Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şura iclası keçirilmişdir

30 avqust 2017 | 16:00

            30 avqust 2017-ci  il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı R ayon İcra H akimiyyəti başçısı yanında şura iclası keçirilmişdir.
             İclasda  "Masallı rayonunun ümumtəhsil məktəblərində 2016-2017-ci tədris ilinin yekunu və buraxılış imtahanlarının nəticələri barədə" və  "Masallı rayonunda 2017-2018-ci illərdə qış mövsümünə hazırlıqla əlaqədar qarşıda duran vəzifələr barədə" məsələlər müzakirə olunmuşdur.
Yığıncağı giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı, şuranın sədri cənab Rafil Hüseynov açmış və müzakirə olunan məsələlərin vacibliyini qeyd edərək öz tövsiyələrini çatdırmışdır.
             İlkin olaraq rayon icra hakimiyyəti başçısının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova  Masallı rayonunun ümumtəhsil məktəblərində 2016-2017-ci tədris ilinin yekunu və buraxılış imtahanlarının nəticələrinin vəziyyəti barədə geniş məruzə ilə çıxış etmişdir. Natiq qeyd etmişdir ki,  Azərbaycan bu gün dinamik və hərtərəfli inkişaf edir. Ölkəmizdə köklü sosial-iqtisadi islahatlar, dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Xalqımızın əbədiyaşar lideri, ulu öndər Heydər Əliyevin təhsili Azərbaycan cəmiyyətinin inkişafının başlıca sahəsi elan etməsi və bu istiqamətdə əsaslı islahatların həyata keçirilməsi siyasəti bu gün onun layiqli siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

   Müvafiq Dövlət Proqramları çərçivəsində və Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Masallıda təhsil infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu çərçivədə rayonda  47 yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Son beş ildə isə 19 yeni məktəb binası tikilmiş və 3 məktəb isə əsaslı təmir olunmuşdur. Həmçinin 5 bağça binası əsaslı təmir olunmuş, 3 bağçanın tikintisi isə başa çatdırılmışdır.        

  Hazırda rayonda 29199 şagirdi əhatə edən 63  tam orta, 32 ümumi orta və 3 ibtidai məktəb olmaqla 98 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Məktəblərimizdə təhsil alan şagirdlərin təlim-tərbiyəsi ilə 2706 müəllim məşğul olur. Onların 1794 nəfəri ali, 912 nəfəri isə orta ixtisas təhsillidir. 97 ümumtəhsil məktəbində dərslər Azərbaycan dilində, 1 məktəbdə isə Azərbaycan və rus dillərində aparılır.

2013/2014-cü tədris  ilində 2388 şagird ümumi orta təhsili  bitirmiş, 733 nəfəri (41%) qız olmaqla 1788 şagird (74.9%) təhsilini tam orta məktəblərdə davam etdirmişdir. 2014/2015-ci tədris ilində  2256 nəfər şagird  ümumi orta təhsil üzrə bitirmiş, bunlardan 750 nəfəri (42%) qız olmaqla 1788 şagird (79.3%) təhsilini tam orta məktəblərdə davam etdirmişdir. 2015-2016-cı tədris ilində 2256 nəfər şagird  ümumi orta təhsil üzrə bitirmiş, 688 nəfəri (39%) qız olmaqla 1763 şagird (78,1 %) təhsilini hazırda davam etdirir. 2016/2017-ci tədris ilində ümumi orta təhsil üzrə 2194 şagird bitirmişdir ki, onlardan 1009 nəfəri (45,98%) qızlardır.

