MASALLIDA MƏTBUAT İŞÇİLƏRİ İLƏ GÖRÜŞ
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov aprelin 5-də bölgə jurnalistlərini qəbul etmişdir. Görüşdə dövlət-mətbuat əlaqələrindən, KİV-in həyatımızdakı aparıcı rolundan danışılmış, rayonun iqtisadi inkişaf göstəricilərinə nəzər salınmış, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində Masallıda görülən abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən bəhs edilmişdir.
Görüşü giriş sözü ilə açan rayon rəhbəri dövlətimizin jurnalistlər üçün müəyyən etdiyi vəzifələrdən danışmış, mətbuatı cəmiyyətə düzgün istiqamət verən qurum kimi dəyərləndirmişdir.
Rayon icra hakimiyyətinin başçısı demişdir:
- Respublikamızın inkişafı fonunda regionlar da sürətlə tərəqqi edir. Masallıda da inkişaf var. Bunun bir qolu iqtisadiyyatın yüksəlişi, abadlıq və quruculuq tədbirləri, həyata keçirilən infrastruktur layihələrdirsə, digər aparıcı xətti mənəvi dəyərlərimizin təbliğində qazanılan uğurlardır.
Keçən il Masallının Azərbaycanın Folklor Paytaxtı elan edilməsi rayonda bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi ilə nəticələndi. Bunlardan ən yadda qalanı Beynəlxalq Folklor Festivalı idi ki, burada dünyanın onlarca ölkəsindən gələn folklor kollektivləri xalqlarına məxsus mənəvi dəyərləri nümayiş etdirdilər. Festivalın davam etdiyi günlər Masallı xüsusi qonaqpərvərlik göstərmiş, xalq sənəti nümayiş etdirilmiş, qonaqlar rayonun görməli yerlərini gəzmiş, şəhərdə, qəsəbə və kəndlərdə konsertlər vermişlər.
Masallı camaatının dilindən alınıb toplanmış “Masallı folklor örnəkləri” kitabının bu tədbirlərin davamı olduğunu bildirən natiq rayonun folklorunu toplum şəkilə salınmasında, ictimailəşdirilməsində zəhməti olanlara təşəkkür etdi. Bildirdi ki, “Halay”la yanaşı hazırda bir sıra folklor kollektivləri, rəqs qrupları yaradılıb. Masallı ikinci Beynəlxalq festivala ev sahibliyi etməyə hazırlaşır.
Diqqəti iqtisadiyyatın inkişafına, daha sərfəli təsərrüfat sahələrinin axtarışı istiqamətində görülən tədbirlərə cəlb edən natiq bunu rayonda torpaqların azlığı ilə əlaqələndirib bildirdi ki, cəmi 23 min hektar əkin sahəsi var. Bundan 12 min hektarı taxıl altındadır. Nəzərə alanda ki, Masallı şəraitində taxılın hər hektarından 1-2 ton məhsul götürülür, özü-özlüyündə daha sərfəli təsərrüfat yaradılması zərurəti meydana çıxır. Belə təsərrüfatlar var.
İqtisadi təhlil aparan natiq bildirdi ki, hazırda mövcud olan 11 hektar istixana təsərrüfatından əldə olunan gəlir 12 min hektarlıq buğdanın gəlirindən çoxdur. İnsanların məşğulluğu üçün də birinci təsərrüfat daha əlverişlidir.
Həmçinin çiyələk və kartofçuluğun sərfəli olduğunu təhlili rəqəmlər göstərməklə diqqətə çatdıran rayon rəhbəri bu gün əkinçiliyin daha müasir tələblər səviyyəsində qurulması, lazım gələndə məhsulun yüksək texnologiya əsasında qorunub saxlanması, münasib bazar müəyyənləşdirilməsi kimi vacib məsələlərdən danışdı. Qeyd etdi ki, Rusiyada Masallıdan olan iş adamları yaşayır. Onların köməyindən istifadə edib mübadilə mərkəzləri yaratmaq olar. Bu istiqamətdə iş gedir. Bu, sahibkarlar səviyyəsində dövlətin dəstəyi ilə həyata keçirilir. Belə struktur yaransa əkinçilik sifarişçinin, bazarın tələbatına uyğunlaşdırılır, daha çox fayda əldə edilir.
