2013-cü ilin I rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
Aprelin 24-də Masallı rayon Gənclər Mərkəzində 2013-cü ilin I rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncağı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq toplantı iştirakçılarının salamlamış, 2013-cü ilin I rübünün yekunları və qarşıda duran məsələlər barədə ətraflı çıxış edərək vurğulamışdır ki, Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2013-cü ilin birinci rübü sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Belə ki, şəhərin Z. Əliyeva, Azərbaycan, Füzuli, Dadva, Talışxanov və Qarabağ küçələrində geniş abadlıq və quruculuq, H. Əliyev mərkəzində isə yenidənqurma işləri aparılır.
Eyni zamanda YAP Masallı rayon təşkilatının, “Qəhrəmanlar ” parkının, “Ahıllar evi”nin tikintisində son tamamlama işləri görülür. Rayonun giriş və çıxış qapılarının tikintisi isə başa çatdırılmışdır. Bunlardan əlavə Qarabağ küçəsində məhəllələr abadlaşdırılır, ümumi yaşayış evlərinin dam örtükləri müasir üslubda dəyişdirilir. Həmçinin Boks və Taekvando mərkəzlərinin, Boradigah idman kompleksinin, məktəblərin, istilikxana və digər obyektlərin tikintisi aparılır.
2013-cü ilin birinci rübündə Masallı Rayon Məşğulluq Mərkəzinə 107 nəfər müraciət etmişdir. Onlardan 75 nəfəri işlə təmin olunmuşdur ki, onların da 49 nəfərini qadınlar təşkil edir.
Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% artaraq 45,7 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 6,7 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 9,8 faiz artaraq 13,6 milyon manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 0,8 faiz artaraq 15,3 milyon manat olmuşdur.
Rüb ərzində adambaşına düşən pul gəlirləri 443 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 247 manat olmuşdur.
2013-cü ilin birinci rübündə Masallı rayonunun yerli gəlirləri 7 milyon 394 min manata qarşı 6 milyon 42 min manat və ya 81.7 % icra olunmuşdur. Rayonun yerli xərcləri isə 7 milyon 394 min manata qarşı 5 milyon 858 min manat və ya 79.2% icra olmuşdur.
Qeyri neft sektorunun inkişafı, sahibkarlara münbit şəraitin yaradılması cənab Prezidentin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərfindən rayonumuzda olan sahibkarlara davamlı kreditlərin verilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. Dəfələrlə qeyd etdiyimiz kimi bir daha vurğulamaq istəyirəm ki, sahibkarlara hər cür kömək göstərmək və onları narahat edən problemlərin aradan qaldırılması üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Ona görə də xüsusilə də rayonumuzdan olan sahibkarları Masallıya dəvət edir və onları əmin edirəm ki, onların rahat işləmələri üçün hər cür şərait yaradılacaqdır.
2013-cü ilin birinci rübündə rayonun kənd meşə balıqçılıq təsərrüfatında 13.7 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 624 min manat və ya 4.8% çoxdur. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 150.7 manat olmuşdur.
1 aprel 2013-cü il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 72400 başa, xırda buynuzlu mal-qaranın baş sayı 80800 başa çatmışdır. Birinci rübdə süd istehsalı 11691 tona, ət istehsalı 1490 tona, yumurta istehsalı 19.077.000 ədədə çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
Rayonda 1027 ha taxıl, 7597 ha buğda, 2430 ha arpa və 1827 ha dənlik vələmir əkini aparılmışdır. Bundan əlavə 1420 ha kartof, 250 ha bostan və 1500 ha tərəvəz əkilmişdir. Hal hazırda tərəvəz əkini davam etdirilir.
Rüb ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 25.3 ton tərəvəz, 42 ton kartof, 2.1 ton ət, 200 litr qatıq, 6.1 ton balqabaq, 500 litr süd və 29700 ədəd yumurta göndərilmişdir.