     2016-2017-ci tədris ilində cəmi siniflərin sayı 1499 olmuşdur. 14 sinifdə şagird az olduğuna görə 7 sinif komplektində birləşdirilmə aparılaraq sinif komplektlərinin sayı 1485 olmuşdur. Onlardan 1192 sinif komplekti tam orta məktəblər, 286 sinif komplekti ümumi orta məktəblər, 7 sinif komplekti ibtidai siniflər üzrədir. 
Bu il buraxılış imtahanları IX siniflər üçün iki mərhələdə keçirilmişdir. Belə ki, 12 mart 2017-ci il tarixdə TQDK tərəfindən rayonun ümumtəhsil məktəblərinin şagirdləri  üçün şəhər 3 saylı, şəhər 4 saylı , Boradigah qəsəbə 1 saylı, Kalinovka, Banbaşı və Həsənli kənd tam orta məktəblərində keçirilən test imtahanlarında yalnız IX sinif şagirdləri, 23 iyun 2017-ci il tarixdə keçirilən ikinci mərhələdə IX və eyni zamanda XI sinif şagirdləri buraxılış imtahanlarında iştirak etmişdir. Hər iki mərhələdə imtahan keçirilən binaların mühafizəsi, ictimai asayişin qorunması, yanğından mühafizə briqadalarının, təcili yardım xidmətinin təşkili, nəzarətçilərin toplanış məntəqələrindən binalara çatdırılması, şagirdlərin imtahanda iştirakının təmin edilməsi üçün lazımi tədbirlər təşkil olunmuşdur.

    Buraxılış imtahanlarına IX siniflər üzrə şagird-məzun sisteminə daxil olmuş  2194 nəfər şagirddən 2118 nəfər şagird imtahanda iştirak etmişdir. XI siniflər üzrə şagird-məzun sisteminə daxil olmuş 1560 nəfər şagirddən 1488 nəfər şagird imtahanda iştirak etmişdir. O, cümlədən imtahanda iştirak edən qızların sayı IX siniflər üzrə 954 nəfər (45.04%),XI siniflər üzrə640nəfər (41.02%) olmuşdur. Bu da keçən illə müqayisədə qızların sayında IX sinif üzrə 14 % azalma , XI sinif üzrə isə 3,6 %artım olmuşdur. Bu da təhsilini davam etdirən qızların sayının artmaşı deməkdir.

          IX sinfi bitirən 2194 nəfər şagirddən 77 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən 2118 nəfər şagirddən 800 nəfəri (38%) qeyri-kafi, 1318 nəfəri isə (62%) müsbət qiymət almışdır. Eyni zamanda imtahanda iştirak edən şagirdlərdən ana dili fənni üzrə 901 nəfər (41%), riyaziyyat fənni üzrə 829 nəfər (39%) şagirdin biliyi qeyri-kafi qiymətləndirilmişdir.

      Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il IX sinfi bitirən şagirdlərin sayında 15 nəfər (0,68%), imtahanda iştirak edən şagirdlərin sayında 40 nəfər (1,9 %), imtahandan qiymət alan şagirdlərin sayında isə 158 nəfər (12%) artım müşahidə edilmişdir. Qeyri kafi qiymət alan şagirdlərin sayında 118 nəfər (12,9 %) azalma olmuşdur.

   XI sinifləri bitirən 1560 şagirddən 72 nəfəri imtahanlarda iştirak etməmişdir. İmtahanda iştirak edən 1488 şagirddən 773-ü (52%) qeyri-kafi qiymət, 715 nəfəri isə (48%) imtahanlardan müsbət qiymət almışdır. İmtahanda iştirak edən 1488 şagirddən ana dili fənni üzrə 467 (31,4%), riyaziyyat fənni üzrə 428 (28,8%), xarici-dil fənni üzrə 582 (39,11) şagirdin biliyi qeyri-kafi qiymətləndirilmişdir. Hər üç fəndən qeyri kafi qiymət alan şagirdlərin sayı isə 773 (51,94%) olmuşdur.

       Bu il buraxılış imtahanlarında IX siniflər üzrə Məmmədxanlı kənd ümumi orta məktəbi 100 %, Miyənkü kənd tam orta məktəbi isə 92 faiz nəticə göstərmişdir. Miyənkü kənd tam orta məktəbinin XI siniflər üzrə göstəricisi 100 faiz olmuşdur. Nisbətən yaxşı nəticə göstərən bəzi məktəblərin adlarını diqqətinizə çatdırmaq istəyirəm: “Dəfinə” məktəb-liseyi, Şəhər 1 saylı, 3 saylı, Qızılavar, Hişkədərə, Xıl və Kalinovka kənd tam orta məktəbləri nəticələrinə görə digər məktəblərdən bir qədər fərqlənirlər. Bundan əlavə Mahmudavar, Mollaoba, Çaxırlı, Sərçuvar, Şərəfə kənd, Ərkivan qəsəbə 2,3, 4 saylı, İsgəndərli tam orta məktəbləri IX siniflər üzrə buraxılış imtahanlarında qənaətbəxş nəticələr göstərsələr də eyni nəticəni XI siniflər üzrə göstərə bilməmişdirlər.

