Boradaigah hesabat
25 yanvar 2017-ci il tarixdə Boradigah ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ələkbər Cəfərov hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Ə. Cəfərov qeyd etmişdir ki, Boradigah qəsəbə inzibati ərazi dairəsi, mərkəzi Boradigah qəsəbəsi olmaqla Boradigah qəsəbə, Mollaoba və Babaser yaşayış məntəqələrini
əhatə edir. Ərazisi 2736 hektar, təsərrüfatların sayı 2683, əhalisinin sayı 11824 nəfər , 2650 fərdi yaşayış evi və 6 ümumi yaşayış evi vardır.
Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik öz işini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş Yerli İcra hakimiyyətləri haqqında Əsasnaməyə uyğun olaraq qurmuşdur. Nümayəndəliyin fəaliyyətini əhatə edən illik və rüblük iş planları hazırlanaraq təsdiq edilmişdir. İş planında nəzərdə tutulmuş maddələr üzrə nümayəndəlik tərəfindən səlahiyyətləri daxilində sərəncam verilmişdir. Verilən sərəncamlara əsasən ərazinin sosial-iqtisadi inkişafı, vətəndaşların müraciətlərinə baxılmasının yaxşılaşdırılması, tarixi gün və bayramların qeyd edilməsi, kütləvi tədbirlərin keçirilməsi, qanunsuz tikililər və azyaşlı qizların erkən ailə həyatı qurmasının qarşısının alınması və digər məsələlərlə bağlı olmuşdur.
Nümayəndəlikdə vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkili Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası qanununun tələbləri səviyyəsində baxılmasına daima səy göstərilmiş, müraciətlərə həssaslıqla yanaşılmışdır.
Bir qayda olaraq bütün müraciətlərə vaxtında cavab verilmiş, müddət pozulmasına yol verilməmişdir.
Vətəndaş müraciətlərinə baxılması barədə Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin aparıcı mütəxəssisi Fərid Dadaşov məlumat verəcəkdir.
Nümayəndəlikdə karğüzarlıq işləri Dövlət icra hakimiyyəti orqanlarında, idarə, müəssisə və təşkilatlarda kargüzarlığın aparılması qaydası haqqında təlimata uyğun aparılmış, iş nomenkulaturasına uyğun olaraq qeydiyyat kitabları həmçinin sənədlərin saxlanılması üçün qovluqlar açılmışdır.
Nümayəndəliyə 2016-cı ildə müxtəlif təşkilatlardan 68 sənəd-məktub daxil olmuşdur. Daxil olmuş sənədlərə təlimata uyğun olaraq dərkənar qoyulmuş, daxilə ştempi vurularaq qeydiyyata alınmış və icraata yönəldilmişdir. Məlumat xarakterli sənədlər rəhbərlik və icra üçün işə alınmış, cavablandırılması tələb olunan sənəd-məktubların icrası vaxtında təmin edilmiş, icra barədə yekun arayış yazılmışdır.
Boradigah qəsəbə ərazisində üç tam orta məktəb, bir ümumi orta məktəb fəaliyyət göstərir.
Məktəblərdə 1475 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 121 müəllim məşöul olur.
2015-2016-cı tədris ilində məktəblər üzrə 118 məzun buraxılmışdır. Həmin məzunlardan 24 nəfər ali məktəbə, 7 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Ən yüksək nəticəni Mollaoba kənd tam orta məktəbi göstərmişdir. Məktəbdə 27 məzundan 10 məzun ali məktəbə daxil olmuşdur. Nümayəndəlik tərəfindən Təhsil haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yetirilməsi daima diqqət mərkəzində saxlanılmış və bu sahədə məktəb rəhbərliyinə yaxından köməklik göstərilmişdir. Məktəblərdə şagirdlərin dərsə davamiyyətinə, tədrisin keyfiyyətinə nəzarət olunur. Bütün məktəblərdə yuxarı sinif şagirdlərinin dərslərdə iştirak etməsinə, xüsusən, qızların dərsə davamiyyətdə fasilələrə yol verilməməsi üçün məktəb müəllimləri, sinif rəhbərləri ilə birgə mariflənmə işləri aparılır. Məktəblərimizdə vətənpərvərlik tərbiyəsi, şagirdlərin əxlaqı və mənəvi dəyərlərimizə daha mükəmməl yiyələnməsi üçün daha ardıcıl işlər görülür ki, hər kəs bilməlidir ki, bu gün orta məktəblərin əsas vəzifəsi ali məktəblərə daxil olan şəxs yox, hərçənd ki, bu da vacibdir, əsil vətəndaş yetişdirməkdir.
