Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon İcra hakimiyyəti başçısının hesabatı

09 fevral 2017 | 16:00

09 fevral 2017-ci il tarixdə Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun 2016-cı ildə gördüyü işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesbat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov, Milli Məclisin deputatları Nəriman Əliyev, Elmira Axundova, Musa Qasımlı o cümlədən rayon hüquq mühafizə orqanları rəhbərləri, idarə, müsəssisə və təşkilat rəhbərləri, rayonun ziyalıları, ağsaqqalları veteranları və rayon sakinləri iştirak etmişdir.
İlk öncə tədbir iştirakçıları Masallı şəhər Heydər Əliyev Parkında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi öndünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Masallı şəhər Mədəniyyət Mərkəzində davam edən yığıncağı açıq elan edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov məruzə ilə çıxış edərək bildirmişdir ki, 2016-cı il rayonumuz üçün çox yadda qalan illərdən olmuşdur. Xüsusilə də ölkə başçısının Masallıya səfəri hər birimizin böyük sevincinə səbəb olmuşdur. Belə ki, 03 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı rayonunda səfərdə olmuş və bir sıra sosial-mədəni obyektlərin açılışında iştirak etmişdir. “ASAN Həyat” kompleksi, Bayraq meydanı və Dövlət rəmzləri Muzeyi, Uşaq İncəsənət məktəbi, Tarix-Diyarşünaslıq muzeyi, Masallı şəhərinin içməli su təchizatı layihəsi cənab Prezidentin iştirakı ilə açılaraq istifadəyə verilmişdir.
         Ölkə başçısı Masallıda olarkən rayonda aparılan digər quruculuq işləri ilə tanış olmuş və razılığını bildirmişdir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Masallı şəhərində çoxmənzilli binaların əsaslı təmiri məqsədi ilə üç milyon manat vəsait ayrılmışdır. Bu cənab Prezidentin Masallıya, Masallı sakinlərinə olan diqqət və qayğısının bariz nümunəsidir. İcazə verin bütün Masallılar adından bu qayğıya görə Möhtərəm Prezidentimizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirək.              
            Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2016-cı il sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
           Ümumi uzunluğu 5,5 km olan Heydər Əliyev prospektində (M.Talışxanov) genişləndirilmə işləri aparılmışdır. Belə ki, prospekt genişləndirilərək eni 14 metrə çatdırmışdır. Prospektin hər iki tərəfində yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Prospektin genişləndirilmiş hissəsi də daxil olmaqla 50000 m2 hissəsinə asfalt örtüyü döşənmişdir.
           Hesabat ilində ümumi sahəsi 11000 m2 olan Bayraq meydanı tikilərək istifadəyə verilmişdir. Meydanın ətrafına ümumi uzunluğu 280 p/m və hündürlüyü 0.7 m olan hasar çəkilmiş və 64 metr hündürlükdə bayraq dirəyi quraşdırılmışdır. Meydanda Azərbaycan Respublikası Dövlət Rəmzləri Muzeyi inşa edilmişdir. Meydanın ərazisində fontan, müasir işıqlandırma sistemləri quraşdırılmış və 4310 m2 yaşıllıq zolaqları salınmışdır.
          Hesabat ilində 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalardan ibarət “ASAN Həyat” kompleksi tikilərək istifadəyə verilmişdir.
          Kompleksin yaxınlığında Viləş çayının yatağında təbii formada yaranmış adada park salınmış, müasir işıqlanma sistemi quraşdırılmış, yaşıllıq zolaqları salınmış, sakinlərin istirahəti üçün şərait yaradılmışdır. Bundan əlavə adanın çay yatağı olan hissəsinə dağ süxurları düzülmüş və ətrafa müxtəlif növ ağaclar əkilmişdir.
         Hesabat ilində şəhərin Heydər Əliyev Prospektində Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayon inzibati laboratoriya binası, Masallı rayonlararası Mühafizə Bölməsinin inzibati binası, Heydər Əliyev parkının ərazisində isə Tarix-Diyarşünaslıq muzeyi və Uşaq İncəsənət məktəbi tikilərək istifadəyə verilmişdir.  
        2012-ci ildən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Bu məqsədlə “Viləşçay” Su anbarının aşağı buferində su təmizləyici qurğu, 5000 m3 həcmində su anbarı inşa edilmişdir.
       Magistral xəttin uzunluğu 7 km, şəbəkədaxili xətlərin ümumi uzunluğu 209 km təşkil edir. Şəhər ərazisində verilcək su sərfi orta gündəlik norma ilə adam başına 180 litr qəbul edilmişdir. Hazırda şəhər ərazisi, Kosakül yaşayış məntəqəsi, Ərkivan qəsəbəsinin bir hissəsi də daxil olmaqla ümumilikdə 8600 sayğac quraşdırılmışdır.
        Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və “Viləşçay” su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılmışdır. Müəyyən maliyyə çətinliklərinin yaşanmasına baxmayaraq hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində  20 km-ə yaxın magistral  xətt çəkilmişdir.
         Eyni zamanda şəhər ərazisində kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar son tamamlama işləri aparılır.
      Hesabat ilində nəqliyyat vasitələrinin hərəkətinə ciddi maneələr yaradan İsgəndəli və Seybətin dairələri yenidən qurulmuş, həmçinin dairələrdə müasir işıqlandırma sistemi quraşdırılaraq  yaşıllıq zolağı salınmışdır.
      Cari ildə şəhərin əksər küçələrində səki və bordürlərin, hasarların təmiri işləri həyata keçirilmiş, Heydər Əliyev prospektində iki yerdə suötürücü kanalın davamlı işləməsi üçün yeni borular atılmış, 1000 p/m suötürücü kanalda təmir işləri aparılmışdır.
     Masallı şəhərində böyük bir layihə - Viləş Park Bulvar kompleksinin tikintisinə start verilmiş və çay yatağının beton məcraya salınması işlərinə başlanılmışdır. İlkin olaraq ümumi uzunluğu 750 p/m olan beton bəndin 230 p/m hissəsində işlər yekunlaşmışdır. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır.