      IX sinif buraxılış imtahanlarında ən zəif nəticəni Şıxlar 1 saylı və Sirəbil kənd  ümumi orta məktəbləri göstərmişdir. Şıxlar 1 saylı ümumi orta məktəbin göstəricisi 8%, Sirəbil kənd ümumi orta məktəbin göstəricisi isə 13% olmuşdur.

     XI sinif buraxılış imtahanlarında isə ən zəif nəticəni Sığıncaq (10%), Təzəkənd (13%), Xırmandalı (22%) Təklə (23%) kənd  tam orta məktəbləri göstərmişdir.

       XI sinif buraxılış imtahanlarında isə rayon üzrə ümumilikdə 38 məktəb 50 %-dən aşağı nəticə göstərmişdir. Eyni zamanda Təklə kənd tam orta məktəbi hər  iki imtahanda 30 %-dən aşağı nəticə göstərmişdir.

       Ötən il IX sinif buraxılış imtahanlarında 0% nəticə göstərən Ərəb kənd ümumi orta məktəbinin bu göstəricisi bu il 31% olmuşdur.

      Bu tədris ilində IX siniflər üzrə ən zəif (8%) nəticə göstərmiş Sıxlar 1 saylı ümumi orta məktəbinin bu göstəricisi 2015-ci ildə 0%, 2016-cı ildə isə 27% olmuşdur. 13 % nəticə göstərən Sirəbil kənd ümumi məktəbinin isə bu göstəricisi 2015-ci ildə 66%, 2016-cı ildə 37,5% olmuşdur.

     2016-2017-ci tədris ilində XI siniflər üzrə ən zəif nəticə göstərmiş Sığıncaq məktəbinin bu göstəricisi 2015-ci ildə 18,8%, 2016-cı ildə 25 % olmuşdur. Eyni zamanda Təzəkənd tam orta məktəbi 2015-ci ildə 39,4%, 2016-cı ildə 50% nəticə göstərdiyi halda bu il bu rəqəm 13% olmuşdur.   

     Xırmandalı kənd tam orta məktəbi XI sinif buraxılış imtahanlarında 2015-ci ildə 34%, 2016-cı ildə 40% nəticə göstərdiyi halda 2017-ci ildə 22 % nəticə göstərmişdir.

    Təklə kənd tam orta məktəbi XI sinif buraxılış imtahanlarında 2015-ci ildə 41,7%, 2016-cı ildə 32% 2017-ci ildə isə 23% nəticə göstərmişdir.

      Son üç tədris ilində Şəhər 4 saylı, İsgəndərli, Xıl, Qızılavar, Dəmirçi kənd tam orta məktəblərinin nəticələrində nəzərə çarpacaq şəkildə artım müşahidə olunmuşdur.

      Bundan əlavə Tüklə, Bədəlan, Türkoba, Qodman, Güllütəpə, Təklə, Xırmandalı, Gəyəçöl, Köçəkli, Yeni Zuvand, Qızılağac 2 saylı, Səmidxan, Kosakül kənd tam orta məktəbləri bu tədris ilində IX sinif buraxılış imtahanlarında 50 %-dən aşağı nəticə göstərmişdir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il XI sinfi bitirən şagirdlərin sayında 97 nəfər (5,9%), imtahanda iştirak edən şagirdlərin sayında 88 nəfər ( 5,6%) , imtahandan qiymət alan şagirdlərin sayında isə 38 nəfər (5,04%) azalma müşahidə edilmişdir. Qeyri kafi qiymət alan şagirdlərin sayında 50 nəfər (6,07%) azalma olmuşdur.

