Şriftin ölçüsü :

Saytın rəngi :

Miyankü hesabat

12 yanvar 2017 | 16:00

12 yanvar 2017-ci il tarixdə Miyankü ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Miyankü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəlil Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında məruzə ilə çıxış edən X. Məmmədov qeyd etmişdir ki,  Masallı rayon İHB-nin Miyankü inzibati ərazi dairəsi üzrə nümayəndəliyi mərkəz Miyankü kəndi olmaqla Miyankü, Kubin və Nəzəroba kəndlərini əhatə edir.
Ərazinin ümumi sahəsi 704 hektar, əhalinin sayı 2472 nəfərdir. Ərazidə təsərrüfatların sayı 555  olmaqla 392  yaşayış evi vardır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Miyankü inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnaməyə” uyğun olaraq qurmuşdur. Nümayəndəliyin fəaliyyətini özündə əks etdirən  illik və rüblük iş planları hazırlanaraq təsdiq edilmişdir. Miyankü inzibati ərazi dairəsi üzrə   nümayəndəliyi səlahiyyətləri daxilində 2016-ci ildə 56 sərəncam verilmışdır. Sərəncamların mövcud təlimatlara uyğun tərtib olunmasına ciddi fikir verilmiş və onların icrasına ardıcıl nəzarət edilmişdir. Bu sərəncamlar əsasən nümayəndəliyin səlahiyyətlərinin  icrası, ərazinin sosial-iqtisadi inkişafı, təhsil, səhiyyəyə diqqətin artırılması, abadlıq işlərinin görülməsi və tarixi gün və   bayramların keçirilməsi ilə əlaqədar olmuşdur. Ərazidə 20 yanvar faciəsinin ildönümü, Gənclər günü, Xocalı soyqırımı günü, Novruz bayramı, Respublika günü, Qurtuluş günü, Ramazan bayramı, Qurban bayramı, Konstitusiya günü, Milli Dirçəliş günü, Ümummilli lider Heydər Əliyevin anım gününün qeyd edilməsi ilə əlaqədar tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir.
Nümayəndəlikdə kargüzarlıq işləri “Dövlət hakimiyyəti orqanlarında, idarə, müəssisə və təşkilatlarda  kargüzarlığın aparılması  qaydaları haqqında”  təlimata uyğun aparılmış, iş nomenklaturasına uyğun olaraq  qeydiyyat kitabları və  sənədlərin  saxlanması üçün  qovluqlar açılmışdır. Nümayəndəlikdə  “Daxil olan məktublar”, “Göndərilən məktublar”, “Təklif, ərizə və şikayətlər”, “Arayışlar”, “Protokollar”, “Sərəncamlar” üçün qeydiyyat kitabları açılmış, səhifələnərək möhürlənmişdir.
Miyankü inzibati ərazi dairəsi üzrə   nümayəndəliyi tərəfindən  2016-cı ildə 8 əmr verilmişdir, əmrlər təlimata uyğun hazırlanıb, kənarlaşmaya yol verilməyib.
Ərazi nümayəndəliyində vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə “Vətəndaşların müraciətləri  haqqında” Qanunun tələbləri səviyyəsində baxılmış, daxil olan müraciətlərin vaxtında həll edilməsinə səy göstərilmişdir. 2016-cı  ildə nümayəndəliyə vətəndaşlardan 3 yazılı və 6 şifahi müraciət daxil olmuşdur. Yazılı müraciətlər vətəndaşların təsərrüfatdan ayrılması ilə bağlı olmuşdur. Bununla əlaqədar müvafiq işlər görülmüş vətəndaşlar ərazi nümayəndəsinin müvafiq sərəncamalrına əsasən təsərrüfatdan ayrılmışdır.
Şifahi müraciətlərdən 2 müraciət elektrik dirəklərinin dəyişdirilməsi və tarnsformatorun təmiri, 2 müraciət ünvanlı sosial yardım verilməsi ilə əlaqədar, 2 müraciət pay torpaq sahəsinin naturada göstərilməsi ilə bağlı olmuşdur. Ərazidə elktrik dirəkləri dəyişilmiş, ÜSY üçün lazım olan arayışlar vətəndaşalara təqdim edilmiş və pay torpaqlar naturada  pay torpaq sahiblərinə göstərilmişdir.
Yuxarı rəhbər orqanalara 17 müraciət olunmuşdur. Bunlardan 7 müraciət Prezident Adminstrasiyasına, 10 müraciət isə Masallı rayon İcra hakimiyyəti başçısı Aparatına ünvanlanmışdır.
Masallı rayon İcra hakimiyyətinin başçısı cənab R.Hüseynovun 18 may 2016-cı ildə ərazidə keçirdiyi səyyar qəbul zamanı əhali tərəfindən verilmiş 10  təklifdən 8 təklif icra edilmiş, 2 təklif icra edilməmiş qalır. Bunlardan qəzalı elektrik dirəklərinin dəyişilməsi,  elektrik transformatorunun təmiri, Kubin məktəbinin tikilməsi, kəndarası yolların cari təmiri icra edilmiş, lakin Nəzəroba kəndinin qazlaşdırılması və internet xidmətinin zəif olması, yeni ATS –in istifadəyə verilməsi haqqında müraciətlər həll edilməmişdir.
Nümayəndəlikdə “Ailə” Məcəlləsinin tələblərinə uyğun olaraq nümayəndəlikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı aparılmışdır. Hesabat ilində  ərazi nümayəndəliyində 22 doğum, 6 nikah və 9 ölüm faktı qeydə alınmışdır. Bəzən valideynlər yeni doğulan uşaqları barədə məlumatın verilməsini gecikdirirlər, bu isə doğum qeydiyyatı zamanı inzibati məsuliyyətin yaranmasına səbəb olur. Nikah qeydiyyatında  müddət pozğunluğuna  yol verilməmiş, nikaha girənlər tərəfindən  rüsum haqları  vaxtında  ödənilmişdir. Lakin yeni evlənənlərin bəziləri rəsmi nikah bağlamadan ailə həyatı qururlar. Bu da sonradan bir-sıra problemlərin yaranmasına səbəb olur. Ərazi nümayəndəliyi tərəfindən azyaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınmasından ötrü, demək olar ki, mütəmadi tədbirlər həyata keçirilir, bu mövzuda məktəblərdə, ictimaiyyət arasında söhbətlər aparılmış, yığıncaqlar keçirilmişdir. Bunun nəticəsindədir ki, ötən il erkən nikahlar olmamışdır.
Təhsilin inkişafı hər bir cəmiyyətin əsas istiqamətini təşkil edir. ”Təhsil Qanunu”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi  nümayəndəlik tərəfindən daim nəzarətdə saxlanılır. Ərazidə bir tam və bir ümumi orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 255  nəfər şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyyəsi ilə 31 müəllim məşğul olur. Bunlardan 23 nəfər ali və 8 nəfər orta ixtisa təhsillidir. Ötən il 5 nəfər məzundan 5 nəfər attestat almış,  2 nəfər ali  məktəblərə qəbul olmuşdur. Dərs ilinin yekunlarına görə məktəbimiz rayonda birinci olmuşdur. Şagirdlərin dərsə dəvamiyyəti daima  nümayəndəliyin diqqət mərkəzində olmuş, bunun nəticəsində məktəbdə dəvamiyyət 90-95%-dir. Məktəblərin qışa hazırlığı üçün müəyyən təmir işləri görülmüş, yanacaq tədarük olunmuşdur. Məktəb şagirdlərinin pulsuz dərsliklərlə təchiz olunması möhtərəm prezidentimiz cənab   İlham Əliyevin  tapşırığına əsasən təmin edilmişdir. Şagirdlərimiz vətənə məhəbbət, millətimizə sədaqət ruhunda tərbiyə olunur.
Ərazidə 1 həkim məntəqəsi və 1 tibb məntəqəsi fəaliyyət göstərir. Bunlarda 2 həkim və 5 tibb işçisi çalışır. Onlar vaxtı-vaxtında xəstələri qeydiyyata alır, profilaktik işlər görür, peyvəndələr aparırlar. Belə ki, ərazidə  bir yaşa qədər  uşaqlar arasında 63 peyvənd, 18 aylıq uşaqlara 19 peyvənd   və 6 yaşa qədər olan  uşaqlar arasında   qızılca, və  ADS-ə qarşı 37 peyvənd aparılmışdır. Bütün bunların nəticəsidir ki, ərazidə ağır yoluxucu xəstəliklərə təsadüf olunmamışdır. Buna baxmayaraq ərazidə fəaliyyət göstərən Miyankü tibb  tibb məntəqəsinin binası iş şəraitinə  uyğun gəlmir. Rayon  Səhiyyə şöbəsinin rəhbərliyindən xahiş edilsin ki,  bu il yeni tibb məntəqəsinin binasının tikilməsində bizə köməklik göstərilsin. Kubin kəndində  müasir tipli tibb məntəqəsi tikilmişdir.
Hər il rayonumuzda keçirilən qanvermə aksiyasında Miyankü ərazi nümayəndəliyi də fəal iştirak edir. Qana ehtiyacı olan xəstələrə yardım etmək hər birimizin vətəndaşlıq borcudur.
Ərazidə 1 kitabxana fəaliyyət göstərir. Burada 2 nəfər çalışır. Kitabxanaya mütəmadi olaraq yeni kitablar daxil olunmuşdur. Oxucuların sayı artmaqdadır. Kitabxananın fəaliyyətinin  daha da yaxşılaşdırılması daim ərazi nümayəndəliyinin diqqət mərkəzində olmuşdur.
Ərazi nümayəndəliyi tərəfindən ərazidə gənclərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün lazımi tədbirlər keçirilmişdir. Ərazi üzrə futbol, voleybol, dama yarışları keçirilmişdir. Gənclərimizin hərbi vətənpərvərlik ruhu yüksək səviyyədədir. Həmkəndlimiz Mübariz Mənsimovun Milli Qəhrəman Mübariz İbrahimovun və Böyük Vətən Müharibəsi veteranı olmuş həmkəndlimiz Məcid Aslanovun adını daşıyan tankeri istismara verməsi vətənpərvərlik nümunəsidir. Çünki bu nəhəng gəmilər bütün dünyada Azərbaycanı və onun qəhrəman övladlarını  təmsil edəcəkdir. Bildiyiniz kimi bu il 2-5 aprel tarixlərində ermənilər tərəfindən atəşkəs pozulmuş və mövqelərimizə hücuma cəhd etdilər. Lakin Milli Ordunun aprel döyüşləri zamanı   ermənilərin təxribatına sarsıdıcı zərbələrlə cavab verməsi, hücumun qarşısının alınması və torpaqlarımızın bir hissəsinin işğaldan azad edilməsi bütün xalqımızda ruh yüksəkliyi yaratmışdır. Həmin günlərdə xalqımız əsgərlərimizlə həmrəylik nümayış etdirmişdir. Bu hadisələr Qarabağ münaqişəsinin dondurulmuş münaqişə olmadığını, hər an alovlana biləcəyini dünya ictimaiyyətinə sübut etmişdir. Aprel döyüşlərində ərazinin Nəzəroba kəndindən həqiqi hərbi xidmətə çağırılmış Fətullayev Pərvin Fəxrəddin oğlu da cəsarətlə iştirak etmişdir. O, döyüşlərdə ağır yaralansa da, müalicəsini başa çatdırdıqdan sonra yenidən qulluq etdiyi hərbi hissəyə qayıtmışdır. Onun bu hərəkəti bütün gənclərimizə nümunə olmuşdur.
Ötən il ərazimizdən 6 nəfər hərbi xidmətə yola salınmışdır. Ordudan və çağırışdan yayınma halları yoxdur. Bu işdə ağsaqqallar, ziyalılar, məktəb rəhbərliyi və bələdiyyə bizə yaxından köməklik göstərirlər. 2001-ci ildə anadan olmuş 13 nəfər  yeniyetmənin ilkin təhkimolunma komissiyasından keçirilməsi təmin edilmişdir. Bunu da qeyd etməliyik ki. Miyankü ərazisində  4 nəfər gənc Qarabağ  müharibəsində şəhid olmuşdur. Bu şəhidlərin həyat yolu həmişə gənclərimizə örnək olmuşdur.
Həmişə olduğu kimi ərazimizdə elektrik enerjisi və mavi yanacağın istifadəsinə görə ödənişlər vaxtında və tam aparılır. Ərazidə 284 qaz aboneti və 333 nəfər elektrik enerjisi abunəçisi var. Enerji haqları sayğacların göstəriciləri əsasında   yığılır, lakin elektrik naqilləri və dirəklərin köhnəlməsi səbəbindən elektrik enerjisinin verilməsində bəzən fasilələr yaranır. Ərazidə yalnız 63 evi olan Nəzəroba kəndinə mavi yanacaq verilmir. Dövlət Proqramına əsasən  bu məsələ öz həllini  tapacaqdır.
Ərazidə 125 ev telefonu və 50 internet abonenti vardır.  Ərazidə ayrıca ATS olmadığından bu  sahədə yaranan problemlərin həlli bəzən gecikdirilir ki, bu da abunəçilərin narazılığına səbəb olur. Lakin yeni ATS binası fəaliyyətə başladıqdan sonra problemlər aradan qaldırılacaqdır.
Qeyd etdiyimiz kimi əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.  Respublikamizda aparılmış aqrar  islahatı zamanı ərazidə də torpaq sahələri kənd  sakinlərinə  adambaşına düşən norma daxilində  0,18 ha olmaqla pay torpağı verilmişdir. Bu torpaq sahələrindən qismən istifadə olunsa da, son illər bu sahədə durğunluq tam şəkildə özünü göstərir. Yəni torpaq payçıları torpaqdan səmərəli istifadə etmir, əkib-becərmir, hətta sahələrin əksəriyyətini kol-koslar örtmüşdür. Torpağın üst münbit qatı keyfiyyətini itirir. Görünür torpaqla bağlı bizim də təbliğatımız  zəifdir, gələcəkdə bu nöqsanları aradan qaldırmaq üçün səylə çalışmalı, təblığatımızı genişləndirməliyik. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin olması, subsidiyaların verilməsi bu sahənin inkişafına stimul vermişdir. Ötən il 0.80 ha pay torpaq sahəsində tütün əkilmiş və bol məhsul əldə edilmişdir. Növbəti illərdə əkin sahəsinin daha da genişləndirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə ərazidə çayçılılğın bərpa edilməsi üçün hazırlıq işləri görülür. Bunun üçün 57 ha məhsuldar çay sahələri olmuş yerlər müəyyən edilmiş, həmin yerlərdə torpaqları olan 66 nəfər pay torpaq sahibləri ilə izahat işləri aparılmışdır. İndiyədək 56 nəfər torpaq payçısı tərəfindən ərizə verilmişdir.
Əhalinin  xususi mülkiyyətində 944 baş iribuynuzlu və 543 baş xırda buynuzlu mal-qara vardır. Ərazidə 4 maldarlıq ferması fəaliyyət göstərir. Ötən il mal-qaranın cins və yaş tərkibinin yaxşılaşdırılması istiqamətində müəyən işlər görülüb. Belə ki, üzərində süni mayalanma  aparılmış iri buynuzlu  mal-qaradan  7 baş bala alınıb. Maldarlığın inkişafı ilə əlaqədar daima rayon Baytarlıq idarəsi ilə yaxından əlaqə saxlanılır. Onların köməyi ilə mal-qara arasında mütəmadi peyvənd işləri həyata keçirilir. Buna baxmayaraq ötən il  mal-qara arasında yoluxucu xəstəliklər müşahidə edilmişdir. Ərazidə kənd təsərrüfatı  məhsullarının istehsalı əsasən əhalinin həyətyanı torpaq sahələrindən əldə olunur. Ötən il 5.8 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilmişdir. Burada   1 hektar kartof,  2.5 hektar tərəvəz,  1.3 hektar dənli-paxlalı, 0.2 ha bostan bitkiləri və 0.8 ha tütün  əkilmişdir.  
Ərazidə sahibkarlığın inkişafına  da qayğı və diqqət göstərilir. Hazırda 4 mağaza, 2 ictimai iaşə obyekti, 1 məişət obyekti əhaliyə xidmət göstərir.
Miyankü ərazi nümayəndəliyinin 2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə əlaqədar 11 yanvar 2016-cı il tarixdə keçirilmiş hesabat yığıncağında 4 təklif daxil olmuşdur. Bu təkliflər Miyankü kəndində köhnə transformatorunun dəyişdirilməsi, mal-qara arasında yoluxucu xəstəliklərə qarşı peyvəndlərin aparılması,   ATS binasının tikilməsi, Nəzəroba kəndinin qazlaşdırılması barədə olmuşdur. Bildirirəm ki, transformator təmir edilmiş, mal-qara arasında yoluxucu xəstəliklərin qarşısının alınması ilə əlaqədar rayon Baytarlıq idarəsi tərəfindən tədbirlər görülmüş, ərazidə profilaktik işlər həyata keçirilmişdir. Rabitə və internet xidmətlərinin yaxşılaşdırılması üçün Miyankü kəndində yeni ATS binası tikilmiş və yaxın zamanlarda istifadəyə verilməsi planlaşdırılır. Nəzəroba kəndinin qazlaşdırılması ilə əlaqədar aidiyyatı təşkilatlara müraciət edilmiş və Dövlət Proqramına əsasən növbəti illərdə öz həllini tapacaqdır.
Miyankü ərazisində abadlıq-quruculuq işlərini əsasən xeyriyyəçilərimiz və Miyankü kənd bələdiyyəsi həyata keçirir. Keçən il bələdiyyəmiz tərəfindən xeyli işlər görülmüşdür. Belə ki, yol kənarlarında təmizlik işləri aparılması, su kanallarının təmizlənməsi, 300 ədəd dekorativ və sitrus ağaclarının əkilməsi, Miyankü tam orta məktəbində cari təmir  və ağartma işlərinin həyata  keçirilməsi  işlərini göstərə bilərik.
Dünya Bankının AzKİL-2  layihəsinə əsasən icma səfərbərliyi işləri həyata keçirilmiş, ən vacib problemlər icma yığıncaqlarında müəyyən edilmişdir. İcma səfərbərliyi nəticəsində ərazinin Kubin kəndində birmərtəbəli, 8 otaqlı yeni məktəb binası inşa edilmişdir. Görülmüş işlər sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır. Buna görə rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynova  kənd sakinləri  adından təşəkkürümüzü bildiririk.
Ərazidə qanunsuz tikinti işlərinin qarşısının alınması  və zəbt olunmuş torpaqların azad edilməsi istiqamətində ardıcıl işlər aparılır. Əvvəlki illərdə 33 nəfər qanunsuz torpaq sahəsini zəbt etmiş və vətəndaşlar tərəfindən 5 ədəd  qanunsuz yaşayış evi tikilmişdir. Lakin onların sənədləşdirilməsi ciddi şəkildə tələb  olunmuşdur. Belə ki, həmin evlər bələdiyyə mülkiyyətində tikilmişdir. Əvvəlki illərdə bunlardan 13 həyətyanı torpaq sahəsinin ilkin sənədləri hazırlanmış, 5 nəfər isə sənədləşdirmə üçün müraciət etmişdir. Qalan torpaqlar zəbtdən azad edilmiş, orada heç bir tikinti işlərinin aparılmasına yol verilməmişdir. Hal-hazırda həmin vətəndaşlar da  zəbt etdikləri torpaqların alqı-satqı qaydasında alınmasını və sənədləşdirilməsini istəyirlər. Ümid edirəm ki, bu il həmin məsələlər öz həllini tapacaqdır.
Ərazimizdə dövlət pensiya təminatı ilə əhatə olunmuş 259 nəfər   pensiyaçı var. Bundan əlavə 54 ailə ÜSY ilə təmin edilmişdir. 3 nəfər  BVM arxa cəbhə veteranı, 4 şəhid ailəsi, 5 Qarabağ müharibəsi veteranı, 2 Qarabağ əlili, bir Çernobıl əlili, 6 tənha qoca vardır. Rayon İcra Hakimiyyətinin başçısı cənab  R.Hüseynov tərəfindən ötən il Dövlət bayramları ərəfəsində bu kateqoriyalı insanlara bayram sovqatı verilmişdir.
Hesabat məruzəsində 2016-cı ildə  görülən işlərlə yanaşı 2017-ci ildə  görüləcək işlər və qarşıda duran vəzifələrimiz də vardır. 2017-ci   ildə görüləcək işlər çoxdur. Ərazidə tibb məntəqəsinin yeni binasının tikintisi, abadlıq-yaşıllaşdırma işləri, yolların cari təmir olunması, Nəzəroba kəndinə qaz xəttinin çəkilməsi, istirahət  mərkəzinin istifadəyə verilməsi    planlarımıza daxildir. Həmçinin ərazidə sahibkarlığın inkişaf etdirilməsi və xeyriyyəçi insanların  ərazidə müəyyən işlər görməsi üçün səylərimizi davam etdirəcəyik.
Ərazimizin insanları dövlətimizə sədaqətli insanlardır. Bütün dövlət əhəmiyyətli tədbirlərdə əhalimiz Ümummilli lider Heydər Əliyevin siyasi kursunu müdafiə edir və onu uğurla davam etdirən cənab İlham Əliyevi dəstəklədiklərini nümayiş etdirmişlər. 26 sentyabr 2016-cı ildə keçirilmiş Referendum seçkilərində ərazinin vətəndaşları aktiv iştirak etmişlər. Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi  üçün  Miyankü ərazi nümayəndəsi də öz üzərinə düşən vəzifələri bacarıqla  yerinə yetirmiş, seçki məntəqələrinə müvafiq yerlərin ayrılması, otaqların texniki təchizatı, abadlığı və səliqə səhman yaradılması, 18 yaşı tamam olan gənclərin, vətəndaşların  şəxsiyyət vəsiqələri ilə təmin edilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi işlərində ərazidə fəaliyyət göstərən 71 saylı Miyankü və 72 saylı Kubin kənd seçki məntəqələrinə bütün köməklikləri etmişdir.

Keçidlər