     Hesabat ilində ümumilikdə 13 binanın, o cümlədən şəhərin C. Cabbarlı küçəsində yerləşən 28 saylı, Qurtuluş küçəsində yerləşən 109, 11, Qarabağ küçəsində yerləşən 11, 13b, 14,15,18,22,28,30, Heydər Əliyev prospektində yerləşən 54 və 58 saylı kommunal yaşayış binalarının dam örtüklərində və fasadlarında əsaslı təmir işləri başa çatdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 05 sentyabr 2016-cı il tarixli, 2302 saylı Sərəncamı ilə Masallı şəhərində 26 çoxmənzilli binanın təmir edilməsindən ötrü 3000000,0 manat vəsait ayrılmışdır. Hazırda ötən əsrin 70-80-ci illərində inşa edilmiş 26 kommunal yaşayış binalarının həyətlərində abadlıq işlərinə start verilmiş, binaların fasad və dam örtüklərində təmir işlərinə başlanılmışdır. Bundan əlavə daha 18 kommunal yaşayış binalarının təmirinə başlanılmışdır ki, bu da 230 yeni iş yerinin açılmasına səbəb olmuş və bununla da Masallı şəhərində yerləşən bütün çoxmənzilli binaların dam örtüyünün təmiri başa çatdırılacaqdır.
      Masallı şəhərinə aparılan abadlıq quruculuq işləri ilə yanaşı rayonun kənd və qəsəbələrində də 2016-cı ildə bir sıra abadlıq işləri görülmüşdür. Ərkivan qəsəbə ərazisində 400 p/m bardur düzülmüş, piyada səkilərinə 700 m2 piltə döşənmiş, yaşıllıq zolaqları salınmışdır.
     Boradigah qəsəbəsində 600 metr suötürücü kanallar təmizlənmiş, qəsəbənin küçələri müasir işıqlandırma sistemləri ilə təchiz edilmişdir.
           Masallı şəhərinin mərkəzi küçələrinin asfaltlanması istiqamətində xeyli işlər görülmüşdür. Belə ki, Heydər Əliyev Prospekti,  Həzi Aslanov, Rəfail Abbasov,  Qurtuluş, Sabir, Şəhriyar, Digah, N.Gəncəvi, Xətai və digər küçələrinin asfaltlanması başa çatdırılmışdır. Son illər ərzində şəhərin mərkəzi küçələrinə ümumilikdə 250,000 kv. metrdən çox asfalt örtük döşənmişdir.
     Müvafiq Dövlət Proqramları çərçivəsində və Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Masallıda təhsil infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
    Hesabat ilində 4 məktəb- 140 yerlik Çayqıraq, 140 yerlik Dəlləkoba, 120 yerlik Köhnə Zuvand və 180 yerlik Şatıroba kənd ümumi orta məktəbləri istifadəyə verilmişdir.
    Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülmüşdür. Hesabat dövründə  Xıl, Səmidxan, Gəyəçöl, Yeyənkənd və Babaser kənd həkim məntəqələri tikilərək istifadəyə verilmişdir. Hazırda Lürən, Məmmədoba həkim məntəqələrinin tikintisi davam etdirilir. Eyni zamanda rayon Mərkəzi xəstəxanasının əsaslı təmiri başa çatdırılaraq istifadəyə hazır vəziyyətə gətirilmişdir.
    Sosial infrastruktur şəbəkəsinin inkişaf tempi yüksəlməkdə və miqyası genişlənməkdədir. Masallı Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 10/04 kvt-lıq  xətlərdə təmir bərpa işləri aparılmış, əhalini daha dayanıqlı enerji ilə təmin etmək və itkilərin qarşısını almaq məqsədilə Masallı rayonunda elektrik xətt təsərrüfatının yenidən qurulması və abonentlərin “Smart” tipli sayğaclarla təmin olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Ərkivan qəsəbəsinin elektrik xətt təsərrüfatının yenidən qurulması nəzərdə tutulmuşdur ki, artıq bu istiqamətdə işlərə başlanılmış və Masallı-Yardımlı yolunun Ərkivan qəsəbəsindən keçən hissəsində dayaqlar dəyişdirilmiş, naqillər SİP kabelləşdirilmişdir. Bundan əlavə rayonun Əhmədli kəndində SİP kabel çəkilişi yekunlaşdırılmış, Təklə, Təzə Alvadı və Qızılağac kəndlərində isə davam etdirilir. İl ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 110 və 220 kvt-lıq yarımstansiyalarda da təmir bərpa işləri aparılmış, qəzalı vəziyyətdə olan dayaqlar yeniləri ilə əvəz olunmuşdur. 2016-ci ildə  rayonun Tüklə kəndi ərazisində 110/35/10 kV-luq “Tüklə yarımstansiyası” inşa edilərək istismara hazır vəziyyətə gətirilmişdir. Bundan əlavə Masallı şəhəri ərazisində “Azərişıq” ASC tərəfindən Masallı Enerji Təchizatı və Satışı İdarəsi üçün yeni inzibati binanın tikintisi işlərinə başlanılmışdır.
    Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar rayonun Sirəbil, Qızılağac, Hüseynhacılı, Məmmədoba, Öncəqala, Xıl və Sığıncaq kəndləri təbii qazla təchiz edilmişdir. Sığdaş, Xanalyan, Qodman, Babaküçə, Qasımlı, II Yeddioymaq, Bala Təklə və Şıxlar kəndlərində daşıyıcı orta təzyiqli qaz kəmərlərinin çəkilişi yekunlaşıb, hazırda sayğaclaşma işləri davam etdirilir. Rayon üzrə qaz alan abonentlərin sayı 34711 nəfərdir. Hazırda rayonun 5 yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi işləri aparılır. Bununla da 103 yaşayış məntəqəsindən 92-si qazla təmin olunmuşdur ki, bu da əhalinin 95%-ə yaxınının qazla təmin olunması deməkdir.
     Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi ilə kənd yollarının təmir edilməsi, həkim məntəqələrinin, uşaq bağçasının, əlavə sinif otaqlarının tikilməsi, icmanın abadlaşdırılması, su çəkilməsi, həmçinin bir sıra digər işlərin görülməsi 2016-cı ildə də həyata keçirilmişdir. Belə ki, bu layihə çərçivəsində hesabat ilində  ümumilikdə 93,63 km uzunluğunda kəndarası yollarda təmir işləri aparılmış, Xıl, Gəyəçöl, Səmidxan və Babaser kənd həkim məntəqələri tikilib istifadəyə verilmişdir. Bundan əlavə Xəlfələr kəndində 1960 metr, Abasbəyli kəndində isə 3350 metr su xəttinin çəkilişi, Köhnə Alvadı kəndində 7400 metr suvarma kanallarında təmizlik işləri həyata keçirilmişdir.
Son beş ildə rayon üzrə ümumilikdə 3420 şagird yerlik 21 məktəb binası, 17 səhiyyə müəssisəsi, 8 bağça, 4 idman obyekti, 7 mədəniyyət obyekti, 2 poçt filialı, 3 telekommunikasiya müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Bu dövr ərzində rayon üzrə 67,65 km, şəhərin mərkəzi küçələrinə isə 250,000 m2 asfalt döşənmişdir.
Son beş ildə rayon üzrə 103 yaşayış məntəqəsindən 87- i qazlaşdırılmış və rayon üzrə qaz alan abonentlərinin sayı 34711 nəfərə çatdırılmışdır.
Bu dövr ərzində əhalini daha dayanıqlı enerji ilə təmin etmək və itkilərin qarşısını almaq məqsədilə Masallı şəhərinin elektrik xətt təsərrüfatı yenidən qurulmuş və abonentlər “Smart” tipli sayğaclarla təmin olunmuşdur. Hazırda rayon üzrə 43857 nəfər abonent elektrik enerjisindən istifadə edir.
Son beş ildə Masallı şəhəri üzrə ümumilikdə 15 küçədə abadlıq quruculuq işləri aparılmışdır. Belə ki, 11 küçədə 26100 p/m bordür düzülmüş, piyada səkilərinə 46500 m2 piltə döşənmiş, 2100 m2 asfalt vurulmuş, 654 ədəd müasir işıqlandırma dirəkləri quraşdırılmışdır. Bundan əlavə şəhər ərazisində 9 inzibati bina, 1 idman, 6 mədəniyyət obyektləri tikilmişdir. Eyni zamanda 1 məktəb 1 bağça, həmçinin Mərkəzi rayon xəstəxanası əsaslı təmir edilmiş, 2 bağça üçün yeni bina tikilmişdir. Bu dövr ərzində şəhər ərazisində 5,0 ha ərazidə Heydər Əliyev parkı yenidən qurulmuş, 0,35 ha ərazidə Qəhrəmanlar parkı, 1,3 ha ərazidə Bayraq meydanının tikintisi başa çatdırılmışdır.
Şəhər ərazisində yerləşən 73 çoxmənzilli yaşayış binalarında əsaslı təmir işləri aparılmışdır.
Son beş ildə 47 məscidin həyətində xeyir-şər binaları tikilərək istifadəyə verilmişdir. Hazırda Masallı “Cümə məscidi”, Ərəb, Kalinovka, Qasımlı kənd məscidləri daxil olmaqla ümumilikdə dörd məsciddə  əsaslı təmir işləri davam etdirilir. Bu dövr ərzində 27 ərazidə istirahət mərkəzləri tikilərək istifadəyə verilmiş, 3 ərazidə isə tikinti işləri davam etdirilir.
Son beş ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi ilə ümumilikdə 267 km uzunluğunda kəndarası yollarda təmir işləri aparılmış, Şərəfə, Türkoba, Xıl, Gəyəçöl, Səmidxan və Babaser kənd həkim məntəqələri, Sərçuvar kənd uşaq bağçası, Əmirtürbə, Ləngan, Mololon kəndlərində əlavə sinif otaqları tikilib istifadəyə verilmişdir. Bundan əlavə son beş ildə Sığdaş kəndində 5000 metr, Xəlfələr kəndində 1960 metr, Abasbəyli kəndində isə 3350 metr su xəttinin çəkilişi, Türkoba kəndində 9500 metr, Əhmədli kəndində 8900 metr, Köhnə Alvadı kəndində 7400 metr suvarma kanallarında təmizlik işləri həyata keçirilmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Masallı rayonu üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilmiş və əsas makroiqtisadi göstəricilər üzrə müsbət dinamika əldə olunmuşdur. Yeni qəbul olunmuş III Dövlət proqramı bu inkişafın daha sürətlə aparılmasını və əhatə dairəsinin genişlənməsini təmin edəcəkdir.
         Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 % artaraq 571,3 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 38,1 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 2,8 faiz artaraq 112,6 milyon manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 3,3 faiz artaraq 73,6 milyon manat olmuşdur.
         İl ərzində adambaşına düşən pul gəlirləri 2640 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 288,1  manat olmuşdur.
2016-cı ildə Masallı rayonunun gəlirləri 27 milyon 137 min 969 manata qarşı 27 milyon 441 min 169 manat və ya 100,1 % icra olunmuşdur. O cümlədən yerli gəlirlər üzrə 8 milyon 238 min manata qarşı 8 milyon 541 min 200 manat və ya 103,6 faiz icra olunmuşdur. Rayonun yerli xərcləri isə 27 milyon 137 min 969 manata qarşı 25 milyon 968 min 600 manat və ya 95,6 % icra olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. 2016-cı ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 57 layihə üzrə 10 milyon 719 min 500 manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına, fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 224 yeni iş yerinin açılmasına səbəb olmuşdur.