     Son üç ildə rayon üzrə IX sinfi ümumilikdə 3145 nəfər qız bitirmişdir ki, onlardan 313 nəfəri (10%) təhsillərini orta ixtisas məktəblərində, 1828 nəfəri (58%) təhsillərini tam orta məktəblərdə davam etdirmiş, 1004 nəfəri (32%) isə təhsilini davam etdirməmişdir. Araşdırmalar göstərir ki, 2014/2015-ci tədris ilində IX siniflər üzrə 299 nəfər ( 29,43%), 2015/2016-cı tədris ilində 241 nəfər (25,13%), 2016/2017-ci tədris ilində 167 nəfər (19,49%) qız təhsilini davam etdirməmişdir. Eyni zamanda 2014/2015-ci tədris ilində XI sinflər üzrə 139 nəfər (19,38%), 2015/2016-cı tədris ilində 108 nəfər (15,04), 2016/2017-ci tədris ilində 50 nəfər (7,25%) qız təhsilini davam etdirməmişdir.

     Araşdırmalar göstərir ki, son illərdə ali məktəblərə daxil olan qızların sayında da artım müşahidə olunur. Belə ki, 2014-cü ildə 88, 2015-ci ildə 91, 2016-cı ildə 147, 2017-ci ildə isə 152 nəfər olmaqla son dörd ildə ümumilikdə 478 nəfər qız ali məktəbə daxil olmuşdur. Bütün bunlar onu göstərir ki, görülmüş işlərin nəticəsində qızların təhsilə marağı artmışdır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ali məktəbə sənəd verən abituriyentlərin ümumi sayında 86 nəfər (11,93%), o cümlədən qızların sayında 98 nəfər (40%) artım olmuşdur . Bu tədris ilində ali məktəbə sənəd verənlərin sayı 721 nəfər olmuşdur ki, onlardan 245 nəfəri (34%) qızlardır. Bu il ali məktəblərə sənəd verən 721 nəfərdən 448 nəfəri tələbə adını qazanmışdır ki, onlardan 152 nəfəri (33,9%) qızlar, 296 nəfəri (66,1%) oğlanlardır.

     Tələbə adını qazanmış 448 nəfərdən 92 nəfəri 500-700 bal toplamış məzunlarımızdır ki, onlardan 44 nəfəri(48%) qızlardır. Bundan əlavə 30 məzunumuz 600-700 bal toplamışdır onlardan 11 nəfəri (37%) qızlardır. 62 məzunumuz 500-600 bal toplamışdır onlardan isə 33 nəfəri (53%) qızlardır.

     Təzə Alvadı kənd tam orta məktəbin şagirdi, tam orta təhsili qızıl medalla bitirmiş Bayramlı Səməd Möhübbət oğlu bu il qəbul imtahanlarında 677 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdur.

     Bu il ali məktəblərə sənəd verən və qəbul olan şagirdlərin sayına görə fərqlənən məktəblərin adlarını və nəticələrini diqqətinizə çatdırmaq istəyirəm. Şəhər 1 saylı tam orta məktəb; məzunların sayı 87 nəfər ali məktəbə sənəd verən 48 nəfər (55,2%) qəbul olanların sayı 40 nəfər (83,3%), “Dəfinə” məktəb liseyi; məzunların sayı 37 nəfər, ali məktəbə sənəd verən 36 nəfər (92,3%), qəbul olanların sayı 26 nəfər(72,2%), Masallı şəhər 3 saylı tam orta məktəb; məzunların sayı 58 nəfər, ali məktəbə sənəd verənlərin sayı 51 nəfər(87,9%), qəbul olanların sayı 17 nəfər(33,3%), Təzə Alvadı 1 saylı tam orta məktəb; məzunların sayı 43 nəfər, ali məktəbə sənəd verənlər 25 nəfər (58,1%), qəbul olanlar 16 nəfər (64%), Ərkivan qəsəbə 2 saylı tam orta məktəb; məzunların sayı 37 nəfər, ali məktəbə sənəd verən 25 nəfər (73,5%), qəbul olanlar 15 nəfər(60%), Xıl kənd tam orta məktəbi; məzunların sayı 30 nəfər, ali məktəbə sənəd verənlərin sayı 22  nəfər (73,3%), qəbul olanlar 12 nəfər ( 54,5%).

