa gəlir. Su anbarından meşəyə və ətraf dağlara gözəl mənzərə açılır.
İnadkar balıqlar və cehiz sandığı
Masallı qədim zamanlardan müalicəvi suları ilə şöhrət qazanıb. Bu yerlərin ən məşhur mineral bulağı İstisudur. Bu termal bulaq dəniz səviyyəsindən 1650 metr yüksəkdə yerləşən Dənbəlov dağının yamacından axan Viləşçayın sahilində bir neçə yerdən qaynayır. Bulağın suyu uzun əsrlərdir çəkilmir, amma haradan qaynaqlandığını heç kəs bilmir. İnsanlar min dərdin dərmanı olan bu bulağı qədim zamanlardan sehrli adlandırırlar.
Məşhur alim, həkim, şair və bəstəkar Mirkazım Aslanlı-Sarəng 1960-cı ildə müəyyən edib ki, bu suyun tərkibi hidrogen-sulfit, kalsium, natrium, xlor, hidrokarbon-maqnezium və yoddan ibarətdir. Yer təkinin 90-250 kilometr dərinliyindən isti şəkildə (təqribən 69 dərəcə) çıxan mineral su bir çox xəstəlikləri müalicə edir. Mirkazım Aslanlı-Sarəngin kəşfi böyük maraq doğurub. Dövlət müalicəvi İstisu bulağına Sovet İttifaqının hər yerindən profil klinikaların və aparıcı elmi mərkəzlərin 12 alimini dəvət edib. Onlar Aslanlı-Sarəngin gəldiyi nəticəni təsdiq ediblər. 1971-ci ildə bulağa ümumittifaq müalicə-kurort sanatoriyası statusu veriləndən sonra bu yerlər intensiv mənimsənilməyə başlayıb. Hazırda “Fatimeyi-Zəhra” adlanan sanatoriya müsafirləri qəbul etməyə davam edir. Burada həm sağlamlığını bərpa etmək, həm də istirahət etmək mümkündür. Yayda dincələnlər Viləşçayın sularında üzməyi sevirlər. Çayın müəyyən hissəsində daşlardan axan termal sular sərin çay sularına qarışaraq bir növ kontrast vanna yaradır. Çay sularında məskunlaşan “zirək” kiçik balıqlar istirahət edənlərin bədənlərinin açıq yerlərini dişləyir. Hesab edilir ki, “balıq” proseduraları dəri xəstəliklərini müalicə edir.
Masallı rayonun etnik tərkibi də maraqlıdır. Rayonda azərbaycanlılarla bərabər, əhalinin çox hissəsini özünəməxsus mədəniyyəti, adət-ənənələri və mətbəxləri ilə seçilən talışlar təşkil edir. Rayonun çoxsaylı koloritli kənd və qəsəbələrində adət-ənənələrə, dulusçuluq, toxuculuq, ənənəvi naxışlı sandıqların hazırlanması kimi sənətkarlıq ənənələrinə qayğı ilə yanaşırlar.
Qədim dövrlərdən Azərbaycanda, xüsusən cənub regionunda qamış çubuğundan toxuculuq geniş yayılıb. Amma hazırda sənətkarlığın bu növü yalnız Musaküçə kəndində qalıb. Burada 40-50 adam bu işlə məşğuldur. Yerli ləhcədə “pizə” adlandırılan qamış çubuğunu adətən qadınlar hazırlayırlar. Onlar yaz və yay mövsümlərində bataqlıq yerlərdə və dənizin sahilində qamış toplayırlar. Bu iş çox təhlükəlidir, çünki onları zəhərli ilan sanca bilər. Yarpaqlardan təmizlənən qamış çubuqlarını üç gün qurudurlar, sonra onlardan xüsusi dəzgahda payəndaz, həsir və səbət toxuyurlar. Sənətkar xanımlar bir gün ərzində 3-4 həsir toxuya bilir. Həsirlərin standart ölçüsü 1.10x4 metrdir, amma 5-7 metr uzunluğunda həsirlər də olur. Deyilənə görə, nəm keçirməyən bu həsirlərdən 2-3 il ərzində istifadə etmək olar. Onları adətən həyətə və evə döşəyir, yaxud dekorativ məqsədlərlə istirahət zonalarında istifadə edirlər.
