Masallıda kənd təsərrüfatı dirçəlir
09 avqust 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Qax rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafına dair keçirilmiş respublika müşavirəsindən irəli gələn məsələlərin Masallı rayonunda həlli ilə bağlı rayon müşavirəsi keçirilmişdir.
Müşavirəni giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirmişdir ki, 2004-cü ildən bəri Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan və uğurla yerinə yetirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları nəticəsində Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir. Bu, Masallının da yüksək inkişafını təmin etmişdir.
Məruzəçi demişdir:
-Prezident İlham Əliyev müşavirənin bölgəyə xas olan ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına həsr olunduğunu bildirərək burada tütünçülük, baramaçılıq və fındıqçılığın əsrlər boyu inkişaf etdiyini xatırladıb. Bu təsərrüfatların ikisinin inkişafı rayonumuzda da mövcuddur. Rayonun ənənəvi əkin sahələrindən olan tütünçülük 2000-ci ilədək mövcud olmuş, 1999-cu ildə 343 hektarda tütün əkilmişdir. Məhsul tədarükündə və suvarılmasında problemlər səbəbindən 2001-ci ildən başlayaraq rayon ərazisində tütün əkini dayandırılmışdır.
2016-cı ildə bu sahə bərpa edilmiş, 14 hektarda tütün əkilmiş, bu il 32,5 hektara çatdırılmışdır. Yaxın günlərdə rayon ərazisində tütünqurutma kombinatı və tütün qəbulu məntəqəsinin açılması gözlənilir ki, bu da tütün sahələrinin genişləndirilməsinə imkan verəcək. Gələn il 300 hektar sahədə tütün əkinini reallaşdırmaq fikrindəyik.
Rayonumuza bu ilki mövsümdə 20 qutu barama gətirilmiş, 480 kiloqram məhsul tədarük edilib, “Şəki-İpək” ASC-yə təhvil verilmişdir. Gələcək illərdə rayon ərazisində baramaçılığın genişdirilməsi nəzərdə tutulur. Bu məqsədlə mövcud olan tut bağlarının qorunması, yeni tinglər gətirilib əkilməsi hesabına genişləndirilməsi nəzərdə tutulmuşdur.
Natiq bildirmişdir ki, xarici investisiyaların regionların inkişafına yönəldilməsi, əlverişli biznes mühitinin təmin edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiyasının ana xətti kimi diqqəti çəkir. Regional siyasətin həyata keçirilməsində hər bir bölgənin özünəməxsus coğrafi şəraiti ilə əhalinin tarixən məşğul olduğu sahələrin nəzərə alınmasının mühüm nəticələrə gətirib çıxardığını qeyd edən natiq Masallı üçün xarakterik olan təsərrüfatların inkişafı istiqamətində görülən tədbirlərdən geniş danışmışdır. Göstərmişdir ki, unudulmuş təsərrüfat sahələri dirçəldilməlidir. Bunun rayonumuzda çay bitkisinə daha çox aidiyyatı var.
Əvvəllər rayon ərazisində 3324 hektarda çay plantasiyası mövcud olmuşdur. 8498 ton yaşıl çay yarpağı 5 çay fabrikində emal edilərək 3 min ton quru çay istehsal olunmuşdur.
Regionlara xas, onun iqlim şəraitinə uyğun əkinlərin inkişafı istiqamətində Cənab Prezidentin tapşırıqlarını nəzərə çatdıran natiq bildirmişdir ki, hazırda rayon ərazisində 43 hektar çay plantasiyası mövcuddur, cari ilin sentyabr ayında əlavə olaraq 40 hektar sahədə çay plantasiyası salınacaqdır.
Respublikada 16000 hektara yaxın turş torpaqlar mövcuddur ki, bunun 5 min hektara yaxını rayonumuzun ərazisindədir. Hazırda 1000 hektar, o cümlədən ilkin olaraq 500 hektar bütöv ərazini əhatə edə biləcək sahələrin sahibləri ilə razılaşma əldə olunmuşdur. Dövlət dəstəyi göstəriləsi təqdirdə həmin sahələrdə bu ilin payızından başlayaraq çay əkini aparmaq olar.
Çəltikçiliyin rayonda ənənəvi sahələrdən biri olduğunu bildirən natiq göstərmişdir ki, bu əkin növü Masallıda 50-ci illərdən inkişaf etməyə başlamış, 2000-ci ildə 352 hektara çatdırılmışdır. Bundan sonra çəltik sahələri taxıl tarlaları ilə əvəz olmuşdur. 2016-cı ildə RİH-nin dəstəyi və eksperiment yolu ilə 8, 6 hektar sahədə çəltik əkilmiş, bu il 200 hektara çatdırılmışdır. Çəltikçiliyin perspektivi və bu sahədə mövcud resursların hərəkətə gətirilməsinə diqqət çəkən sözçü bildirmişdir ki, hazırda rayonda müasir avadanlıqla təchiz olunan çəltik dəyirmanının tikintisi aparılır. Yaxın illərdə çəltik sahəsinin 500 hektara çatdırılması gözlənilir ki, bu da 1200 yeni iş yerinin açılması deməkdir.
Natiq tərəvəz, kartof, sitrus , çiyələk, xüsusilə faraş kələmin ayrı-ayrı növlərinin inkişaf etdirilməsi istiqamətində görülən tədbirlərdən danışıb, əkin və becərmələrdə aqrotexniki tədbirlərdən, suvarmanın və gübrənin rolu barədə təsərrüfatların timsalında misallar gətirərək göstərdi ki, Qızılağacda “Azərsun”un əkdiyi pomidor sahələrinin hektarından 50 ton məhsul əldə edilir.
Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Seymur Nuriyev, RİH başçısının Xırmandalı ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm İbrahimov, Viləşçay Su Anbarı İstismar İdarəsinin rəisi Mahir Əliyev, Əhmədli kəndindən fermer Hadı İsmayılov, Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Vüqar Ələkbərov, Kalinovka kənd sakini kümçü Balaqardaş Rzayev, Boradigah qəsəbə sakini sahibkar Fərhad Qəniyev ölkə rəhbərinin aqrar sahənin inkişafına dair tapşırıqların yerinə yetirilməsi istiqamətində görülən tədbirlərdən danışdılar. Göstərdilər ki, tütünçülük, çəltikçilik, çayçılıq, baramaçılıq və s. təsərrüfatlarının genişləndirilməsi üçün konkret addımlar atılır. Çıxış edən iş adamları sahibkarlara dövlət dəstəyini öz təsərrüfatları timsalında gətirdikləri faktlarla təsdiq edib, təsərrüfatın inkişafı ilə əlaqədar faydalı təkliflər irəli sürdülər.
Müşavirəni yekunlaşdıran RİH başçısı Rafil Hüseynov dedi:
Masallı zəhmətkeşləri cənab Prezident İlham Əliyevin Qax rayonunda keçirilmiş respublika müşavirəsində qarşıya qoyduğu vəzifələrin, tapşırıq və göstərişlərinin icrasına nail olacaq, bu istiqamətdə mövcud resursları hərəkətə gətirməklə məqsədyönlü tədbirlər görəcəklər.