Vaxtı ilə Masallı Rusiyaya faraş kələm göndərirdi. Rusiya və Ukrayna bizdən məhsul almağa meyillidir. İstehsalçını, mütəxəssisi, meneceri birləşdirən kooperasiyalar yaradılsa yaxşı məhsul yetişdirilər və sərfəli bazar tapılar. Çayçılıq təsərrüfatının bərpası istiqamətində görülən tədbilərdən danışılmışdır.
Rayonda görülən tikinti-abadlıq işlərinə, həyata keçirilən qlobal layihələrə diqqəti çəkən natiq demişdir:
- Rayonda 100 min əhali suyu maşınlardan alır. Bu problemin aradan qaldırılması üçün hazırlanmış layihə həyata keçirilir. Bunun üçün Masallının özünün su ehtiyatlarından – Viləşçay su anbarında toplanmış dağ suyundan istifadə ediləcəkdir. Qaz çəkilişi ilə əlaqədar görülən iş razı salır. Muğan kəndlərinin bəzilərində qaz çəkilişi başa çatıb, digərlərində başa çatmaq üzrədir. Aprel ayından rayonda yolların asfaltlaşdırılması, təmiri işləri görüləcəkdir.
Keçən il beş məktəb binası istifadəyə verilmiş, iki uşaq bağçası yenidən qurulmuşdur. Bu il də beş məktəb istifadəyə veriləcək, Masallı 1 saylı və Kolatan kənd tam orta məktəbləri əsaslı təmir olunacaq. Daxili imkanlar hesabına 2 saylı şəhər tam orta məktəbinin təmiri nəzərdə tutulmuşdur. Allahyarlı kənd məktəbi də daxili imkanlar hesabına tikiləcəkdir. Bağçalar təmir ediləcək, bir bağça üçün bina tikiləcəkdir.
Diqqəti səhiyyə obyektlərinin tikintilərinə yönəldən natiq bu sahədəki tədbirlərdən, rayonda SİP kabelləşmə işlərindən, kəndlərdə yeni EATS-lərin qurulmasından, internet infrastrukturunun genişləndirilməsindən danışmışdır.
Natiq qeyd etmişdir ki, ictimai binaların həyətlərində yaşıllıqlar salınır, uşaqlar üçün əyləncə mərkəzləri qurulur. Eyni zamanda 36 ərazidə istirahət mərkəzləri yaradılır.
Natiq veteranlar evinin yaradılmasından, tənha adamlara, mərhəmətə ehtiyacı olanlara xeyirxahlıq tədbirlərindən danışdı.
Diqqəti bir sıra vətəndaşlar tərəfindən torpaqların zəbtinə, heç bir sənəd olmadan həmin sahələrdə tikililər salınmasına yönəldən natiq demişdir ki, vaxtilə Masallı şəhərinin keçmiş bələdiyyəsi tərəfindən göz yumulmuş bu hərəkət indi müəyyən çətinliklər törədir.
Rayon rəhbəri mətbuatla əlaqələrin dövlət tələbləri səviyyəsində qurulduğunu, qəzet səhifələrində dərc olunan yazılara münasibət bildirdi. Bu yazılarda qaldırılan məsələlər barədə danışdı.
Bu əlaqələrin günün tələbləri səviyyəsində olduğu jurnalistlərin də çıxışlarında vurğulandı.
Görüşdə Masallıda görülən işlər təqdir olundu.
Azər TAc-ın müxbiri Bağır Əliyev dedi:
- Masallıda görülən tikinti-abadlıq işləri möhtərəm prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətin bəhrəsidir. Bu bir ildə şəhərdə nə iş görülübsə çox zövqlü şəkildə, müasir üslubda, estetik baxımdan insana zövq verəcək dərəcədədir. Böyük infrastruktur layihələrin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilən çoxsaylı tədbirlər də sevindiricidir. Masallının inkişafında sizə dəstək olmağa çalışacağıq.
Sonra digər KİV-nümayəndələrindən “Cənub xəbərləri” qəzetinin redaktoru Zahir Əmənov, “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov və digərləri görüşün işgüzar və səmərəli keçdiyini qeyd edib bildirdilər ki, bu tədbir rayon haqqında daha ətraflı məlumat əldə etməyə imkan verdi.
Görüşdə rayon icra hakimiyyətinin başçısı jurnalistlərin müxtəlif mövzularda verdiyi sualları cavablandırmışdır.