Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA QADIN RESURS MƏRKƏZİNİN AÇILIŞI

06 oktyabr 2016 | 16:00

06 oktyabr 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində gənclərin və qadınların məşğulluğuna dəstək məqsədilə Qadın Resurs, SYSLAB Gənclərin Məşğulluq və Təlim-Tədris Mərkəzlərinin açılışı və “ASAN həyat” kompleksindəki “ABAD” layihəsinin təqdimatı olmuşdur.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Azərbaycan Hökuməti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Azərbaycandakı BMT İnkişaf Proqramı (BMTİP),Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən "Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək" layihəsi ilə bağlı Masallı şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə gənclər, rayonda fəaliyyət göstərən qadın təşkilatlarının təmsilçiləri, sahibkar qadınlar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində rayonda görülən işlərdən danışaraq əhalinin məşğulluğunun təminatının diqqətdə saxlanıldığını, yeni açılan mərkəzlərin gənclərin və qadınların məşğulluğunun dəstəklənməsində əhəmiyyətini yüksək dəyərləndirmişdir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev gənclərin məşğulluğuna və iqtisadi inkişaf proseslərində fəal iştirakına şərait yaradılmasınınPrezident İlham Əliyevin sosial-iqtisadi inkişaf kursunun əsas komponentlərindən biri olduğunu vurğulayaraq bildirmişdir ki, ölkəmizdə gənclərlə bağlı icra olunan mühüm Dövlət Proqramları, eyni zamanda  dövlət məşğulluq siyasəti gənclərin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımların atılmasına imkan yaradıb.
“Bu gün Azərbaycan gənclər arasında işsizliyin ən aşağı səviyyədə olduğu ölkələrdən biridir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması üzrə dolğun hüquqi bazası, iş təcrübəsi təqdim olunan ölkələr sırasına Azərbaycan da daxil edilib. Cari ilin may ayında BƏT-in beynəlxalq səviyyəli konfransı çərçivəsində təşkil olunan müsabiqədə ölkəmiz gənclərin məşğulluğunun dəstəklənməsi sahəsində MDB üzrə ən yaxşı iş təcrübəsi ilə seçilərək birinci yerə layiq görülüb, nümayəndə heyətimizə BƏT-in Diplomu təqdim olunub”-deyə o, bildirmişdir.
Ölkə gəncləri arasında iqtisadi fəallıq göstəricisinin də yüksəlməkdə olduğunu qeyd edən İ.İsayev diqqətə çatdırmişdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqaməti gəncləri əhatə edir:-“Cari ilin ötən dövründə də nazirliyin məşğulluq orqanlarının xətti ilə münasib işlərlə təmin edilənlərin təqribən 35 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin 65 faizi gənclərdən ibarət olub.
Eləcə də 2013-cü ilin dekabrında fəaliyyətə başlayan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində ötən dövrdə 870 nəfərdən çox gənc peşə hazırlığına cəlb olunub. Gənclərə peşəyönümü məsləhətlərinin verilməsi istiqamətində tədbirlər də  davam etdirilir. Pedoqoji işçilər və valideynlərlə birgə təşkil olunan bu tədbirlər gənclərin düzgün peşə seçiminə, bununla gələcəkdə əmək bazarında fəal iştirak edə bilmələrinə yönəlib”.
İ.İsayev gənclərlə bağlı aktiv məşğulluq tədbirlərinin təşkilində müasir dünya təcrübəsinə uyğun innovativ vasitələrdən istifadə olunduğunu vurğulamışdır: “BMT İnkişaf Proqramı ilə nazirlik arasında son illərdə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi gənclərin əmək bazarına inteqrasiyasında SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyasının tətbiqinə imkan verib.