Bu il ali məktəblərə qəbul imtahanlarında 3 məktəbimiz 0% nəticə göstərmişdir. Belə ki, Sığıncaq kənd tam orta məktəbin 10 məzunundan 1 nəfəri, Yeddioymaq kənd 1 saylı tam orta məktəbin 9 məzunundan 7 nəfəri, Hüseynhacılı kənd tam orta məktəbin 7 məzunundan 4 nəfəri ali məktəbə sənəd verdiyi halda heç bir məzun tələbə adını qazanmamışdır.

İstər buraxılış imtahanlarının, istərsə də ali məktəblərə qəbul imtahanlarının nəticələri ilə əlaqədar aparılmış təhlillər onu deməyə əsas verir ki, görülmüş işlərə baxmayaraq bu sahədə hələ də bir sıra nöqsanlar qalmaqdadır. Ona görə də bu məktəblərdəki problemlərin səbəbləri ciddi şəkildə araşdırılıb üzə çıxarılmalı və həlli istiqamətində tədbirlər həyata keçirilməlidir.İlk növbədə yuxarı sinif şagirdlərinin davamiyyətinin və nizam- intizamın tam bərpa edilməsi üçün yeni tədris ilində də ciddi tədbirlərin görülməsi vacibdir. Ərazi nümayəndələri və bələdiyyələr də bu işə yaxından köməklik göstərməlidirlər. Əgər məktəblərimizdə davamlı inkişafı təmin etmək istəyiriksə bütün qüvvələr səfərbər olunmalı, eyni zamanda valideynlər şurası aktiv hala gətirilməli, ağsaqqalların, ziyalıların təsir vasitələrindən istifadə edilməlidir.

        Araşdırmalar göstərir ki, məktəblərdə açıq dərslərin keçirilməsinə, qabaqcıl təcrübənin öyrənilib yayılmasına az diqqət yetirilmişdir. Bu da rayon Təhsil Şöbəsinin  metodistlərinin məktəb müəllimləri ilə qurduğu Valideyn-müəllim assosiasiyalarının fəaliyyətinin zəif olmasından xəbər verir. Bundan əlavə digər bəzi səbəbləri də qeyd etmək istəyirəm :

              Təhsilin səviyyəsini müəyyənləşdirən əsas səbəblərdən biri olan valideynlərlə əlaqə bəzi məktəblərdə lazımı səviyyədə qurulmamışdır.

          Bu gün Masallı məktəblərinin ən əsas problemi kadr məsələləri ilə bağlıdır.  Belə ki, müəllimlərimizin əksəriyyətinin bilik səviyyəsi məktəblərdə yüksək səviyyəli tədrisin təşkilinə imkan vermir. Xüsusilə də ibtidai sinif müəllimləri arasında vəziyyət daha acınacaqlıdır. Bu gün məktəblərimizdə dərs deyən 804 ibtidai sinif müəllimindən 652-si (81,09%) orta ixtisas təhsilli, cəmi 152-si  (18,91%) ali təhsillidir.

              2015/2016-cı tədris ilində rayon üzrə ümumilikdə 2606 nəfər müəllim diaqnostik qiymətləndirmədən keçmişdir ki, onlardan 518 nəfəri (20%) 15 baldan aşağı nəticə göstərmişdir. Diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərdən 829 nəfəri (32%) ibtidai sinif müəllimləri olmuşdur ki, onlardan 238 nəfəri (28,7%) 15 baldan aşağı nəticə göstərmişdir. Bundan əlavə Ana-dili fənni üzrə diaqnostik qiymətləndirmədə iştirak edən 264 nəfər müəllimdən 30 nəfəri (11,4%), riyaziyyat fənni üzrə diaqnostik qiymətləndirmədə iştirak edən 274 nəfər müəllimdən 60 nəfəri (22%), xarici-dil fənni üzrə diaqnostik qiymətləndirmədə iştirak edən 175 nəfər müəllimdən 73 nəfəri (42%) 15 baldan aşağı nəticə göstərmişdir.

              IX-XI sinif şagirdlərinin Ana dili, Riyaziyyat və Xarici-dil fənləri üzrə qeyri-kafi qiymət alması, həmçinin fənn müəllimlərinin diaqnostik qiymətləndirilmə nəticələri göstərir ki, həmin fənləri tədris edən müəllimlərin də elmi, nəzəri və metodiki bilikləri lazımi tələblərə cavab vermir və ya tədris prosesi yaxşı təşkil olunmur.