Boradigah qəsəbəsində fəaliyyət göstərən 15 çarpayılıq Xəstəxana 32 yaşayış məntəqəsinə xidmət edir. Xəstəxanada 16 nəfər ali təhsilli həkim, 30 orta ixtisas təhsilli tibb işçisi çalışır. Xəstəxanada doğuş, terapiya, uzi, laboratoriya, rentgen şöbələri fəaliyyət göstərir. Xəstəxana işçiləri tərəfindən məktəblərdə1-ci sinifdən 6-cı sinfə qədər olan uşaqlarda qurd xəstəliyinə qarşı dərman verilmiş, yeni doğulmuş uşaqlara yaşa uyğun polimelit, difteriya-tetanus, göyöskürək-hib, qızılca xəstəliklərinə qarşı profilaktik peyvəndlər aparılmışdır. Ümidvarıq ki, bundan sonra da həkimlərimiz əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdıracaqlar.
Bunu da qeyd etməliyəm ki, 2016-cı ildə Boradigah xəstəxanasında həmçinin Masallı rayon xəstəxanasında Qan vermə aksiyası keçirilmiş, ərazi sakinləri bu tədbirdə könüllü olaraq mütəşəkkil iştirak etmişdir.
Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsindən ötrü də bir sıra tədbirlər həyata keçirir. Bu məqsədlə, hər il ənənəvi olaraq ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilir. Turnirdə ətraf kəndlərin futbol komandaları da dəvət olunur. Qaliblərə rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları və xeyriyyəçilər tərəfindən pul mükafatları verilir. Demək olar ki, bütün kütləvi tədbirlərdə gənclərin milli-mənəvi dəyərlərə yiyələnməsindən ötrü təbliğat işləri və söhbətlər aparılır, çalışırıq ki, gənc nəsil əsil Azərbaycan vətəndaşı kimi yetişsin.
Nümayəndəliyin əsas vəzifələrindən biri də gənclərin həqiqi xidmətə çağırışının mütəşəkkil həyata keşirilməsidir. Bu məqsədlə gənclərimizin vətənpərvərlik tərbiyəsinə, onların orduya çağırışına xüsusu diqqət edirik. 2016-ci ildə ərazimiz hərbiyə çağırışda heç bir nöqsana yol verməmışdır. Gənclərimiz də böyük həvəslə Azərbaycan ordusunda xidmətə gedirlər. 2016-cı ildə həqiqi hərbi xidmətə 70 nəfər çağırılmış, ondan 55 nəfər gənc hərbi xidmətə yola salınmış, 15 nəfər isə müxtəlif səbəblərə görə möhlət hüququ verilmişdir.
Boradigah qəsəbə inzibati ərazi nümayəndəliyi qanunla müəyyən edilmiş qaydada Ailə Məcəlləsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparmışdır. 2016-cı ildə nümayəndəlikdə 27 nigah, 120 doğum və 63 ölüm faktı qeydiyyata alınmışdır. Verilən doğum və ölüm şəhadətnamələrinin bəzilərində müddət ötürülməsinə yol verilmişdir ki, bu da doğum və ölüm haqqında verilən tibbi arayışın vətəndaşlar tərəfindən nümayəndəliyə vaxtında verilmədiyi ilə bağlı olmuşdur. Nümayəndəlik tərəfindən Milli genefonumuzun qorunmasından ötrü ailə quran gənclərin tibbi müayinədən keçməsi üçün əhali arasında geniş marifləndirmə işləri aparılır. Əfsuslar olsun ki, bəzi vətəndaşlar istər qız, istər oğlan tərəfi övladlarının tibbi müayinədən keçmədən nişanlanmasına qərar verirlər. Bu da gələcəkdə baş verə biləcək ailə və uşaq problemlərinin yaranmasına zəmin yaratmış olur.
Son illərdə ərazidə azyaşlı qızların erkən nigahlarının qarşısının alınmasından ötrü bir sıra tədbirlər həyata keçirilmişdir. Dəfələrlə bütün tədbirlərimizdə bu vacib məsələyə toxunmuşuq və valideynlərin öz övladlarını erkən nigaha girməyi tələb etməklə bunun arzu olunmaz fəsadlara gətirib çıxarması nəzərlərinə çatdırılmışdır. Bunun nəticəsində ərazidə belə hallar demək olar ki, müşahidə olunmur.