Sandıq hazırlanması Masallının daha bir ənənəvi sənət növüdür. Qeyd edək ki, sandıq ta qədimdən ailə qurmağın mütləq atributudur. Ata evini tərk edən qızlar cehizlərini sandıqlarda aparıblar. Bir çox rayonlarda adət-ənənələrə ehtiram əlaməti olaraq indiyədək bu adətə əməl olunur. Hazırda bütün cənub regionunda yalnız Ərkivan kəndində iki-üç adam sandıq hazırlayır. Məşhur ustalardan birinin adı Şərafət Əzizovdur. Onun ata-babası da bu sənətin sahibi olub. Hazırda usta öz bilik və bacarığını oğluna öyrətməyə çalışır. Sandıqlar bir qayda olaraq elastikliyi ilə seçilən sərv ağacından hazırlanır. Usta gün ərzində ölçüsü 20x12 santimetrdən tutmuş 100x50 santimetrədək olan 1-2 standart sandıq düzəldir. Ən çox satılan sandıqların ölçüsü isə 80x40 santimetrdir.
On səkkiz min əhalisi olan Ərkivan kəndinin daha bir maraqlı cəhəti budur ki, əhalisinin sıxlığına görə Azərbaycanda rekord vurur. Belə ki, kənd ərazisinin bir kvadratkilometrinə 220 adam düşür. Bu göstərici isə hətta Çin ilə müqayisədə yüksəkdir.
Masallı qəribə rekordları ilə şöhrət qazanıb. Məsələn, Masallı şəhərinin mərkəzinin 10 kilometrliyində, Lənkəran şosesi boyunca uzanan Xanalion kəndində qeyri-adi çayxana fəaliyyət göstərir. Çayxananın sahibi Maqsud Şirəliyev müsafirlər üçün ağacda, 35 metr hündürlükdə köşk düzəldib. Üstündə çay ləvazimatı olan sini 50 metrlik trosun köməyi ilə yuxarı qaldırılır. Çay içmək üçün belə hündürlüyə qalxmağa hər adam cəsarət etməz. Adi qonaqlar bağçadakı köşklərdə yerləşməyə üstünlük verirlər.
Xanalion kəndinin digər sakini Əkrəm Cabbarov onunla fərqlənib ki, 11 il ərzində tut ağacında 23 növ müxtəlif bitkini calaq edə bilib. Bəzi bitkiləri qabaqcadan gövdədə oyuq açdıqdan və içini torpaqla doldurduqdan sonra əkib. Bir çox “qonaq bitkilər” yaxşı böyüyür və bar verirlər. Sözün açığı, tut ağacı budağından xiyarın sallandığını, şaftalının boylandığını görmək qəribə mənzərədir!
Folklor paytaxtı və ləzzətli təamlar
Az adam bilir ki, Masallıda da molokan kəndi var - Kalinovka. Bir vaxtlar bu yerin adı “Ləmsə” (talış dilində “göl”, “çəmən” mənası verir) olub. 1840-cı ildə XIX əsrin əvvəllərində Rusiyadan sürgün edilən molokanlar Şamaxıdan bura köçüb. Əvvəlcə təməlini qoyduqları kənd banisinin, Mixail Popovun şərəfinə “Mixaylovka” adlanıb. 1917-ci ildən sonra kənd Kalinovka kimi tanınıb. Məlumdur ki, 1860-cı ildə bu kənddə Masallıda ilk məktəb açılıb. Ötən əsrin 90-cı illərinədək Kalinovka əhalinin yarısı etnik rus idi. Bu gün kənddə 2.557 nəfər yaşayır və onların yalnız 6-sı rusdur.
Masallı torpağı həm təbiəti, həm də istedadlı insanları ilə zəngindir. Rayonda ənənəvi mədəniyyətin dirçəlişi və mühafizəsində bədii kollektivlər mühüm rol oynayır. Masallı və ondan kənarda ən məşhur bədii kollektiv “xalq” titulu qazanan “Halay” mahnı və rəqs ansamblıdır. Ansambl 1956-cı ildə Mahmudavar kəndində yaradılıb.