210 min nəfər sakini olan Masallı rayonunda əhalinin 90%-ə qədəri kəndlərdə yaşayır və əkinçiliklə məşğul olur. Dəfələrlə qeyd etdiyimiz kimi Masallı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi və gəlirli sahəyə çevrilməsi qarşımızda duran ən prioritet məsələdir. Bu istiqamətdə müəyyənləşdirilən tədbirlərin həyata keçirilməsi, o cümlədən yeni bazarların tapılması işi sürətləndirilməlidir. Çünki məhsul istehsalına çox az bir dövr qalıb və vaxtımız çox məhduddur.
Eyni zamanda çayçılığın inkişaf etdirilməsi məqsədi ilə bu il 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınması üçün hazırlıq işlərinə başlanmışdır. Həmin ərazidə yol, suvarma suyu, enerji infrastrukturunun yenidən qurulması nəzərdə tutulur. Yaxın gələcəkdə bu gəlirli sahənin rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar vardır. Bu qədər yaşıl çay sahəsinin salınması idxaldan asılılığı azaltmaqla yanaşı, həm də ən azı 7000 iş yerinin yaradılmasına imkan verə bilər.
Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrinin saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisəsinin tikilməsi zərurətini yaratmışdır.
Tərəvəz əkini sahələrinin genişləndirilməsi, saxlama, çeşidləmə, qablaşdırma və nəqletmə kompleksinin qurulması ilə Masallının faraş tərəvəzinin təkcə yerli bazarlara deyil, böyük həcmdə qonşu ölkələrin bazarlarına da çıxarılmasına imkan yarana bilər.
Rüb ərzində Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 48000m3 həcmində və 19 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparıldığından bu şəbəkələrə texniki baxış keçirilərək təmir işləri görülmüşdür.
Hesabat dövrü ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 30 ha sahədə meşə səpini və əkini işləri aparılmış, 7 ha sahə kollardan təmizlənmişdir.
Mövsüm ərzində 35000 ağac və gül kolları əkilmişdir.
Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.
Lakin heyvandarlığın inkişafında mühüm rol oynayan süni mayalanmanın rayonda lazımi səviyyədə aparılmaması, bu sahənin gəlirli bir sahəyə çevrilməsinə mane olan əsas səbəblərdəndir. Heyvanların kəsiminə nəzarətin olmaması və ya formal xarakter daşıması əhalinin sağlamlığını birbaşa təhdid edir. Bu nöqsanlar dəfələrlə qeyd olunsa da hələ lazımı nəticə çıxarılmamışdır. Ona görə də rayon Baytarlıq idarəsinin rəhbərliyi mövcud problemlərin həlli məqsədilə xüsusi tədbirlər planı hazırlamalı və icrasını təmin etməlidir.
Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən rüb ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 1 milyon 53 min manata qarşı 1 milyon 54 manat və ya 100.1%, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 271.8 min manata qarşı 258.3 min manat və ya 95% yerinə yetirilmişdir. Şöbədə hazırda 26 min 504 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 197 nəfərə əmək pensiyası təyin olunmuşdur.
2013-cü ilin birinci rübündə Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 4327 ailə Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmiş, onlardan 4204 ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyinatı aparılmış, 14 ailənin tələbindən qanuna müvafiq olaraq imtina edilmişdir. Yardım təyinatı aparılmış ailələrə aylıq 576 min 90 manat vəsait ödənilmişdir. Həmçinin rüb ərzində 6241 nəfər vətəndaşa sosial müavinət təyinatı aparılmış və onlara 401756 manat vəsait ödənilmişdir.
Cənab Prezidentin tapşırığına əsasən cari ildə də ilin bütün fəsillərində gediş-gəlişi asanlaşdırmaq üçün ucqar kəndləri rayon mərkəzi ilə birləşdirən yolların çəkilməsinə və əsaslı təmiri işlərinin aparılmasına hazırlıq görülür. Belə ki, daha ağır vəziyyətdə olan Həsənli-Xırmandalı, Kürdəbaz-Qarğalıq, Seybətin-Səmidxan, Musaküçə-Lürən və Qodman-Qəriblər yolunun əsaslı təmiri ilə bağlı hazırlıq işlərinə başlanılmışdır.