              Təhsil Şöbəsi və məktəb rəhbərləri bu fənləri tədris edən müəllimlərlə lazımi iş aparmalı, fənlərin tədrisinə nəzarəti artırmalı, hər bir müəllimin ixtisaslı  dərsi dinlənilməli və təhlil edilməlidir. Müasir təlim texnologiyalarından istifadə qaydalarının hər bir müəllim tərəfindən tam mənimsənilməsini təmin etmək üçün onlar mütəmadi olaraq təlim kurslarına cəlb edilməlidir. Bu gün fənn müəllimlərin əksəriyyətinin kompyuter bilikləri yox səviyyəsindədir ki, bu da ciddi problemlərdən biridir.

            Bu gün mövcud problemlərdən biri də məktəbli qızların erkən yaşda nikaha cəlb edilmələri ilə bağlıdır və bu məsələ rayon İcra hakimiyyəti tərəfindən daim diqqətdə saxlanılır. Hər il olduğu kimi bu il də rayon İcra hakimiyyəti tərəfindən təsdiq olunmuş qrafik əsasında mütəmadi olaraq məktəblərdə “Erkən nikah və onun fəsadları” mövzusunda tədbirlər keçirilmişdir. Bu tədbirlərdə ayda bir dəfə olaraq yuxarı sinif şagirdlərinə məktəb rəhbərliyi, qəsəbə və kənd qadınlar şurasının sədrləri, müəllimlər həmçinin ziyalıların iştirakı ilə müəyyən təbliğat işləri aparılmışdır.

      Erkən nikahlara qarşı laqeyd münasibət qəbuledilməzdir. Çünki belə neqativ hallara cəmiyyətdə ilk növbədə ziyalılar reaksiya verməlidirlər. Bizdə isə əksər hallarda buna göz yumulur və ya belə şagirdləri məktəbdən xaric etməklə məktəb rəhbərləri öz işlərini bitmiş hesab edirlər. Halbuki xalqımızın gələcəyini təhdid edən bu problemin həllində cəmiyyətin hər bir təbəqəsi fəal iştirak etməlidir. Bu çox faciəli bir vəziyyətdir. Belə vəziyyətin yaranmasında şübhəsiz ki, əsas günahkar valideynlərdir. Cəhalətin məngənəsində olan belə insanlara qarşı bütün ictimaiyyət  səfərbər olmalıdır.

             Bu il rayon İcra hakimiyyətinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgi və 01 iyun Beynəlxalq Uşaq gününə həsr olunmuş tədbirlər keçirilmişdir. Lakin buna baxmayaraq bu sahəyə maraq daha da artmalıdır. Mütəmadi olaraq bilik yarışmalarının, müxtəlif elmi-praktiki konfransların, klassiklərimizin yubileylərinin keçirilməsi, əlamətdar, tarixi günlərin qeyd edilməsi şagirdlərin məktəbə, dərsə olan marağını artırmaqla bərabər özünü dərk etməsinə və vətənpərvər ruhda tərbiyə olunmasına böyük təsir göstərəcəkdir.

            Rayon təhsil şöbəsi yeni dərs ilindən başlayaraq bu məsələni nəzarətdə saxlamalıdır. Eyni zamanda kitabxana, uşaq birliyi, tərbiyə işləri üzrə rəhbərlik, psixoloq müəllimlərin habelə hərbi və idman rəhbərlərinin fəaliyyətləri də aktiv hala gətirilməlidir. Həmçinin 2016-2017-ci tədris ilində mərkəzləşmiş qaydada sınaq və buraxılış imtahanlarının rayon Təhsil şöbəsində və hər bir pedaqoji kollektivdə geniş müzakirə olunmalı və zəif nəticə göstərən məktəblərin rəhbərliyi haqqında ciddi ölçü götürülməlidir.

            Eyni zamanda diaqnostik qiymətləndirmədə ixtisasdan az bal toplayan müəllimlərin dərs saatları azaldılmaqla bölgü ballara uyğun aparılmalıdır. Bölgünün bu qaydada aparılması məktəblərdə ixtisas fənlərini yüksək bal toplayan müəllimlər tərəfindən tədris olunmasına səbəb olacaqdır ki, bu da tədrisin keyfiyyətinə təsir göstərməklə şagirdlərin ixtisas fənlərini daha yaxşı mənimsəməsinə zəmin yaradacaqdır.  