“Halay”ın 3 heyəti var: veteranlar kollektivi, indiki nəsil və gənclər. Veteran iştirakçıların yaşı 45-dən 60-a qədər dəyişir, ansamblın hazırkı vokalçılarının yaş tərkibi isə 17-35 arasıdır. “Halay”ın veteranlarını tez-tez məşhur “Buranovskiye babuşki” kollektivi ilə müqayisə edirlər. Bircə fərq var: “Halay” daha əvvəl yaranıb! Ansamblın bütün heyətləri müntəzəm olaraq məşqlər keçirir və auditoriya qarşısında çıxış edir. “Halay”ın çıxışları böyük bayram günlərində Masallı Mədəniyyət Evində olur. Ayda bir neçə dəfə ansambl müxtəlif istirahət zonaları və sanatoriyalarda (İstisu, Daştvənd, Gölüstü və s) dincələnlərin qarşısında çıxış edir. “Halay” qonşu rayonlarda da tez-tez konsertlər verir. Bundan başqa, ansambl dəfələrlə Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Türkiyə, İraq, Macarıstan və digər ölkələrdə çıxış edib. “Halay”ın repertuarına talış, Azərbaycan, İran xalq mahnıları, rəqslər və səhnəciklər daxildir. Bu mahnıların arasında “Lolu” (“Halay”), “Ayləli”, “Bu Leyli”, “Dilşadı”, “Masallı”, “Vağzalı”, “Mirzəyi” “Dilbər” kimi tanınmış xalq motivləri var. Onlar parlaq və rəngarəng mahnı-rəqs səhnəciklərinə quruluş vermək üçün əsas kimi xidmət edir. Ansamblın tamaşalarında Masallı sənətkarlarının yaratdığı gözəl milli geyimlər və rekvizitlərdən istifadə olunur.
Təsadüfi deyil ki, Masallı rayonunda Azərbaycanda və digər ölkələrdə yaşayan müxtəlif etnik qrupların fərqli xalq sənəti, adət və mədəniyyətini canlandırmaq, qorumaq və inkişaf etdirməyə xidmət edən iki Beynəlxalq Folklor Festivalı keçirilib. Xalq ənənələri ilə zəngin olan Masallının özü 2012-ci ildə Azərbaycanın folklor paytaxtı elan edilib.
Masallı barədə danışarkən çox zəngin, çeşidli və qədim tarixi olan talış mətbəxi mövzundan yan keçmək mümkün deyil. Rayondakı arxeoloji qazıntılar zamanı daş və gildən hazırlanmış mətbəx əşyaları aşkar edilib: e.ə. III-I əsrlərə aid piyalələr, su qabları, tavalar, kuzələr.
Rayonda çeşidli düyü yeməkləri, o cümlədən azı 20 adda plov hazırlayırlar: paxla plov, lobya plov, turşulu aş, lobya aşı, ayran aşı (dovğa). Həmçinin talış mətbəxinə 23 növ ət yeməkləri, 9 növ balıq yeməkləri, 8 növ sıyıq, 5 növ omlet, 23 növ meyvəli yeməklər, müxtəlif “sırdağ” (qızardılmış badımcan) və digər yeməklər daxildir. Yalnız Masallıda təndirdə bişirilən, içi qoz-fındıq, soğan, sumax ilə doldurulan toyuq və balıq ləvəngiləri geniş yayılıb.
Masallı camaatının yeməkləri mövsümdən asılı olaraq dəyişir. Məsələn, may ayında bu bölgədə lobyalı-şüyütlü yağlı plova üstünlük verilir. Yazda həmçinin ətirli otlar və alma sousu ilə kahı dəbdədir. Bundan başqa, burada fərqli dadlı yeməkləri sevirlər. Məsələn, hisə verilmiş balığı süfrəyə plov və ya şirin qarpızla verirlər.
Masallıya səyahət edərkən hər dəfə yeni bir şey kəşf etmək olar. Bu səxavətli bölgədə keçirilən hər gün unudulmaz təəssüratlarla zəngindir və Azərbaycana səfər edən istənilən turistin həyatında parlaq səhifə olacaq.