2016-cı ildə qanunçuluğun qorunması sahəsində görülən işlərdən danışarkən onu da qeyd etməliyəm ki, ərazimizdə zəbt olunmuş torpaqlar və payıbəlli torpaqlarda qanunsuz olaraq tikilən evlər barədə də tərəfimizdən müəyyən işlər görülmüşdür. Babaser kəndi ərazisində bələdiyyə və pay torpaqlarında qanunsuzn tikilən evlər barədə müvafiq sənədlər hazırlanmış və aidiyyatı təşkilatlara göndərilmişdir.
Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 1 mədəniyyət evi, 1 klub və 2 kitabxana fəaliyyət göstərir. Boradigah qəsəbə Mədəniyyət evinin kollektivi qəsəbədə o cümlədən rayon ərazisində keçirilən bütün tədbirlərdə həmişə iştirak edirlər. Qəsəbə Mədəniyyət evində 31 dekabr Dünya Azərbaycanlıların həmrəylik günü və Yeni il və Novruz bayramları təntənəli surətdə qeyd olunmuşdur. Boradigah bələdiyyə sarayında yaradıcıliq dərnəkləri təşkil olunmuş, dərnəklərə istedadlı gənclər cəlb olunmuşdur. Onlar qəsəbədə təşkil olunan şənliklərin rəngarəng keçirilməsinə dəstək olurlar.
Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlində yuxarıda qeyd olunduğu kimi, 2736 ha torpaq sahəsi vardır. Əsas torpaqlar kənd təsərrüfatının heyvandarlıq sahəsi ilə məşğul olan 17 fermerin əlində cəmləşib. Boradigah qəsəbə ərazi nümayəndəliyində 2886 baş iri buynuzlu 3180 baş xırda buynuzlu mal-qara vardır. Sahə baytar həkimləri tərəfindən ərazidə vaxtlı-vaxtında mal-qara arasında müxtəlif heyvan xəstəliklərinə qarşı dabaq, qara yara, çiçək, quşlarda taun-peyvənd işləri aparılır.
Amma əkinçilik demək olar ki, unudulub. Ərazidə 2016-cı ildə 40 ha taxıl, 1 ha sarımsaq əkilmiş 10 ha noxud, 30 ha isə müxtəlif yazlıq əkin aparılması nəzərdə tutulmuşdur. Ərazimiz vaxtilə tərəvəzçilik sahəsində ixtisaslaşmışdır. Bu gün Boradigah ərazisində təqribən 1160 ha pay torpağı vardır. Həmin torpaqlar demək olar ki, otlaq və ya biçənək kimi istifadə olunur. Əgər onlardan düzgün istifadə edilərsə, vətəndaşlarımız böyük fayda götürə bilərlər. Hazırda ərazidə çayçılığın və tərəvəzçiliyin inkişafı ilə əlaqədar əhali arasında marifləndirmə işləri aparılır.
İnanırıq ki, RİHB cənab R. Hüseynovun yaxından köməkliyi ilə Boradigah qəsəbə ərazisində yaşıl çay plantasiyasının salınmasına nail olacağıq ki, bu da ərazimizdə məşğulluq problemini həll edəcək, əlavə iş yerləri yaradacaq, ərazi sakinlərinin gəlirlərini artıracaq və əhalinin həyat səviyyəsinə, rifahına müsbət təsirini göstərəcəkdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Kənd təsərrüfatının inkişafının Strateji Yol Xəritəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalında və bu məhsulların istehsalı üçün göstərilən dövlət yardımlarının verilməsində rayonlaşma prinsipi əsas götürülür. Bu o deməkdir ki, hər bir rayon üçün xarakterik olan kənd təsərrüfatı məhsullarının əkilməsi və inkişaf etdirilməsi nəzərdə tutulur. Masallı rayonunda çayçılıqın və tərəvəzçiliyin inkişafı strateji məqsəd kimi qarşıya qoyulur. Eyni zamanda aparılan islahatlar çərçivəsində Respublika Prezidenti cənab İlham Əliyev Ərzaq məhsullarının tədarükü və təchizatıASC-nin yaradılması haqqında sərəncam imzalamışdır kı, bu da kənd təsərrüfatı məhsullarının əkini və istehsalı ilə məşğul olan hər bir istehsalçıya, fermerə və sahibkara imkan verir ki, becərdiyi məhsulu heç bir vasitəçi olmadan, müqavilə bağlamaqla, cəmiyyət tərəfindən yaradılan mərkəzləşdirilmiş portal vasitəsi ilə rahat şəkildə satışını reallaşdırsın.
Kənd təsərrüfatı ilə bağli digər bir yenilik isə ASAN xidmət mərkəzi nəzdində yaradlan ABAD- ailə biznesinə asan dəstək layihəsidir ki, fermer istehsal etdiyi kənd təsərrüfatı məhsulunu vasitəçi olmadan mərkəzdə, xüsusi maşınlarda yerləşdirən mini fabriklərdə istehsal edib öz markası ilə qablaşdıraraq mərkəzin dəstəyi ilə satışını həyata keçirə bilər. Ümüdvarıq ki, qəsəbə sakinləri ərazidə kənd təsərrüfatının inkişafı ilə əlaqədar göstərilən dövlət dəstəyindən istifadə etməyə cəhd göstərəcəklər.
Respublikamızda sahibkarlığa yaradılmış münbit şərait nəticəsində sahibkarlıq sürətlə inkişaf edir. Ərazimizdə 172 sahibkarlıq obyekti vardır. Qəsəbədə 2 şadlıq evi, 2 taxta satışı məntəqəsi, 2 yanacaqdoldurma və 1 qazdoldurma məntəqələri, 4 müasir tipli restoran, 1 mebel evi fəaliyyət göstərir. 2016-cı ildə 2 sahibkarlıq obyekti açılmış orada da 12 nəfər işçi işlə təmin olunmuşdur. Sahibkarlıq obyektlərinin sahibləri ərazimizdə olan ictimai, siyasi və iqtisadi proseslərdə fəaliyyət göstərirlər. Amma onlar qəsəbəmizin abadlıq-quruculuq işlərində daha fəal iştirak edə bilərlər və etməlidirlər.
Boradigah qəsəbə inzibati ərazi dairəsində elektron ATS, Poçt şöbəsi fəaliyyət göstərir. Onların nümayəndələrinin işindən əhali razılıq edir. Lakin rabitə təsərrüfatında əsaslı işlər görülməlidir. Ərazidə rabitə xətləri olduqca köhnəlmiş və telefon dirəklərinin əksəriyyəti yararsızdır. Bu da tez-tez telefon xətlərinin qırılması ilə nəticələnir.
Ərazi nümayəndəliyi ərazidə gedən bütün işlərdə bələdiyyə ilə birgə işini qurmuşdur. Bizim əlbir işimiz nəticəsində qəsəbə üçün böyük bir zibil paliqonu yaradılmışdır. Əhalini narahat edən su ötürücü kanalların təmizlənməsi və yolların təmir edilməsi birgə həyata keçirilmişdir.
Ümumilikdə yerli əhəmiyyətli məsələlər nümayəndəliklə bələdiyyənin birgə fəaliyyəti nəticəsində öz həllini tapır.
2016-cı ildə qəsəbənin yollarına ərazi nümayəndəliyinin büdcə vəsaiti hesabına 2440 kv.m asfalt vurulmuş, ərazidə 450 metr su ötürücü kanal təmizlənmiş, 150 metr su ötürücü kanal kol-kosdan təmizlənərək bərpa edilmişdir. Hesabat ilində qəsəbənin Təbriz, Cəfər Cabbarlı küçələrində və digər yerlərində 300 ədəd çinar ağacı əkilmişdir.
2016-cı ildə gördüyümüz işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimiz də çoxdur. Belə ki, Boradigah qəsəbə 2 saylı tam orta məktəbin yeni binasının tikilməsi, yararsız elektrik dirəklərinin dəyişdirilməs, qəsəbənin küçə yollarının təmir edilməsi, su ötürücü kanalların təmizlənməsi, ərazidə çayçılığın inkişafı ilə əlaqədar qarşıda duran vəzifələrimizdəndir.
Göründüyü kimi ərazimizdə müəyyən işlər görülsə də görüləsi işlərimiz də coxdur. Çalışacağıq ki, 2017-ci ildə qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələk.