Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 31 mart soyqırımı qurbanlarına həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir

31 mart 2017 | 16:00

31 mart 2017-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların soyqırımı qurbanlarınına həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdə Masallı rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və aparatı, ərazi nümayəndələri, idarə-müəssisə rəhbərləri, ictimai təşkilatların nümayəndələri, KİV əməkdaçları iştirak etmişlər .
Tədbiri giriş sözü ilə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq qeyd etmişdir ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu son yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. İki əsrdir mənfur erməni xisləti ilə üz-üzə qalmağımız, ermənilərin Azərbaycanlılara qarşı kütləvi qırğınların həmin vaxtdan bu günümüzə kimi davam etməkdə olmasıdır. Azərbaycan Republikasının Prezidenti Heydər Əliyevin 1998-ci il martın 26-da, 1918-ci ilin mart hadisələrinin 80-cı ildönümü ərəfəsində, imzaladığı fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verildi. Bu fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu.
Tədbirdə rayon Ağsaqqallar Çurasının sədri Ələşrəf Niftiyev məruzə ilə çıxış etdi. Natiq bildirdi ki, Azərbaycanlılara qarşı əsrlərlə davam edən soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə Azərbaycanlı qəddarlıqla qətlə yetirilib. Rusiya ilə İran arasında gedən iki müharibənin (1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır.  Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir. 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200,  Şuşa,  Cəbrayıl  və  Zəngəzurun 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər ərazilərdə həyata keçirilib. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilmişdir. İrəvanda – azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər isə öldürülüb.
Məruzə ətrafında müzakirələrdə Xocavar kənd tam orta məktəbinin müəllimi Həlimə Əhmədova, Kalinovka kənd tam orta məktəbinin müəllimi Rafiq Babayev, QMİ-nin cənub üzrə qazisi Mirqiyas Ağa Təhməzov və başqaları çıxış edərək, erməni vandallarının törətdiyi fəlakətlərdən danışdılar. Xüsusi vurğulandı ki, 26 mart 1998-ci ildə Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" kimi qeyd olunması üçün imzaladığı xüsusi fərman bu faciəyə verilən tutarlı siyasi qiymətdir.

Keçidlər