Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda jurnalistlərin növbəti infoturu

15 may 2017 | 16:00

13-15 may 2017-ci il tarixlərdə Masallıda jurnalistlərlin növbəti infoturu keçirildi.

Vaxtaşırı belə görüşləri təşkil etmək Masallıda artıq ənənə şəklini alıb. Budəfəki tədbirə ölkənin aparıcı sayt və qəzetlərinin rəhbərləri və əməkdaşları qatılmışdı.
Masallı RIH başçısı cənab R.Hüseynov KİV nümayəndələri  ilə ənənəvi görüşündə rayonda həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Masallıda görülən işlər respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan işlərin tərkib hissəsidir. Masallı indi islahatların əsas mərkəzlərindən sayuılır. Qeyri-neft sektorunun inkişaf etdirilməsi indi əsas vəzifələrdən biridir. Bilirsiniz ki, 11 aprel 2017-ci ildə “ Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident Sərəncam imzalayıb. Həmin Sərəncam ölkədə kənd təsərrüfatının, bütövlükdə aqrar sahənin inkişaf etdirilməsinə yönəlik  direktiv sənəddir. Hazırda rayonda çayçılığın, çəltikçiliyin inkişaf etdirilməsi üzrə layihələr icra edilir. Görülən işlər, son nəticədə, insanların sosial rifahının yüksəldilməsinə istiqamətlənib.
   Tədbir iştirakçıları Heydər Əliyev Parkını gəzib, uşaq-incəsənət məktəbində, Tarix-Diyarşünaslıq Muzeyində, “ASAN həyat” kompleksində, Bayraq Meydanı və Azərbaycanın Dövlət Rəmzləri Muzeyində olub, Masalının gözəl və əsrarəngiz təbiətini görüblər. Tarix-Diyarşünaslıq Muzeyindən, hündürlükdən Masallını seyr ediblər. Uşaq-incəsənət məktəbində müsabiqə konsertinə tamaşa etdilər. Mediya nümayəndələri Tarix-Diyarşünaslıq Muzeyinin "Xatirə kitabı"nda öz ürək sözlərini yazdılar. Tədbirin növbəti hissəsi Masallının İstirahət mərkəzində, "Viləş-otel"də baş tutdu. "TİA.az", "Kaspi.az", "Azadinform", "Azərfaks.az", "Qafqazinfo. az", "Qaynarinfo.az", "Teleqraf. com", "Publika.az", "Bakipost.az və s. mətbuat orqanlarından  30-a yaxın jurnalistin şərəfinə verilən məclis maraqlı diskussiya şəraitində keçdi. Öncə Masallı RİH başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı çıxış edərək Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun salamını jurnalistlərə çatdırdı. Daha sonra son illər Masallıda görülən işlərdən söz açdı. O, çıxışında qeyd etdi ki, hər birimizin bir-birimizə ehtiyacımız var. Üzbəüz görüşlərin faydası isə daha faydalı olur. Bəzi müqayisələr aparsaq görərik ki, Masallının ən fərqli cəhəti odur ki, burada hər kvadratmetrə düşən insanların sayı ölkə üzrə müqayisədə ən azı 3 dəfə çoxdur. Artım dinamikasına nəzər salsaq, bu gün 220 min əhalisi olan Masallıda 2018-ci ildə 247, 2030-cu ildə isə təxminən 295-300 min nəfər insan yaşayacaq. Öncə biz buna hazır olmalıyıq.
     Ölkəmizin inkişaf tempinə nəzər salsaq Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 100 il irəlinin işi görülüb, yaxın 4 ildə Masallının da əksər problemləri həll olunub, misli görülməmiş tikinti-quruculuq işləri aparılıb. Qazlaşma və su sistemi tam başa çatmaq üzrədir. Əgər belə demək mümkünsə, Masallının şəhər problemi də yoxdur. Ötən illərin göstəricilərinə görə 212 min əhalisi olan bir rayonun 9 minlik əhalisi, 98 hektarlıq şəhər ərazisi var idi. Bu sahədə məqsədəuyğun tədbirlər nəticəsində hazırda Masallı şəhərinin ərazisi 2400 hektara çatıb. Şəhərdəki küçələrin sayı artıb.
     Artıq Masallı şəhərinin 2034-cü ilə qədər olan baş planı hazırlanıb, ictimaiyyət tərəfindən təsdiq olunub. Baş plan Nazirlər Kabineti tərəfindən təsdiq edilib və dövlət planına daxil olub. Yəqin ki, bu baş plana uyğun şəhər mərkəzində müfafiq dəyişikliklər aparılacaq. Ümumiyyətlə, turizm məsələsi fəaliyyətimizdə başlıca istiqamət təşkil edəcək. Biz istəyirik ki, elə istirahət bazası yaradaq ki, bu mərkəzlər bütün ilboyu və yüksək xidmətlə işləyə bilsin.
     Bütün hallarda nəzərə alırıq ki, Masallı kənd təsərrüfatı rayonudur. Torpaq az, işləmək istəyən çox. Rayonun ərazisi dağlıq və aran hissədən ibarətdir. Dağlıq hissədə qələviləşmiş torpaqlar olduğu üçün burada taxılçılığın inkişafı mümkünsüzdür. Bütün güc çayçılığa və subtropik bitkilərə verilməlidir. Muğan zonasında isə şoran torpaqlar daha çoxdur. Ən adi müqayisələrdə də bəlli olur ki, bir hektarda əkilmiş kartof, çiyələk eyni miqdar ərazidə əkilən taxıldan xeyli artıq gəlir gətirir və daha çox insanın işlə təmin olunmasına imkan yaradır.
     Masallının sənaye potensialı qonşu rayonlara nisbətən xeyli çoxdur. Bu da Masallıda tikiti materiallarının (kərpic istehsalının) və mebel istehsalının daha çox olması ilə bağlıdır. Bu gün Masallıda şəxsi evlərdə elə yüksək keyfiyyətli mebellər istehsal olunur ki, onları Bakıda Türkiyə, Malayziya mebeli kimi satırlar.
     N.Muxtarlı bildirib ki, Viləş çayının Masallı şəhərinin ortasından keçən hissəsindəki sağ-sol sahilinin bulvar olması məsələsi reallaşır. Artıq hər iki sahilin beton bloklarla bərkidilməsi üzrə işlər gedir və yaxın vaxtlarda başa çatacaq.
     Jurnalistlər görüşdən olduqca razı qayıtdılar və arzu etdilər ki, belə tədbirlər davamlı olsun. Eləcə də digər rayon rəhbərləri Masallıdan nümunə göstərib jurnalistlərlə belə açıq görüşlər keçirtsinlər ki, ilk mənbədən məlumat almaq daha asan olsun.

Keçidlər