Rüb ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 110 kvt-lıq yarımstansiyada təmir bərpa işləri aparılmış, 30 ədəd dəmir beton, 18 ədəd isə ağac dayaq dəyişdirilmişdir.
220 kVt Masallı yarımstansiyasında yenidənqurma və genişləndirmə işləri davam etdirilir.
Lakin enerji haqlarının toplanmasında istənilən nəticə əldə olunmamışdır və bu sahədə çətinliklər hələ də qalmaqdadır.
Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar hazırda Eminli, Qarğalıq, Kürdəbaz kəndlərinə yeni qaz xəttinin çəkilişi, Təklə kəndində və Ərkivan qəsəbəsində mövcud olan köhnə qaz xətlərinin yenidən quraşdırılması işləri davam etdirilir. Eyni zamanda I Yeddioymaq, II Yeddioymaq kəndlərində kənd daxili qaz xətlərinin 1743 p/m hissəsi və həmçinin I Yeddioymaq, II Yeddioymaq, Şıxlar, Qasımlı kəndlərini təbii qazla təmin edəcək daşıyıcı kəmərin 1161 p/m hissəsi çəkilib qurtarmışdır. Bununla bərabər Qaz İstismar Sahəsinin daxili imkanları hesabına rayonun Təzə Alvadı, Köhnə Alvadı, Şərəfə, Ağakişibəyli, Bədəlan və Miyənkü kəndlərində 1136 p/m qaz xətləri yeniləri ilə əvəz olunmuşdur. Çəkilmiş qaz xətləri üzərində 13 ədəd siyirtmə, abonentlərin mənzillərinə 1395 ədəd yeni qaz sayğacları quraşdırılmışdır. 544 ədəd istismara yararsız sayğaclar yeniləri ilə əvəz olunmuşdur.
Təbii Qaz haqlarının yığılması sahəsindəki vəziyyət də qənaətbəxş deyil və ciddi tədbirlərin görülməsinə ehtiyac var.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü il “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan edilmişdir.
Bu proses çərçivəsində Masallı rayonunda 55 yeni EATS binasının tikintisi nəzərdə tutulur ki, bu məqsədlə ayrı-ayrı kəndlərdə müvafiq torpaq sahələri ayrılmışdır. Hazırda Qodman və Banbaşı kəndlərində tikinti işləri davam etdirilir.
Masallı Poçt filialının 42 poçt şöbəsi və 1 poçt agentliyi fəaliyyət göstərir.
Daxil olan və göndərilən göndərişlərin gecikdirilmədən çatdırılmasını təmin etmək məqsədi ilə rayon mərkəzində Şəhər 2, Şəhər 3, Şəhər 4, Şəhər 5 saylı poçt şöbələri ilə həftədə 6 dəfə (bazar günü istisna olmaqla), kənd poçt şöbələri ilə həftədə 5 dəfə mübadilə aparılır.
Cənab Prezidentin xeyir duası ilə Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Bununla da Masallı şəhər sakinlərini uzun illərdən bəri narahat edən bu böyük problem qısa vaxtdan sonra öz həllini tapacaqdır. Lakin layihənin icrası prosesində podratçı təşkilat olan Türkiyənin ƏSSAR şirkəti tərəfindən problemlər yaranır. Layihənin icrasına başlanılmasından 1 ilə qədər vaxt keçməsinə baxmayaraq ləngimələrin yarandığı, bəzi hallarda görülən işlərinin keyfiyyətinin aşağı olduğu barədə podratçı təşkilata iradlar bildirilmiş və aidiyyəti təşkilatlarla ciddi müzakirələr aparılmışdır. Lakin hələ də bu sahədə ciddi dönüş yaranmamışdır.
Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonasında yerləşən 20 kəndin və Gəyəçöl-Qızılağac istiqamətində olan 18 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və yaxın vaxtlarda “Viləşçay” su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılacaqdır.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən birinci rübdə gündəlik 170000 m2 sahədə təmizlik işləri aparılır. Eyni zamanda şəhərin küçə və prospektlərində yığıla biləcək yağış və qar sularının axıdılması üçün su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtı-vaxtında təmizlənməsi diqqət mərkəzində saxlanılır.
Müvafiq Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana – yeni məktəb” devizi altında son illərdə Masallıda 33 yeni məktəb binası tikilmiş, 5 məktəb isə əsaslı təmir olunmuşdur. Hazırda 5 məktəbin -Kosakül, Kəlbəhüseynli, Xıl, Öncəqala və Kubin kəndlərində yeni məktəb binalarının tikintisi, Bədəlan kənd tam orta məktəbinin əsaslı təmiri davam etdirilir. Yaxın günlərdə isə Şatıroba, Çayqıraq, Dəlləkoba və Köhnə Zuvand kəndlərində yeni məktəb binalarının tikintisinə, Masallı şəhər 1 saylı və Kolatan kənd tam orta məktəblərinin isə əsaslı təmirinə başlanılacaqdır.
Bununla bərabər hələ də rayonda 39 yeni məktəbin tikintisinə və təmirinə ehtiyac vardır. Bu məsələ ilə bağlı xüsusi proqram hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir ki, bu proqramın icrasının 3 il ərzində tamamlanması nəzərdə tutulur.
Məktəblərin istilik sistemlərinin təmir edilməsi və qızdırılması işindəki mövcud çətinliklər də daxili imkanlar hesabına qısa vaxt ərzində aradan qaldırılacaqdır. Artıq məktəblərin qızdırılması üçün lazım olan vəsait problemi həll olunmuşdur. Yaxın günlərdə isə 10-a yaxın məktəbin texniki şərtlə təmin olunması və istilik sisteminin təmir olunması işlərinə başlanılacaqdır.
Masallı rayonunda 16 uşaq bağçası fəaliyyət göstərir ki, burada 920 uşaq tərbiyə alır. Uşaq bağçalarının istər maddi texniki bazası, istər ərzaq təminatı, istərsə də burada çalışan tərbiyəçilərin təhsil səviyyəsi günün tələblərinə cavab vermir.
Yeni tikilən iki uşaq bağçası istisna olmaqla 14 uşaq bağçasının binaları acınacaqlı vəziyyətdədir. Belə ki, layihə əsasında tikilmiş 8 uşaq bağçasının əsaslı təmirə, 6 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan da 2-si qəzalı vəziyyətdədir. Məktəbəqədər yaşlı uşaqların uşaq bağçalarına cəlbi cəmi 7% təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Bu problemlərin həlli istiqamətində işlər davam etdirilir. Hazırda Qızılağac kənd uşaq bağçasında əsaslı təmir işləri görülür və yaxın günlərdə Masallı şəhər 2 saylı uşaq bağçası üçün yeni binanın tikintisinə başlanılacaqdır.
2013-cü ilin birinci rübündə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
2013-cü ilin ilk üç ayında rayonda 783 nəfər uşaq doğulmuşdur. Evdə doğuş son illərdə ən aşağı səviyyədə 0.3 % (2 nəfər) olmuşdur. Uşaq ölümü isə 6.4% (5 nəfər) olmuşdur.
Bundan əlavə vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmiş və üç ay ərzinə 814 nəfər yeni doğulmuş uşağa vərəm əleyhinə BSJ peyvəndi vurulmuşdur.
İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi diqqət mərkəzindədir. Xüsusilə (şəkərli diabeti) olan 3046 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir. Hazırda rayonda 445 vərəmli xəstə, 110 nəfər xroniki böyrək çatışmamazlığı, 641 nəfər onkoloji, 14 nəfər hemofiliyalı, 67 talassemiya xəstəsi dispanser qeydiyyatındadır.
Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə üç kənddə - Mahmudavar, Xırmandalı və Miyənkü kəndlərində yeni həkim məntəqələrinin tikintisinə hazırlıq işləri görülür.
Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi birinci rüb ərzində mütəmadi olaraq ərazilərdə reydlər keçirmiş və yolxucu xəstəliklərə qarşı peyvəndlər aparmış, rayonda istehsal olunan 1 növ yeyinti məhsuluna gigiyenik sertifikat alınmışdır. Hesabat dövrü ərzində keçirilmiş reydlər zamanı yol verilmiş nöqsanlar aşkarlanaraq 87 akt tərtib edilmiş, sanitar norma və qaydalara əməl etməyən 1 cavabdeh şəxs barəsində inzibati cərimə protokolu tərtib edilmişdir.
Masallı Dezinfeksiya Stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlərdə 55700 m2 sahədə gəmiricilərə qarşı mübarizə, 31250 m2 sahədə isə həşəratlara qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.
Masallı rayon Mədəniyyət və Turizm şöbəsi cari ilin birinci rübündə əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır. Hazırda Ulu Öndərin 90 illiyinə həsr olunmuş bir çox tədbirlər, o cümlədən Yaz Festivalı davam etdirilir. Eyni zamanda Ulu Öndərin 90 illik yubileyinin, turizm sərgisinin və II Masallı Beynəlxalq Folklor Festivalının keçirilməsinə hazırlıq işləri aparılır.
Masallı rayonunda fəaliyyət göstərən 31 turizm obyektindən 28-i müvafiq lisenziya ilə təmin edilmişdir ki, bu istirahət mərkəzlərində 1176 turist yeri vardır. Cari ilin 3 ayı ərzində bu turist obyektlərində 2928 nəfər turist istirahət etmişdir ki, onlardan 224 nəfəri xarici turist olmuşdur.
Rayon ərazisində 34 QHT fəaliyyət göstərir. Bunlardan əlavə bir neçə təşkilat qeydiyyatdan keçməsə də lakin fəaliyyəti mövcuddur. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, rayonda əlil və veteranların problemlərinin həlli sahəsində 12 ,uşaq , gənclər və idmanla bağlı 5, qadın problemləri ilə 2, ekologiya sahəsində 2, təhsil, ziyalılar və jurnalistlərlə iş 4 , sosial, aqrar, iqtisadi ,həmkarlar sahəsində 10 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir.
Hazırda Heydər Əliyev mərkəzində yenidənqurma və genişləndirmə işləri aparılmaqla bina yenidən tikilir. Yenidən inşa olunan Mərkəzdə Ümummilli liderimiz Heydər Əliyevin siyasi və təşkilati irsinin öyrənilməsində, gənclərin dünyagörüşünün genişləndirilməsində, bilik və bacarığının artırılmasında mühüm əhəmiyyət kəsb edən xalçaçılıq, heykəltəraşlıq emalatxanaları, həmçinin kinostudiya yaradılmaqla müxtəlif xalq sənətkarlığı və poliqrafiya dərnəklərinin fəaliyyəti nəzərdə tutulur. Bundan əlavə Mərkəzdə internet, kafe, 3D formatlı kinozal, intellektual oyunlar otağı, elektron kitabxana, 300 yerlik tamaşa-konfrans zalı və s. yaradılması nəzərdə tutulmuşdur.
Rayon İcra Hakimiyyəti müstəqil Respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və rüb ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 344 nəfər gənc hərbi xidmətə yola salınmışdır.
Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2013-cü ilin birinci rübündə rayon ərazisində 87 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 89.9 % olmuş və 7 cinayət hadisəsi açılmamış qalmışdır.
Ərazilərdə torpaqların zəbt olunması və qanunsuz tikililər kütləvi hal almışdır ki, bu problemlərin həlli məqsədilə dəfələrlə tapşırıqlar verilməsinə baxmayaraq bələdiyyələrin bu məsələyə münasibəti qəbuledilməzdir.
