Masallıda kənd təsərrüfatı sürətlə inkişaf edir
Bir vaxtlar ümumittifaq bostanı kimi şöhrət tapan rayonumuzun bazar-dükanlarında xaricdən və ya ölkənin başqa bölgələrindən gətirilən tərəvəz məhsullarını görəndə təəssüflənirsən. Axı Masallı həmişə bazarlara faraş və keyfiyyətli tərəvəz çıxaran rayon olub. Artıq rayonda torpağa münasibət hamıya aydındır. Min hektarlarla torpaq əkilməmiş qalır. Xeyli sahəni kol-kos basıb. İqtisadi səmərəsi az olan taxıl əkini də adamların dolanışığını yaxşılaşdırmağa malik deyil.
Rayon rəhbərliyinin bu istiqamətdə göstəriş və tövsiyələri bəhrə verməkdədir. Son illər təsərrufatlarda yeni əkin sahələrinin yaradılmasına başlanılıb. Çay, sitrus bitkiləri, kivi, çiyələk, tütün, çəltik və s. əkilməsi təqdirə layiqdir.
Çox vaxt qıtlıqdan, bahaçılıqdan narahat oluruq. Tanrı bu torpağı bizə yaşamaq, rifahımızı yaxşılaşdırmaq üçün veribsə onu kim əkib-becərməlidir? Kənddə yaşayırıqsa bu, bizim ümdə vəzifəmizdir. Bəzilərinin həyət-bacasında bir ağac belə tapmaq olmur.
Kəndlərdə tez-tez olur, bu mövzuda adamlarla söhbət edirik. Əksəriyyəti də torpağı əkib-becərmək iqtidarında olmadığını söyləyir: texnikamız yoxdur, gübrə tapa bilmirik, su çətinliyi var, üstəlik hasilə gətirdiyimiz məhsul üçün bazar tapılmır. Bu məsələ ölkə rəhbərliyini, mütəxəssisləri, iqtisadçıları da narahat edir.
Sovetlər birliyi dağılandan sonra ilk öncə Azərbaycanda torpaq islahatı aparıldı. Bu da hamının ürəyincə oldu. Ancaq torpaqdan istifadə qaydaları özbaşına buraxıldı. Nəticədə min hektarlarla çay, üzüm sahələri məhv edildi. Rahat olsun deyə çoxları taxılçılığı seçdi. Tərəvəz, çay, üzüm kimi iqtisadi səmərəsi çox olan sahələr unuduldu. Daha sonra isə əkilməmiş, qayğıdan məhrum torpaq dəyərsizləşdi. Hamının torpağı var, əkin-biçin yox. Bəs bolluq necə yaradılmalıdır?
Sirr deyil ki, çoxlarının torpağını əkib-becərməyə imkanı yoxdur. Deməli payçılar birləşib iri fermer təsərrufatı yaratmalıdırlar. Bəziləri “birləşmə” sözündən qorxur, torpağı əlindən çıxar deyə fikirləşir. Bu birləşmədə məcburiyyət yoxdur. Sadəcə hamı bilir ki, güc birlikdədir. Birinin torpağı, digərinin texnikası, bir başqasının xarici bazara çıxış imkanı var. Yeni iqtisadi reallıqlar ölkəmizdə aqrar sektorun inkişafının vacibliyini ortaya qoyur. Bu inkişafı təmin etmək üçün həyata keçirdiyi müxtəlif vasitələr, önəmli təkliflər var. Belə səmərəli layihələrdən biri də kiçik torpaq sahiblərinin iri fermer təsərrufatında birliyidir.
Bu yaxınlarda “Kənd təsərrufatı kooperasiyası haqqında” qəbul edilmiş qanun məhz fermer təsərrufatlarının yaradılması və kiçik torpaqların heç bir məcburiyyət olmadan, könüllü şəkildə birləşməsinə xidmət edir.
Rayonumuzda bu sahədə ilk addım Qızılağacda atılmışdır. Artıq burada taxılçılıqla birgə tərəvəzçilik də inkişaf etdirilir. İki yüz hektara yaxın sahədə tərəvəz yetişdirilir ki, istehsal edilən məhsulun yerləşdirilməsi üçün yalnız bir şəxs məsuldur.
Birləşmə deyəndə çoxu kolxoz-sovxoz təsərrufatını düşünür. Ancaq söhbət adamların öz aralarındakı könüllü birləşmədən gedir. Belə iri təsərrufatlara dövlət də qayğısını əsirgəmir, texnikada, gübrədə kömək göstərir. Aqrolizinqlər yaradılıb, digər güzəştlər edilir. Şübhə yoxdur ki, yüksək məhsuldarlıq əldə etmək, yaxşı gəlir gətirmək üçün birləşmək vacibdir. Axı atalar nahaq deməyiblər ki, güc birlikdədir, tək əldən səs çıxmaz.
Etiraf edək ki, torpaqların birləşməsinə etiraz edən, hətta əks təbliğat aparanlar olduğundan bu sahədə ciddi maarifləndirməyə də ehtiyac var. Torpaq sahibi bu birliyin mahiyyətini yaxşı dərk etməli, onun üstünlüyünü başa düşməlidir. Bu münasibət isə bir vaxtlar rayonumuzun inkişafında mühüm rol oynayan çayçılıq və tərəvəzçiliyin yenidən dirçəldilməsinə təkan verəcəkdir. Bu, ölkəmizdə kənd təsərrufatı kooperasiyasının formalaşmasında dönüş nöqtəsi olacaq, aqrar sektorun inkişafında mühüm əhəmiyyət kəsb edəcəkdir.