Rayonda əmək bazarının mövcud vəziyyətinin qiymətləndirməsi və kadr potensialına dair müvafiq proqnozların hazırlanması məqsədilə mərkəzləşdirilmiş məlumat bazasının yaradılması qərara alınmışdır. Həmçinin dövlət müəssisələrində açılmış vakant iş yerlərinə rayon Məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmış vətəndaşların ilk növbədə növbəlik siyahısı üzrə işlə təmin olunmasına  nəzarət olunmuşdur. Ayrı-ayrı təşkilatlar üzrə təqdim olunmuş 654 vakant iş yerləri üzrə Mərkəz tərəfindən göndərişlər verilməklə 654 nəfər işlə təmin olunmuşdur.
2016-cı ildə Masallı Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 2601 nəfər müraciət etmiş və qeydiyyata alınmışdır ki, onların da 411-i qadınlardır. Qeydiyyata alınanlardan  1027 nəfərinə göndəriş verilmiş və onlardan 993 nəfəri işlə təmin olunmuşdur ki, bunların da 158 nəfərini qadınlar təşkil edir.
              Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 03 sentyabr 2016-cı il tarixdə Masallı rayonuna səfəri zamanı “Asan Həyat” Kompleksi istifadəyə verilmişdir ki, burada da 170-i daimi, 80-i könüllü olmaqla ümumilikdə 250 yeni iş yeri yaradılmışdır.
              Hesabat ilində Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində 108, Lənkəran Regional Qaz İstismarı İdarəsi Masallı Xidmət Sahəsində isə 241 nəfər, ümumilikdə isə idarə- müəssisələrdə 654 nəfər işlə təmin edilmişdir. Bundan əlavə Masallı şəhərində çoxmənzilli binalarda aparılan təmir işləri ilə əlaqədar 308 nəfər müvəqqəti iş yeri ilə təmin edilmişdir.
            2016-cı ildə istifadəyə verilmiş istehsal, emal və xidmət obyektləri yeni iş yerlərinin açılmasına öz təsirini göstərmişdir. Hesabat dövrü ərzində 3027 yeni iş yeri açılmışdır ki, onlardan 2599-u daimidir.
           2016-cı ildə Masallı rayonunda da kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülmüşdür.
           Masallı rayonunda kənd təsərrüfatı dövriyyəsində olan 24925 ha əkin sahəsi mövcuddur ki, 2016-cı ildə bu torpaqlardan 17956 ha əkilmişdir. 2016-cı ildə rayonda 14,0 ha tütün, 7,0 ha çəltik, 80,0 ha çiyələk, 1043,0 ha kartof əkilmiş və həmçinin 38,0 ha ərazidə çay plantasiyaları salınmışdır. Bundan əlavə 4800,0 ha sahədə müxtəlif tərəvəz və bostan məhsulları, 11852 ha sahədə isə taxıl əkilmişdir.
          Rayonda 11582 ha taxıl əkilmişdir ki, ondan 8141 hektarını buğda, 3441 hektarını arpa, 1539 ha dənlik vələmir əkini təşkil edir. Eyni zamanda il ərzində 1043,5 ha kartof, 492 ha bostan və 2542 ha tərəvəz əkini aparılmışdır. Əkilmiş 11582 hektarlıq taxıl sahəsindən ümumilikdə 29085 ton məhsul götürülmüşdür ki, bundan 21015,1 tonu buğda, 8086,1 tonu arpa olmuşdur.  Bundan əlavə 1043,5 ha kartof sahəsindən 15382 ton, 492 ha bostan sahəsindən 6560 ton və 2542 ha tərəvəz sahəsindən 63112,9 ton məhsul götürülmüşdür.
           2016-cı ilin payız aylarında havaların əlverişsiz keçməsinə baxmayaraq rayonda 2017-ci ilin məhsul istehsalı üçün 15069 ha sahədə şum vurulmuş və 11653 ha sahədə payızlıq əkinləri aparılmışdır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1300 hektardan artıqdır ki, bu da digər ənənəvi bitkilərin əkilməsi hesabına artmışdır.
          2016-cı ildə rayonun kənd, meşə, balıqçılıq təsərrüfatında 19.2 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.4 min manat və ya 8.2 % çoxdur. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 176.8 manat olmuşdur.
          01 yanvar 2017-ci il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 73210 başa, xırda buynuzlu mal-qaranın baş sayı 84942 başa çatmışdır. Hesabat dövrü ərzində süd istehsalı 49871,8 tona, ət istehsalı 5862,2 tona, yumurta istehsalı 56.700.000 ədədə çatmışdır.
      Hesabat ilində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya  46,2 ton kartof, 40,2 ton soğan, 3 ton kələm, 20 ton badımcan, 3,4 ton noxud, 2,8 ton mandarin və 23350 ədəd yumurta göndərilmişdir.
       220 mindən çox sakini olan Masallı rayonunda əhalinin 90%-ə qədəri kəndlərdə yaşayır və əkinçiliklə məşğul olur. Dəfələrlə qeyd etdiyimiz kimi Masallı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi və gəlirli sahəyə çevrilməsi qarşımızda duran ən prioritet məsələdir.
       Rayon üzrə 24929 ha əkinə yararlı torpaq sahəsi mövcuddur. Ondan 9000 hektarı uzun müddətdir ki, mülkiyyətçilər tərəfindən əkilmir. Hazırda əkinlərin 12 min hektarını taxıl sahələri təşkil edir. Lakin bölgənin torpaq-iqlim şəraiti az əməktutumlu olan taxılçılıq sahəsini səmərəsiz və əsasən qeyri-rentabelli edir. Belə ki, 12 min ha taxıl sahəsində cəmi 120-130 iş yeri yaranır, ümumi gəlir 5,0 mln manatı keçmir. 100 ha tərəvəz sahəsində isə 300 iş yeri yaranmaqla 5,0 mln manatdan artıq xalis gəlir əldə etmək mümkündür. Məhsulun yaxın xaricə, Rusiya bazarlarına çıxarılması imkanları da genişdir.
        Əvvəllər rayon tərəvəzçilik və çayçılıq üzrə ixtisaslaşmış və 6,0 min hektara yaxın sahədə tərəvəz, 3340 hektarda çay plantasiyaları və 3,0 min  hektarda üzüm bağları  salınmışdı. Buradan ildə 150,0 min ton tərəvəz, 10,0 min ton çay yarpağı və 26,0 min ton üzüm  məhsulu toplanırdı. Bu gün rayonda əkilən tərəvəz sahələrinin həcmi 2500 hektara, üzüm sahələri isə 20 hektar təşkil edir. 100,0 hektarda çay plantasiyası salınmasına başlanmışdır. Nəzərə alsaq ki, Masallıda əhalinin 90%-ə yaxını kəndlərdə yaşayır və onların yeganə gəlir mənbəyi torpaqdır. Ona görə də burada torpaqdan səmərəli istifadə olunmaqla kənd təsərrüfatının inkişafı cox böyük əhəmiyyət daşıyır. O cümlədən rayonda ənənəvi sahələrdən olan çəltikçiliyin, tütünçülüyün, baramaçılığın, sitrus və suptropik meyvəçiliyin inkişafı üçün geniş imkanlar mövcuddur.
İlkin mərhələdə 7000 ha tərəvəz sahəsinin  və 1500 ha  çay plantasiyasının salınması məqsədəmüvafiqdir. Bu istiqamətdə “Azərsun” holdinq tərəfindən ilkin addımlar atılmış və rayonun Qızlağac kəndində 150 ha müasir texnologiyaya əsaslanan tərəvəz sahəsi, Kolatan kəndində isə 100 ha çay plantasiyası salınmışdır. Bu təcrübə öz müsbət nəticələrini verir və 200 ha sahədə ümumilikdə hələlik 600-ə yaxın yeni iş yeri açılmışdır. Nəzərdə tutulan həcmdə əkinlər aparılarsa bu rəqəmləri əsas götürsək  salınması nəzərdə tutulan 7000 ha tərəvəz sahəsində 21000-nə yaxın yeni iş yerləri yaranacaqdır. Bu sahələrin inkişafı və zaman keçdikcə genişlənməsi turizm sahəsini və kənd təsərrüfatı məhsullarının emalı sahələrinin inkişafına səbəb olacaqdır.
           Rayonda çayçılıq, üzümçülük və tərəvəzçilik sahələrində  müəyyən işlər görülmüşdür. Belə ki, 5 hektar  sahədə keçmişdə mövcud olan çay sahəsi bərpa edilmiş və rayonun Kolatan  kəndi ərazisində “Azərsun Holding” şirkəti tərəfindən 100 hektar sahə çay əkini aparılması üçün hazır vəziyyətə gətirilmiş və 50 ha sahədə çay bitkisi əkilmişdir.
          Qızılağac kəndində “Azərsun Holding” tərəfindən 150 ha müasir texnologiyalarla  tərəvəz bitkilərinin  yetişdirilməsi üçün  torpaq sahəsi ayrılmış və həmin sahədə 100% əkin işləri aparılmışdır.  Qızlagac bələdiyyəsi tərəfindən də  20 ha torpaq sahəsində tərəvəz əkilmişdir. Rayonun ayrı-ayrı kəndlərində ümumilikdə 14 ha sahədə tütün əkini aparılmışdır.
          Qarşıdakı ildə isə rayon ərazisində 100 ha sahədə çəltik, əlavə olaraq 25 ha sahədə çiyələk və 1000 ha sahədə çay plantasiyasının salınması nəzərdə tutulmuşdur. Bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Belə ki, 550,0 hektar sahədə çay plantasiyalarının salınmasından ötrü torpaq mülkiyyətçilərindən razılıq alınmış və həmin torpaq sahələrinin xəritə sxemləri hazırlanmışdır.
           Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrinin saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisəsinin tikilməsi zərurətini yaratmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında 11 aprel 2016-cı il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə hesbat ilində Masallı rayonu ərazisində “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tərəfindən regional tədarük mərkəzi yaradılmışdır. Hazırda rayonda fəaliyyət göstərən 300-ə yaxın fermer istehsal etdikləri məhsullar barədə tədarük mərkəzinə müvafiq məlumatlar vermişdir.
Rayon üzrə 24 964 ha əkin sahəsinin 17000 hektarı suvarılan torpaqlardır.  Ərazidə əkinlərin suvarılması 46 mln kub.m su tutumu olan Viləşçay su anbarı və 3,0 mln kub.m su tutumu olan Babaser su anbarı vasitəsi ilə aparılır. Lakin faktiki olaraq rayon üzrə 9 892 ha torpaq sahəsi (40 %) suvarma suyu ilə təmin edilir.  Suvarılan sahələrin 4 500 ha qapalı şəbəkələr vasitəsilə (bu sistem əsasən sıradan çıxmışdır), 5392 ha isə açıq torpaq kanallar vasitəsilə suvarılır. Rayonun Xəzər dənizi ətrafında, Muğan zonası adlanan ərazidə yerləşən yaşayış məntəqələri dəniz səviyyəsindən 20 metr aşağıda yerləşdiyi üçün həmin  torpaqların 85 faizi şoranlaşmış, bataqlıqlar yaranmışdır. Ərazilərdə kollektor-drenaj şəbəkələrinin çəkilməsinə ciddi ehtiyac vardır.
        Viləşçay su anbarının ikinci növbəsinin tikintisini davam etdirmək zəruridir. Bəndin hündürlüyünün artırılması və digər tədbirlərin həyata keçirilməsi ilə faydalı həcmi 80,0 mln.m3 olacaq Viləşçay su anbarının ikinci növbəsinin tikilməsi nəticəsində 20 100 ha ( o cümlədən 1 746 hektarın su təminatının yaxşılaşdırılması, 18 354 ha yeni suvarılan sahələr) əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi mümkün olacaqdır. Eyni zamanda layihənin texniki-iqtisadi əsaslandırılmasında əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 40,0 km uzunluğunda suvarma kanallarının üzərindəki hidrotexniki qurğularla birlikdə, 8 ədəd nasos stansiyasının tikilməsi və digər işlərin yerinə yetirilməsi mümkün olacaqdır. Həmin layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalana biləcəkdir.
Mütəxəssislərin hesablamalarına görə Viləşçay su anbarının ikinci növbəsinin, eləcə də 20 100 ha əkin sahələrinin su təminatı üçün suvarma şəbəkəsi, 7 800 ha sahədə isə kollektor-drenaj şəbəkəsinin tikintisinin həyata keçirilməsi üçün təxminən 250,0 mln manat vəsait tələb olunur. Təklif ölkə rəhbərliyi tərəfindən müsbət qiymətləndirilmiş və bu istiqamətdə hazırlıq işləri görülür.
      Masallı rayonunda Sənaye məhəlləsinin yaradılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 13 iyun 2016-cı il tarixdə Sərəncam imzalanmışdır. Artıq rayonda Sənaye məhəlləsinin tikilməsi üçün hazırlıq işlərinə başlanılmışdır. Masallı şəhər ərazisində Sənaye məhəlləsinin yaradılması məqsədi ilə Ələt-Astara aftomobil yolunun 165-ci kilometrində sol tərəfdə Masallı şəhəri ərazisində yerləşən 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2016-cı il tarixli 544s nömrəli Sərəncamına əsasən həmin torpaq sahəsinin kateqoriyası dəyişdirilərək sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilmişdir. Hazırda sənaye məhəlləsinin yaradılması ilə əlaqədar rayondan olan kiçik və orta sahibkarlarla müzakirələr aparılmış və fəaliyyət göstərmək istəyən sahibkarlar barədə müvafiq məlumatlar toplanılmışdır. Sənaye məhəlləsinin tikintisi Masallı iqtisadiyyatının sürətli inkişafına və təkmilləşməsinə yeni təkan verəcəkdir.
       Elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi ilə əlaqədar Masallı rayonu ərazisində dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi işlərinə başlanılmışdır. Belə ki, hesabat ilində rayonun 10 bələdiyyəsinin ərazisində işlərə başlanılmış və artıq 6 (Banbaşı, Həsənli, Təklə, Xırmandalı, Çaxırlı, Şərəfə) bələdiyyənin ərazisində xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı pay torpaqları ilə bağlı 22 kənddə çöl işləri başa çatdırılmışdır.
       Hazırda Masallı şəhər, Ərkivan qəsəbə və daha iki bələdiyyələrin ərazisində yaşayış məntəqəsi torpaqlarının elektron uçotu ilə bağlı işlər davam etdirilir.
           Hesabat dövründə Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 135 min m3 həcmində və 29 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparıldığından bu şəbəkələrə texniki baxış keçirilərək təmir işləri görülmüşdür.         
           Hesabat dövrü ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 13 ha sahədə meşə əkini 29 ha sahədə meşə səpini işləri aparılmış, 16 ha sahə kollardan təmizlənmişdir.
       Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.
       Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən hesabat dövründə proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 5837,3 min manata qarşı 6265,9 min manat və ya 107,3 %, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 1766,0 min manata qarşı 1328,8 min manat və ya 75,2% yerinə yetirilmişdir. Şöbədə hazırda 27 min 849 nəfər əmək pensiyaçısı uçotdadır. Hesabat dövründə 956 nəfərə əmək pensiyası təyin olunmuşdur.
       2016-cı ildə Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən yaşa görə 15349, əlilliyə görə 10412, ailə başçısını itirən kimi 1740 nəfərə əmək pensiyası ödənmişdir.     
        Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən rüb ərzində yerinə yetirilən sanitar təmizləmə işlərinin həcmi artırılaraq gündəlik 34 min m2-ə çatdırılmışdır. Ərazidən gündəlik daşınan bərk tullantıların həcmi 120-130 m3 olmuşdur. Atılan bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanmışdır.
       Şəhərin küçə və prospektlərində yığıla biləcək yağış və qar sularının axıdılması üçün su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtlı-vaxtında təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda park, xiyaban, küçə və prospektlərin işıqlanmasından ötrü 2000 dən artıq işıq dirəklərinə, həmçinin 35 ha yaşıllıq sahəsinin təmiz saxlanılmasına xidmət göstərilmişdir.
Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət alsa da hələ də 30 yeni məktəbin tikintisinə və təmirinə ehtiyac vardır. Həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd uşaq bağçası qəzalı vəziyyətdədir. Məktəbəqədər uşaqların uşaq bağçalarına cəlbi cəmi yeddi faiz təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Bu problemlərin həlli ilə bağlı xüsusi proqram hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.
Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən Masallı Dövlət Regional Kollecinin və Peşə məktəbinin maddi texniki bazasının yaxşılaşdırılması həlli vacib məsələlərdəndir.
      Son illərdə ali məktəblərə qəbul olan tələbələrin sayı ilbəil artmaqdadır. Bu il qəbul imtahanlarında iştirak etmiş 635 məzunumuzdan 414 nəfəri ali məktəblərə qəbul olmuşdur. Onlardan 33 nəfər 600-dən yuxarı bal toplamışdır. Şəhər 3 saylı orta məktəbin məzunu Abuzərli Süleyman Həmdulla oğlu 686 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmiş və Prezident təqaüdünə layiq görülmüşdür.
        Bundan əlavə orta ixtisas məktəblərinə sənəd vermiş 346 abituriyentdən 178 nəfəri respublikanın müxtəlif kolleclərinə qəbul olunmuşdur ki, onlardan 81 nəfəri qızlardır. 
        Hesabat dövründə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
       2016-cı ildə rayonda 2735 nəfər uşaq doğulmuşdur. Uşaq ölümü isə 5,5 promil, evdə doğuş 0,5 promil olmuşdur. İl ərzində perinatal ölüm 4,4 promil, erkən neonatal ölüm 1,1 promil, ölü doğulan 3, 3 promil olmuşdur.
        Bundan əlavə yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri davam etdirilmiş, il ərzində 2510 nəfər  uşağa vərəm əleyhinə BSJ, 1734 uşağa Hepatit B əleyhinə, 12368 uşağa göy öskürək-difteriya-tetanus əleyhinə, 7019 uşağa qızılca-parotit-məxmərək əleyhinə, 9519 uşağa isə poliomelit əleyhinə peyvəndlər vurulmuşdur.
        Rayon əhalisinin tibbi müayinəsi bu il də uğurla davam etdirilmişdir. Belə ki, hesabat ilində rayonumuzda 164874 nəfər tibbi müayinədən keçirilmişdir.  Müayinələr zamanı 5925 nəfər xəstə aşkar edilmişdir ki, onlardan 5635 nəfər ambulator, 288 nəfər  stasionar müalicəyə cəlb olunmuşdur. Aşkar olunan xəstələrdən 187 nəfəri daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə müxtəlif profilli klinikalara göndərilmişdir. Bununla bərabər hesabat ilində uşaqların dispanserizasiyası da həyata keçirilmiş və hazırda bu iş davam etdirilir. Hesabat ilində 45496 uşaq müayinə edilmişdir ki, bunlardan 2580 nəfərində müxtəlif xəstəliklər aşkar edilərək dispanser qeydiyyatına götürülmüş və müalicəyə cəlb olunmuşdur. 272 uşaq daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə göndərilmişdir.
          İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi də diqqət mərkəzindədir. Xüsusilə şəkərli diabeti olan 5337 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir.
          Hazırda rayonda 112 nəfər xroniki böyrək çatışmamazlığı xəstəsi vardır ki, onlardan 71 nəfəri dövlət hesabına hemodializ edilir.
Artıq Ölkə başçısının tapşırığına əsasən 2015-ci ilin may ayının birindən başlayaraq rayonumuzda da nikaha daxil olan cütlüklərin tibbi müayinəsi həyata keçirilir. Bu müddət ərzində nikaha daxil olan cütlüklərdən ümumilikdə 4280 qan nümunəsi götürülərək müayinə olunmuşdur. Müayinə zamanı 96 nəfərdə talassemiya, 3 nəfərdə QİÇS, 8 nəfərdə sifilis  aşkar edilmişdir. 
           Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi il ərzində mütəmadi olaraq ərazilərdə reydlər keçirmiş, yoluxucu xəstəliklərə qarşı peyvəndlər aparmış və rayonda istehsal olunan 15 növ yeyinti məhsuluna gigiyenik sertifikat alınmışdır.
           Masallı Dezinfeksiya Stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlərdə 347438 m2 sahədə gəmiricilərə qarşı mübarizə, 246200 m2 sahədə isə həşəratlara qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.
           Masallı Regional Mədəniyyət və Turizm idarəsi hesabat dövründə əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır.
Turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daimi diqqət mərkəzində saxlanılmalıdır.
          Turizm sahəsində mövcud problemlərdən biri də obyektlərə nəzarət sisteminin və təsir vasitələrinin zəif olmasıdır. Bu sahəyə nəzarət sisteminin gücləndirilməsi, təsir vasitələrinin sərtləşdirilməsi, habelə turizm infrastrukturunun yaxşılaşdırılması gələcəkdə rayonumuzun turizm potensialının inkişaf etdirməklə iqtisadi cəhətdən daha böyük gəlirlərin əldə edilməsinə şərait yaradacaqdır.
          Masallı rayonunda fəaliyyət göstərən 33 turizm obyekti hesabat ilində cari ilin 24740 nəfər turist qəbul etmişdir ki, onun 1600 nəfəri xarici vətəndaş olmuşdur.
          Turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daimi diqqət mərkəzində saxlanılmalıdır.
Rayonda turizmin sürətli inkişafını təmin etdirmək məqsədi ilə Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur. Bununla bağlı əlaqədar təşkilatlara müraciətlər ünvanlanmış və ilkin razılıq əldə olunmuşdur. Hazırda məsləhətləşmələr və araşdırmalar aparılır. İnanırıq ki, bu layihənin icrası nəyin ki, Masallıda, bütün regionda turizmin inkişafına böyük təkan verəcəkdir.
Heydər Əliyev Mərkəzində Ümummilli liderimiz Heydər Əliyevin siyasi və təşkilati irsinin öyrənilməsində, gənclərin dünyagörüşünün genişləndirilməsində, bilik və bacarığının artırılmasında mühüm əhəmiyyət kəsb edən xalçaçılıq, heykəltəraşlıq emalatxanaları, həmçinin kinostudiya müxtəlif xalq sənətkarlığı və poliqrafiya dərnəkləri fəaliyyət göstərir. Bundan əlavə Mərkəzdə internet kafe, 3D formatlı kinozal, intellektual oyunlar otağı, elektron kitabxana, 250 yerlik tamaşa-konfrans zalı  gənclərin və şagirdlərin istifadəsinə verilmişdir. Hazırda Mərkəzdə müxtəlif kurslar, o cümlədən milli rəqs dərnəkləri,  xarici dil və rəssamlıq kursları fəaliyyət göstərir.
Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində son dörd ildə 249 qanun pozuntusu aşkarlanmışdır. Aşkarlanmış qanun pozuntuları ilə əlaqədar Polis şöbəsinə 36, rayon Prokurorluğuna 4, Məhkəməyə 57 rəsmi müraciət ünvanlanmışdır. Bu müraciətlərdən 73-ü barəsində inzibati məsuliyyətə cəlb olunma, 49-u barəsində isə xəbərdarlıq qərarları çıxarılmışdır. Görülmüş tədbirlər nəticəsində 21 yarım tikili sökülərək 12 ha zəbt olunmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi boşaldılmışdır.
Rayon Məhkəməsinə ünvanlanmış 57 müraciət barəsində təəssüf ki, heç bir qərar çıxarılmamışdır.Bir çox hallarda dövlət torpaqlarında, çox mənzilli yaşayış binalarının həyətlərində, bələdiyyə torpaqlarında və meşə fondu torpaqlarında tikilən özbaşına tikintilərin sökülməsi ilə bağlı qaldırılmış iddialara məhkəmələr tərəfindən laqeyd münasibət göstərilir və bir çox hallarda qanunsuz hərəkətlərə yol vermiş fiziki və hüquqi şəxslərə bəraət qazandırılır, onların əməlləri qanuniləşdirilir. Torpaqların zəbt edilməsi, bələdiyyə və dövlət mülkiyyətinə aid torpaqları saxta sənədlər tərtib edərək ayrı-ayrı vətəndaşlara satılması ilə əlaqədar Masallı şəhər bələdiyyəsinin sabiq sədri, Kolatan və Köhnə Alvadı kənd bələdiyyələri barədə məlumatlar toplanaraq araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilmişdir.
Yerli səviyyədə dövlət şəhərsalma nəzarəti çərçivəsində rayon ərazisində müvafiq icazə almadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilmədən yaşayış evlərinin tikintisi, habelə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində özbaşına tikinti aparılması ilə əlaqədar 27 halda qanun pozuntusu aşkar edilmiş və fiziki şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə cərimə qərarı çıxarılmış, bir obyektin sökülməsi barədə isə iş məhkəmə icraatındadır.  İl ərzində isə 2 fiziki şəxs barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı icra olunaraq özbaşına tikililər sökülmüşdür. Qanun pozuntusu aşkar edilmiş 27 obyektdən 14 halda sahibkarlıq obyektinin, 13 halda isə yaşayış evlərinin inşasını həyata keçirən sifarişçilərin hər birinə tikinti işlərinin dayandırılması barədə müvafiq xəbərdarlıq edilmiş və pozuntular barədə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəsmi məlumatlar göndərilmişdir.
          Görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir.     
           Rayon ərazisində qazlaşdırmanın sürətlə davam etdirilməsi və planlaşdırıldığı kimi il sonuna qədər rayon ərazisinin 95 faizinin qazla təmin edilməsi həyata keçiriləcəkdir.
          Bildiyiniz kimi elektrik xətt təsərrüfatı istifadəyə yararsız vəziyyətdədir. Bu xətt təsərrüfatının yenilənməsinin həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Viləş çayının Masallı səhəri ərazisindən keçən hissəsində bənd – bərkitmə işlərinin başa çatdırılması və burada park-bulvar kompleksinin inşası ən böyük layihələrimizdəndir. Bu layihənin başa çatdırılması şəhərin simasını tamamilə dəyişəcək və ona xüsusi gözəllik verəcəkdir.
Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası  yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması qarşımızda duran əsas vəzifələrdəndir.
          Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, ixtisaslaşmanın sürətlə aparılması, tütünçülüyün, üzümçülüyün tərəvəzçiliyin və kartofçuluğun inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının və tədarük mərkəzlərinin yaradılması həlli vacib layihələrdəndir ki, bütün bunlar əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edir. Bundan əlavə fındıq bağlarının salınmasına, heyvandarlığın inkişaf etdirilməsinə də xüsusi diqqət yetirməliyik. Eyni zamanda Masallı şəhərində “Sənaye məhəlləsi”, “Logistik mərkəz” və “Yaşıl market” layihələrinin sürətlə reallaşdırılması diqqət mərkəzimizdə olacaqdır.
       Masallı rayonunda Viləşçay Su Anbarının ikinci növbəsinin tikilməsi və bəndin ümumi su tutumunun 120 mln m3-ə çatdırılması ilə bağlı təklifimiz ölkə rəhbərliyi tərəfindən bəyənilmişdir. Bu istiqamətdə hazırlıq işləri aparılır və bəndin ikinci növbəsinin tikintisi nəinki Masallının bütün regionun iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir.
      Bundan əlavə rayonda turizmin inkişafı rayon iqtisadiyyatının əsas sahələrindən birini təşkil edir. Bu səbəbdən bütün regionu əhatə edən və bir mərkəzdən idarə olunan Turizm İstirahət şəhərciyinin İsti-Su zonasında salınması ilə bağlı irəli sürdüyümüz təklif reallaşmaq ərəfəsindədir. Bu istiqamətdə səylərimiz davam edəcəkdir.
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Masallı rayonunda sahibkarlığın inkişafına dəstək vermək, onlara köməklik göstərmək və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək ən ümdə vəzifələrimizdəndir. Habelə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, məmur-vətəndaş münasibətlərinin daha yüksək səviyyədə təşkili istiqamətlərində ardıcıl və sərt tədbirlərin görülməsi bundan sonra da daha geniş şəkildə davam etdiriləcəkdir.
Bildiyiniz kimi 2017-ci il Azərbaycan respublikasının Prezidenti tərəfindən “İslam Həmrəyliyi” ili elan olunmuşdur. Bu Sərəncamdan irəli gələn vəzifələrin Masallı rayonunda icrası ilə əlaqədar bütün imkanlar səfərbər olunacaq və bu vacib məsələ daim diqqət mərkəzində saxlanılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, Respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarımızdan istifadə edəcəyik.

 

Tədbirdə çıxış edənlərdən Masallı şəhər Asan Xidmət Mərkəzinin rəisi Vidadi Muxtarov, Masallı rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov, Masallı şəhər Kənd Təsərrüfatı idarəsinin rəisi Seymur Nuriyev, masallı şəhər dədinə məktəb liseyinin müəllimi Firdovsi Dəyyanov, hacıtəpə kənd dini icmasının sədri Nəcəfqulu Quliyev, sahibkar Etibar Sadıqov və başqaları 2016-cı ildə Masallı rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışmış, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı təkliflərini bildirmişlər.
Toplantıda Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, millət vəkilləri Nəriman Əliyev, Elmira Axundova və Musa Qasımlı çıxış edərək 2016-cı ildə rayonda görülmüş işləri yüksək qiymətləndirmiş, 2017-ci ildə görüləcək işlərin uğurlu olacağına inandıqlarını əminliklə ifadə etmişlər.
Yığıncağın yekunu ilə bağlı rayon sakinləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul edilmişdir.
Sonda rayon icra hakimiyyəti başçısı adından rayonun ictimai siyasi həyatında fəal iştiraklarına görə bir neçə nəfər rayon İcra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər