Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 2016-cı ilin I yarısına həsr olunmuş Şura iclası

14 iyul 2016 | 16:00

14 iyul 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində 2016-cı ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası  keçirilmişdir.
  Yığıncağı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq toplantı iştirakçılarının salamlamış, 2016-cı ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran məsələlər barədə məruzə ilə çıxış edərək vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə 10 iyul  2016-ci il tarixdə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, 2016-cı ildə dünyanın müxtəlif bölgələrində hərbi toqquşmalar, müharibələr davam edir, yeni münaqişə ocaqları yaranır, dünyada təhlükələr artır. Eyni zamanda, ilin əvvəlindən və ondan əvvəlki dövrdən başlayaraq dünyada iqtisadi böhran daha da dərinləşir və demək olar ki, bütün ölkələr bu və ya digər formada bu böhrandan əziyyət çəkir.
        Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2016-cı ilin birinci yarım ili sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
     Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş  bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Belə ki, şəhərin Qurtuluş, R. Abbasov küçələrində yeni səkilərin, müasir işıqlandırma sistemlərinin qurulması işləri başa çatdırılmışdır. Ümumi uzunluğu 5,5 km olan Heydər Əliyev prospektinin 3,3 km hissəsində prospekt boyu genişləndirilmə işləri aparılmışdır. Belə ki, həmin hissə  genişləndirilərək eni 14 metrə çatdırmış, hər iki tərəfdə yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi quraşdırmışdır. Hazırda prospektdə işlər yekunlaşmaq üzrədir. Bundan əlavə prospektin asfaltlaşdırılması ilə əlaqədar aidiyyəti qurumlara müraciətlər ünvanlanmış və müsbət nəticə əldə olunmuşdur.
      Müvafiq Dövlət Proqramları çərçivəsində və Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Masallıda təhsil infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu çərçivədə rayonda  47 yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Son dörd ildə isə 15 yeni məktəb binası tikilmiş və 3 məktəb isə əsaslı təmir olunmuşdur. Həmçinin 5 bağça binası əsaslı təmir olunmuş, 3 bağçanın tikintisi isə başa çatdırılmaq üzrədir. Hazırda 4 məktəbin- 180 yerlik Şatıroba, 140 yerlik Çayqıraq, 140 yerlik Dəlləkoba və 120 yerlik Köhnə Zuvand kənd ümumi orta məktəblərinin binalarında son tamamlanma işləri aparılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 100 yerlik Masallı şəhər 5 saylı, 60 yerlik şəhər 2 saylı,  40 yerlik Sərçuvar kənd uşaq bağçalarının binalarında tikinti işləri başa çatdırılmış və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
      Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülmüşdür. Son dörd il ərzində ümumilikdə 15 həkim məntəqəsi tikilmiş, iki sahə xəstəxanası əsaslı təmir edilmiş, Mərkəzi rayon xəstəxanasının isə əsaslı təmirinə başlanılmışdır. Hesabat dövründə  Xıl, Səmidxan, Gəyəçöl kənd həkim məntəqələri tikilərək istifadəyə verilmişdir. Hazırda rayon Mərkəzi xəstəxanasının əsaslı təmiri və Lürən, Məmmədoba, Yeyənkənd həkim məntəqələrinin tikintisi davam etdirilir.
      Son illər mədəniyyət obyektlərində əsaslı yenidənqurma və tikinti işləri aparılmışdır. Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına inşa edilən Masallı Tarix-Diyarşünaslıq muzeyində və Uşaq İncəsənət məktəbində tikinti işləri başa çatdırılmışdır. Hər iki binanın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.           
        Masallı şəhərində böyük bir layihə - Viləş Park Bulvar kompleksinin tikintisinə start verilmiş və çay yatağının beton məcraya salınması işlərinə başlanılmışdır. İlkin olaraq ümumi uzunluğu 750 p/m olan beton bəndin 340 p/m hissəsində işlər yekunlaşmışdır. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır.
       2015-ci ildə ümumi sahəsi 11000 m2 olan Bayraq meydanının və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin tikintisinə başlanılmışdır. Meydanın ətrafına ümumi uzunluğu 280 p/m və hündürlüyü 0.7 m olan hasar çəkilmiş və 64 metr hündürlükdə bayraq dirəyi quraşdırılmışdır. Hazırda Azərbaycanın Dövlət Rəmzləri Muzeyində son tamamlama işləri başa çatdırılmışdır. Meydanın ərazisində fontan, müasir işıqlandırma sistemləri quraşdırılmış və yaşıllıq zolaqları salınmışdır.
      2016-cı ilin birinci yarım ilində  “ASAN HƏYAT” kompleksində də tikinti işləri davam etdirilmişdir. Birinci mərhələdə tikintisi nəzərdə tutulan “ASAN HƏYAT” kopleksinin xidməti binasında son tamamlanma işləri sürətlə davam etdirilir. Hazırda “ASAN HƏYAT” kompleksinin ərazisində kafe, rəsm qalereyası, iki mərtəbəli kinoteatr, iaşə və xidmət obyektlərinin tikinti işləri həyata keçirilir. Eyni zamanda Viləş çayının məcrasında yerləşən adada “ASAN HƏYAT” kompleksinə daxil olacaq istirahət guşəsinin tikintisi yekunlaşmaq üzrədir.
    Hesabat dövründə Masallı rayon məhkəməsinin inzibati binasının təməli qoyulmuş və tikinti işlərinə başlanılmışdır.
   Eyni zamanda 2016-cı ilin birinci yarım ilində  Masallı rayon Kənd təsərrüfatı idarəsinin inzibati laboratoriya binasında tikinti işləri başa çatdırılmışdır. Hazırda burada son tamamlanma işləri görülür və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
    Masallı rayonunda sosial mənzillərin inşasına başlanılması nəzərdə tutulur. Yaxın vaxtlarda bu sosial layihənin həyata keçirilməsi üçün addımlar atılacaqdır. 
    Rüb ərzində rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 % artaraq 258,4 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,8 faiz artaraq 27,5 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 12,8 faiz artaraq 56,8 milyon manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5,6 faiz artaraq 35,8 milyon manat olmuşdur.
     Rüb ərzində adambaşına düşən pul gəlirləri 1131,0 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 300,1  manat olmuşdur.
     2016-cı ilin birinci yarım ilində Masallı rayonunun gəlirləri 15 milyon 556 min 057 manata qarşı 16 milyon 975 min 236 manat və ya 109,1 % icra olunmuşdur. O cümlədən yerli gəlirlər üzrə 3 milyon 690 min 700 manata qarşı 3 milyon 940 min 236 manat və ya 106,7 faiz icra olunmuşdur. Rayonun yerli xərcləri isə 15 milyon 556 min 057 manata qarşı 11 milyon 791 min 033 manat və ya 75,7 % icra olmuşdur.
     Qeyri neft sektorunun inkişafı, sahibkarlara münbit şəraitin yaradılması cənab Prezidentin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara davamlı kreditlərin verilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. Dəfələrlə qeyd etdiyimiz kimi bir daha vurğulamaq istəyirəm ki, sahibkarlara hər cür kömək göstərmək və onları narahat edən problemlərin aradan qaldırılması üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Ona görə də xüsusilə də rayonumuzdan olan sahibkarları Masallıya dəvət edir və onları əmin edirəm ki, onların rahat işləmələri üçün hər cür şərait yaradılacaqdır.
     Rayonda əmək bazarının mövcud vəziyyətinin qiymətləndirməsi və kadr potensialına dair müvafiq proqnozların hazırlanması məqsədilə mərkəzləşdirilmiş məlumat bazasının yaradılması qərara alınmışdır. Həmçinin dövlət müəssisələrində açılmış vakant iş yerlərinə rayon Məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmış vətəndaşların ilk növbədə növbəlik siyahısı üzrə işlə təmin olunmasına  nəzarət olunmuşdur.
     2016-cı ilin birinci yarım ilində Masallı Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 2894 nəfər müraciət etmiş və qeydiyyata alınmışdır ki, onların da 456-sı qadınlardır. Qeydiyyata alınanlardan  897 nəfərinə göndəriş verilmiş və onlardan 863 nəfəri işlə təmin olunmuşdur ki, bunların da 87 nəfərini qadınlar təşkil edir.
     2016-cı ilin birinci yarım ilində rayonun kənd meşə balıqçılıq təsərrüfatında 9,6 min manatlıq məhsul istehsal edilmişdir. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 158,0 manat olmuşdur.
     1 iyun 2016-cı il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 73196 başa, xırda buynuzlu mal-qaranın baş sayı 84911 başa çatmışdır. Birinci yarım ildə süd istehsalı 26952,2 tona, ət istehsalı 3225,5 tona, yumurta istehsalı 35 milyon 396 min ədədə çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
     Rayonda 11582 ha taxıl, ondan 8141 ha buğda, 3441 ha arpa bundan əlavə 1539 ha dənlik vələmir əkini aparılmışdır. Eyni zamanda rüb ərzində 1043,5 ha kartof, 492,7 ha bostan və 2542 ha tərəvəz əkilmişdir. Hal hazırda  əkinlər davam etdirilir.
     2016-cı ilin birinci yarım ilində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 10,6 ton kartof, 5,6 ton soğan, 1 ton kələm, 2,5 ton badımcan, 950 kiloqram lobya, 730 kiloqram noxud, 690 kiloqram mandarin, 5950 ədəd yumurta göndərilmişdir.
     210 mindən çox sakini olan Masallı rayonunda əhalinin 90%-ə qədəri kəndlərdə yaşayır və əkinçiliklə məşğul olur. Dəfələrlə qeyd etdiyimiz kimi Masallı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi və gəlirli sahəyə çevrilməsi qarşımızda duran ən prioritet məsələdir.
    Eyni zamanda çayçılığın inkişaf etdirilməsi məqsədi ilə bu il 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınması üçün hazırlıq işlərinə başlanmışdır. Həmin ərazidə yol, suvarma suyu, enerji infrastrukturunun yenidən qurulması nəzərdə tutulur. Yaxın gələcəkdə bu gəlirli sahənin rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar vardır. Bu qədər yaşıl çay sahəsinin salınması idxaldan asılılığı azaltmaqla yanaşı, həm də ən azı 7000 iş yerinin yaradılmasına imkan verə bilər.
     Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrinin saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisəsinin tikilməsi zərurətini yaratmışdır.
     Masallı rayonunda Sənaye məhəlləsinin yaradılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 13 iyun 2016-cı il tarixdə Sərəncam imzalanmışdır. Artıq rayonda Sənaye məhəlləsinin tikilməsi üçün hazırlıq işlərinə başlanılmışdır. Masallı şəhər ərazisində Sənaye məhəlləsinin yaradılması məqsədi ilə 10 ha torpaq sahəsi vətəndaşlardan alınmış və müvafiq sənədləşmə işləri başa çatdırılmışdır. Hazırda bununla əlaqədar rayondan olan kiçik və orta sahibkarlarla müzakirələr aparılmış və yaradılacaq sənaye məhəlləsində fəaliyyət göstərmək istəyən sahibkarlar barədə müvafiq məlumatlar toplanılmışdır. Sənaye məhəlləsinin tikintisi Masallı iqtisadiyyatının sürətli inkişafına və təkmilləşməsinə yeni təkan verəcəkdir.
   2016-cı ilin birinci yarım ilində 22 saylı Yol İstismar İdarəsi tərəfindən rayonun bir sıra yollarında təmir işləri aparılmışdır. Belə ki, respublika əhəmiyyətli Ələt-Astara avtomobil yolunun 154-179-cu km-də (26 km) bitum-qırmadaş materialları ilə təmir işləri aparılmış, yolun körpülərinin məhəccərləri , piyada yolları təmizlənmişdir. Yerli əhəmiyyətli Ərkivan-Boradigah-Rüdəkanar avtomobil yolunun 0-16-cı km-i asfalt betonla cari təmir edilmişdir. Eyni zamanda Masallı-Qızılağac avtomobil yolunun 3,4 km-də cari təmir işləri aparılmışdır. Bundan əlavə 2016-cı ilin birinci yarım ilində Tüklə, Şatıroba-Qəzvinoba, Tatyan, Yolağac, Təzəkənd, Masallı-Köhnə Alvadı avtomobil yollarında hamarlama işləri görülmüşdür.
    Rüb ərzində Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 60000 m3 həcmində və 21 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparıldığından bu şəbəkələrə texniki baxış keçirilərək təmir işləri görülmüşdür.            
      Hesabat dövrü ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 20 ha sahədə torpaq hazırlığı, 16 ha sahədə meşə səpini, 5 ha sahədə meşə əkini işləri aparılmışdır.
      Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.
      Rüb ərzində rayon ərazisində vətəndaşların xüsusi mülkiyyətində olan mal qara arasında 808 baş iribuynuzlu heyvan mayalandırılmış və onlardan 157 baş sağlam bala alınmışdır.
      Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən rüb ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 2655,9 min manata qarşı 3136,9 min manat və ya 117,9 %, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 849,2 min manata qarşı 644,9 min manat və ya 75,6 % yerinə yetirilmişdir. Şöbədə hazırda 27 min 491 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 625 nəfərə əmək pensiyası təyin olunmuşdur.
      2016-cı ilin birinci yarım ilində Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 1406 ailə Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmiş, onlardan 1159 ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyinatı aparılmış, 247 ailənin tələbindən qanuna müvafiq olaraq imtina edilmişdir.
    2016-cı ilin birinci yarım ilində Masallı Elektrik şəbəkəsi tərəfindən 110 və 220 kvt-lıq yarımstansiyalarda təmir bərpa işləri aparılmış, 114 ədəd dəmir beton, 41 ədəd isə ağac dayaq dəyişdirilmişdir. Hesabat dövründə enerji haqlarının yığılmasından ötrü görülmüş tədbirlər öz bəhrəsini vermişdir. Bunun nəticəsidir ki, enerji haqlarının yığılması 90 % təmin olunmuşdur. Lakin Masallı Elektrik şəbəkəsinin rəhbərliyi bununla kifayətlənməməli və bu istiqamətdə artım davam etməlidir.
    2016-cı ilin birinci yarım ilində Tüklə kəndi ərazisində 110/35/10 kVt-luq   gücə malik Boradigah yarımstansiyasının tikintisinə başlanılmış və hazırda tikinti işləri davam etdirilir.     
     Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar rayonun Qızılağac, Hüseynhacılı, Öncəqala, Sığdaş, Xanalyan, Qodman, Babaküçə, Qasımlı, II Yeddioymaq və Məmmədoba kəndlərində daşıyıcı orta təzyiqli qaz kəmərlərinin çəkilişi yekunlaşıb hazırda sayğaclaşma işləri davam etdirilir. Rüb ərzində  Sirəbil kəndinə yeni qaz xəttinin çəkilişi yekunlaşmış və 143 abonent qazla təchiz edilmişdir. Hazırda rayon üzrə qaz alan abonentlərin sayı 32352 nəfərdir.
     Hesabat dövründə borca görə Ərkivan qəsəbə, Qəriblər və Kosakül kəndlərinə təbii qazın verilişi dayandırılmışdır. Lakin qeyd olunan məsələdə təkcə abonentləri günahlandırmaq olmaz. Belə ki, Qaz İstismar İdarəsi tərəfindən borclu olan abonentlərə qarşı vaxtında təsiredici tədbirlər görülmədiyindən vəziyyət bu həddə gəlib çıxmışdır.
    Eyni zamanda ümumilikdə həmin ərazilərə qaz verilişinin dayandırılması borcu olmayan abonentlərin narazılığına səbəb olmuşdur. Hazırda həmin ərazilər qazla təmin edilib və yalnız borcu olan abonentlərin qaz təchizatının dayandırılması işləri davam etdirilir.
     Qaz İstismar İdarəsi əhalinin  normal təzyiqli təbii qazla təminatından ötrü sərf olunan qaz haqlarının hər ay vaxtında yığımını təşkil etmək məqsədilə cavabdeh şəxslərə qarşı tələbkarlığı artırmaqla mövcud problemlərin qısa vaxt ərzində həllini təmin etməlidir.
      Azərbaycan hökumətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən 2012-ci ildə Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Hazırda şəhər ərazisində içməli su xətlərinin çəkilişi başa çatdırılmış və sayğacların quraşdırılması davam etdirilir. Masallı şəhəri üzrə kanalizasiya xətlərinin çəkilişi yekunlaşmaq üzrədir.
    “Azərsu” ASC-i “Birləşmiş Sukanal” MMC tərəfindən  ümumilikdə 110 min əhalinin yaşadığı 38 kəndə içməli su xəttinin çəkilişinə başlanılmışdır. Lazımi maliyyə vəsaiti ayrılmasa da hazırkı vaxta qədər 20 km xətt çəkilmişdir. Mənbəyini Viləşçay su anbarından alan bu xətt vasitəsilə əhalimiz ən yüksək keyfiyyətli su ilə təmin ediləcəkdir. Yaxın vaxtlarda ilk növbədə Şərəfə, Məmmədxanlı, Kürdəbaz kəndləri ilə yanaşı daha bir neçə kəndə içməli suyun verilməsi gözlənilir. 
    Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən rüb ərzində yerinə yetirilən sanitar təmizləmə işlərinin həcmi artırılaraq gündəlik  340950 m2-ə çatdırılmışdır. Ərazidən gündəlik daşınan bərk tullantıların həcmi 140 m3 olmuşdur. Atılan bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanmışdır.
    Şəhərin küçə və prospektlərində yığıla biləcək yağış və qar sularının axıdılması üçün su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtlı-vaxtında təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən daim diqqət mərkəzində saxlanılmalıdır.
    2016-cı ilin birinci yarım ilində rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
    2016-cı ilin altı ayında rayonda 1335 nəfər uşaq doğulmuşdur. Bundan əlavə vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmiş və altı ay ərzinə 1310 nəfər uşağa vərəm əleyhinə BSJ peyvəndi vurulmuşdur.
    İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi diqqət mərkəzindədir. Xüsusilə (şəkərli diabeti) olan 5128 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir.
    Respublika Prezidentinin tapşırığına uyğun olaraq 15 fevral 2016-cı il tarixdən  əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış və bu iş davam etdirilir. Hazırda 161724 nəfər tibbi müayinədən keçirilmişdir. Müayinələr zamanı 5925 nəfərdə xəstəlik aşkar olunmuş, onlardan 5635 nəfəri ambulator, 288 nəfəri stasionar müalicəyə cəlb edilmişdir. 187 nəfər isə Bakı şəhərinə göndərilmişdir.
      Hazırda əhalinin tibbi müayinəsi ilə bərabər uşaqların icbari dispanserizasiyası da davam etdirilir. 2016-cı ilin altı ayı ərzində 23224 uşaq müayinə edilmişdir ki, bunlardan 2071 nəfər uşaqda müxtəlif xəstəliklər aşkarlanmış və onlar dispanser qeydiyyatına alınmışdır. 214 nəfər uşaq daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə göndərilmişdir.
      Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi ikinci rüb ərzində mütəmadi olaraq  yoluxucu xəstəliklərə qarşı peyvəndlər aparmışdır. Hesabat dövründə rayon üzrə 5 adda yeyinti məhsuluna gigiyenik sertifikat alınmışdır.      
     Masallı Dezinfeksiya Stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlərdə 64000 m2 sahədə gəmiricilərə qarşı mübarizə, 59600 m2 sahədə isə həşəratlara qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.
Şura iclasında çıxış edənlərdən Masallı rayon Kənd təsərrüfatı idarəsinin rəisi Seymur Nuriyev, Masallı rayon Viləşçay Su Anbarı İstismar idarəsinin rəisi Ağabəy Ağayev, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Əliyeva və başqaları 2016-cı ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı məlumat vermişlər.

Keçidlər