Habelə bələdiyyələr ərazilərdə istirahət mərkəzlərinin qurulması işində də yaxından iştirak etməli və bu məsələlər qısa müddətdə yekunlaşdırılmalıdır.
Rüb ərzində rayon İcra hakimiyyətinə 548 ərizə-şikayət daxil olmuşdur ki, onlardan 280-i vətəndaşların, 268 ərizə isə yuxarı təşkilatların payına düşür. Bu dövr ərzində İcra Hakimiyyətində keçirilən qəbullar zamanı 307 nəfər şikayətçi qəbul edilmişdir. Səyyar qəbullar zamanı 1639 nəfər iştirak etmiş, onlardan 122 nəfər çıxış edərək ərazinin sosial-iqtisadi inkişafı və problemləri barədə 139 təklif vermişlər.
Bütövlükdə kadr hazırlığı məsələsi xüsusi diqqət tələb edir deyən cənab Prezident bildirmişdir ki, gənc kadrların qabağa çəkilməsi daha da sürətlə getməlidir.
Hesabat dövründə “Dövlət Qulluğu Haqqında” qanuna və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğunun vəzifələrinə kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Belə ki, istər Rayon İcra Hakimiyyəti Başçısı aparatı və istərsə də yerli ərazi nümayəndəlikləri daha gənc, işgüzar və bacarıqlı kadrlarla möhkəmləndirilmiş, idarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Yaranmış vakansiyalar barədə İcra hakimiyyətinin elektron saytında və “Yeni həyat” qəzetində elanlar verilmişdir.
2013-cü il Azərbaycanda Prezident seçkiləri ilidir. Seçkilərdə vətəndaşların azad şəkildə səsvermə hüquqlarının təmin edilməsi üçün bütün lazımi tədbirlər həyata keçiriləcəkdir və əminik ki, Masallı sakinləri bu seçkilərdə də fəal iştirak edərək Azərbaycan xalqının alternativsiz namizədi olan möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına yekdilliklə səs verəcəklər.
Eyni zamanda 2013-cü il Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə də əlamətdardır. Öz dahi oğlunu hər zaman sonsuz hörmət, ehtiram və minnətdarlıqla yad edən Azərbaycan xalqı bu milli qürur gününü daha təntənə ilə qeyd etməyə hazırlaşır. Masallı rayonunda da yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması üçün Rayon icra Hakimiyyəti başçısı tərəfindən sərəncam imzalanmış və xüsusi tədbirlər planı təsdiq olunmuşdur və bu çərçivədə davamlı tədbirlər həyata keçirilir.
Görülən işlərə, əldə edilən uğurlara baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir. Masallı şəhərində abadlıq işlərinin və su-kanalizasiya sisteminin qurulmasının yüksək səviyyədə həyata keçirilməsi, həmçinin rayon ərazisində qazlaşdırılmanın və elektrik xətt təsərrüfatının yenilənməsinin başa çatdırılması həllini gözləyən vacib problemlərdəndir. Xüsusilə də xətt təsərrüfatının yenilənməsi üçün bütün imkanlardan istifadə edilməlidir.
Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması qarşımızda duran əsas vəzifələrdəndir.
Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının yaradılması həlli vacib layihələrdəndir ki, bütün bunlar əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edir.
Toplantıda çıxış edənlərdən Rayon Mərkəzi xəstəxanasının baş həkimi Cəlil Nəzərov, Şəhər 3 saylı körpələr evi uşaq bağçasının müdirəsi Mehparə Məmmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi vəzifəsinin icraçısı Cahangir İbrahimov, Masallı rayon İcra hakimiyyəti başçısının Qızılağac İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Şamil Məmmədov və başqaları 2013-cü ilin I rübündə Masallı görülmüş işlərdən danışmış, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı təkliflərini bildirmişlər.