Layihəyə əsasən, Bakı, Sumqayıt və  Gəncə şəhərlərində SYSLAB Təlim-Tədris Mərkəzləri yaradılıb və ilk dəfə işaxtaran ali təhsilli 452 nəfər gənc həmin mərkəzlərdə təlim kurslarına cəlb edilib. Onlar bu təlimlər zamanı  müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqlarına yiyələnib. Həmin gənclərdən 80 faizə yaxını bu bacarıqlardan faydalanaraq, ayrı-ayrı müəssisələrdə münasib işlərlə təmin olunublar”.
İ.İsayev  bildirmişdir ki, bu müsbət təcrübə cari ilin aprelində BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin imzalanmasına əsas yaradıb:-“2017-ci ilin sonuna qədər davam edəcək həmin layihə çərçivəsində hazırda Masallı rayonunda SYSLAB Təlim-Tədris Mərkəzi fəaliyyətə başlayır. Mərkəzdə təşkil olunan təlim kursları işaxtaran gənclərin SYSLAB metodologiyası əsasında müvafiq bacarıqlara yiyələnərək əmək bazarına çıxış imkanları əldə etmələrinə öz  töhfəsini verəcək.
Təlim kurslarında iştirakçılar üçün xüsusi ehtiyacları nəzərə alınmaqla müvafiq köməyin göstərilməsi üçün fərdi sessiyaların keçirilməsi də təmin olunacaq”.
İ.İsayev Masallı rayonunda yeni yaradılan Qadın Resurs Mərkəzinin də bölgədə qadınların iqtisadi və sosial həyatda iştirakının stimullaşdırılmasında, onların əmək bazarına inteqrasiyasında və məşğulluq imkanlarının reallaşdırılmasında əhəmiyyətli olacağını bildirmiş, hər iki mərkəzin fəaliyyətinə uğurlar arzulamışdır.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanla təmsil etdiyi qurum arasında səmərəli əməkdaşlığın uğurla davam etdiyini bildirmişdir.
Q.İsakzai gənclərin və qadınların sosial-iqtisadi həyatda fəal iştirakının ölkənin kənd rayonlarında inklüziv və davamlı inkişaf üçün vacib olduğunu, bu sahədə ölkəmizdə aparılan işlərdə yeni yaradılan bu mərkəzlərin fəal rol oynayacağına əminliyini ifadə etmişdir. O, uğurlu əməkdaşlıq üçün tərəfdaşlara minnətdarlığını bildirib, aparılan birgə işlərin bütün tərəflərin BMT-nin Davamlı İnkişaf Məqsədlərinə möhkəm sadiqliyini sübut etdiyini vurğulamışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova  qadın və uşaqların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün aparılan dövlət siyasətindən bəhs etmişdir. O, kənd və rayonlarda yaşayan qadınların sosial-iqtisadi fəallığının artırılması məqsədilə həyata keçirilən tədbirləri, o cümlədən BMT  İnkişaf Proqramı ilə əməkdaşlıq müstəvisində görülən işləri diqqətə çatdırmışdır.
S.Qəhrəmanova bölgələrdə Qadın Resurs Mərkəzlərinin yaradılmasının regionlarda qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqində mühüm rol oynadığını,  Masallı rayonunda açılan yeni Qadın Resurs Mərkəzinin də bu sahədə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirmişdir.
ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadi şöbəsinin rəhbəri Karter Uilbur belə tədbirlərin gənclərin və qadınların məşğulluğunun təmin olunmasında, ümumən sosial-iqtisadi həyatda fəal iştirak etmələrində önəmli dəstək olduğunu vurğulamışdır.
Tədbirdə artıq iş yeri əldə etmiş  SYSLAB layihəsiməzunlarına- 13 qadına və 8 gəncə sertifikatlar verilmişdir.
Qadın Resurs Mərkəzlərinin iştirakçısı olan qadınların biznes fəaliyyətinə dair nümunələr təqdim olunmuşdur.  Layihələr üzrə qısa təqdimatlar edilib, hər iki mərkəzdə yaradılmış şəraitə baxış olmuşdur.
Qonaqlar Masallı şəhərindəki Heydər Əliyev Parkında evdar qadınların əl işləri, yerli mətbəx, xalq tətbiqi sənəti nümunələri ilə tanış olmuş, “Halay” folklor kollektivinin  və uşaq rəqs qrupunun çıxışlarını izləmişlər, Uşaq İncəsənət Məktəbi və rayon tarix-diyarşünaslıq muzeyində olmuşlar.
Sonra qonaqlar ASAN həyat”kompleksində fəaliyyət göstərən xidmət sahələri və burada yaradılan şəraitlə yaxından tanış olmuşlar.
Tədbir “ASAN həyat”kompleksində“ABAD” (Ailə Biznesinə Asan Dəstək) layihəsinin təqdimatı ilə başa çatıb.

Keçidlər