       Sizi əmin etmək istəyirik ki, ümumtəhsilməktəblərinin fəaliyyətinin yaxşılaşdırılması və mövcud problemlərin həll edilməsi üçün bütün imkan və bacarığımızı səfərbər edəcəyik.
Sonra şurada ikinci müzakirə olunacaq "Masallı rayonunda 2017-2018-ci illərdə qış mövsümünə hazırlıqla əlaqədar qarşıda duran vəzifələr barədə"
məsələ ilə bağlı rayon İcra hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı məruzə ilə çıxış edərək vurğulamışdır ki,
2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi, təbiət hadisələri səbəbindən baş verə biləcək hər hansı fövqəladə halların qarşısının vaxtında alınması, əhalini narahat edə biləcək kommunal problemlərin, elektrik enerjisi, təbii qazın və içməli suyun verilişində mövcud nöqsanların aradan qaldırılması eləcədə suvarma suyu ilə əlaqədar  su aparıcı kanalların təmizlənməsi məqsədi ilə bir sıra işlər görülmüşdür.

Hər il olduğu kimi rayonda mövsümə hazırlıqla bağlı aidiyyətı müəsissə və təşkilatlar tərfindən  tədbirlər planı hazırlanıb  və icrasına başlanılmışdır.

Qarşıdan gələn payız-qış mövsümündə əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün Masallı Elektrik Şəbəkəsinin xidməti ərazisində bir sıra işlər görülmüşdür.

Mövsümə hazırlıqla əlaqədar Masallı Elektrik Şəbəkəsi tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün Masallı Elektrik Şəbəkəsinin Xidməti ərazisində 110 və 35 kV-luq h/x-ə baxış keçirilmiş və aşkar olunan qüsurlar aradan qaldırılmışdır. 110/35/10 kV-luq yarımstansiyalarda təmir bərpa işləri aparılmış və transformatorlara yağ əlavə edilmişdir.

Bundan başqa ərazilər üzrə 10/0,4 kV-luq elektrik verilişi xətlərinə toxunma ehtimalı olan ağac budaqları  kəsilmiş, sallanmış naqillər dartılaraq tarımlanmış, əyilmiş dayaqlar düzəldilərək istismar vəziyyətinə gətirilmişdir. Cari ilin birinci yarımilliyində rayonun ayrı-ayrı yaşayış məntəqələrində ümumilikdə 247 ədəd dəmir-beton  və istismara yararsız ağac elektrik dirəkləri dəyişdirilərək yeniləri ilə əvəz edilmiş, 44 ədəd zədəli izolyator dəyişdirilmiş, 13 ədəd az güclü transformator daha böyük güclü transformatorlarla əvəz olunmuşdur.

2017-cı ilin birinci yarımilliyində rayonunun ən böyük yaşayış məntəqələrindən biri, əhalisinin sayı 18 min nəfərə yaxın olan Ərkivan qəsəbəsinin bir hissəsində 40 ədəd 0.4kV-luq dayaqlar yenilənmiş və köhnə naqillərin yerinə SİP kabellər çəkilmişdir.   

Təzə Alvadı, Təklə, Ləngan və Sığıncaq kəndlərində yenidənqurma ilə əlaqədar 520 ədəd 10kV-luq dəmir-beton dayaq, 2936 ədəd 0.4kV-luq dəmir dayaq, 30582 metr 4x35 ölçülü SİP kabel, 19076 metr 4x50 ölçülü SİP kabel və 21 ədəd Təzə Alvadı, 18 ədəd Ləngan Təklə, Xoşçobanlı, Köçəkli və Sığıncaq kəndlərində yeni transformator məntəqəsi quraşdırılacaqdır.

Masallı Enerji Təchizatı və Satışı İdarəsinin işində bir sıra müsbət dəyişikliklər nəzərə çarpmaqdadır. İdarənin kollektivi baş verən elektrik açılmalarına, yararsız elektrik dirəklərinin dəyişdirilərək yeniləri ilə əvəz edilmələrinə və enerji haqqlarının toplanmasına ciddi nəzarət etməkdədir. Belə ki, rayon üzrə 100 manatdan çox borcu olan abonentlərdən 254 nəfəri elektrik xəttindən ayrılmış, 6450-dən artıq abonentə isə borclarının ödənilməsindən ötrü bildirişlər paylanılmışdır. Hazırda enerji haqlarının toplanması sərf olunan enerjiyə görə 85 %-dən yuxarıdır.

Lakin görülən işlərlə yanaşı bir sıra problemlərdə mövcuddur. Elektrik xətlərinə toxunan ağacların budanması işlərinin görülməsi ilə bağlı ərazi nümayəndələri və bələdiyyələrə müəyyən tapşırıqlar verilsə də bu sahədə işlər tam yerinə yetrilməmişdir. Zəif küləkli havalarda belə 10 və 0,4 kVt-luq xətlərə toxunan ağac budaqları dayanıqlı enerji ötrülməsində problemlər yaradır. Bu işlərə Masallı Enerji Təchizatı və Satışı İdarəsi ilə birlikdə ərazi nümayəndəlikləri və bələdiyyələrdə nəzarət etməlidir.

             Masallı Elektrik şəbəkəsinin  maddi-texniki bazasının zəif olması, demək olar ki, mövcud texnikaların çoxunun istismar müddətinin keçmiş maşın və mexanizmlər təşkil etdiyindən qarşıya çıxan problemlərin operativ həllində, işlərin səmərəli təşkilində çətinliklər yaranır ki, sonda bu hallar elektrik enerjisinin  verilişinə öz mənfi təsirini göstərir.

Lənkəran Rayonlararası Qaz İstismar İdarəsinin Masallı Xidmət Sahəsi tərəfindən yaşayış məntəqələrinin qaz təchizatının  yaxşılaşdırılması, əhalinin fasiləsiz və təhlükəsiz  təbii qazla  təmin edilməsi məqsədilə  2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon ərazisində bir sıra təmir bərpa işləri aparılmışdır.

Hal-hazırda Masallı rayonu üzrə qaz alan abonentlərin sayı 36725-dir. Qaz təchizatının yaxşılaşdırılması, qış mövsümündə problemlərin minimuma endirilməsi və itkinin qarşısının alınması məqsədilə daxili imkanlar hesabına qaz xətlərinin korroziyaya uğrayan 4275p/m uzunluğunda hissələri yenisi ilə əvəz olunmuşdur. Müxtəlif diametrli polad borularda 3979 sızma və 2015-ci ildə yaranmış SENTRA “Təmiz qaz” xidməti tərəfindən isə 4960-dan artıq aşkar olunmuş sızmaların qarşısı alınmışdır.

Abonentlərin mənzillərində 1250 ədəd su kranı qaz kranları ilə əvəz olunmuşdur. Ödənişdə iştirak etməyən 3646 abonentin qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır. 176 ədəd QTŞ və ŞQTM-lər təftiş edilib istismara yararlı hala gətirilmişdir ki, bu da qış mövsümündə qaz təchizatında problemlərin yaranmasının qarşısını alacaq.

Bundan əlavə qaz təchizatının yaxşılaşdırılması itkinin qarşısının alınması və təhlükəsizliyi nəzərə alaraq Mollaoba kəndində 3 ədəd ŞQTM-100. 1 ədəd ŞQTM-300, Türkoba kəndinə 1 ədəd ŞQTM-200, 3 ədəd ŞQTM-300,, Ərkivan qəsəbəsində 1 ədəd ŞQTM-100, Bədəlan kəndində 1 ədəd ŞQTM-100 və Boradigah qəsəbəsində 1 ədəd ŞQTM-100 istismar müddəti bitmiş QTŞ-lərlə əvəz edilmişdir. Tüklə, Hişkədərə, Təzə Alvadı, Şərəfə və Ərkivan qəsəbəsində 3295 p/m-dən artıq müxtəlif diametrli polad borular dayaq üzərinə qaldırılmışdır.

Rayonun H.Aslanov, Talışxanov, H.Əlibala, Seybətin, Dadva küçələrində, H.Əliyev prospektində və Qızılavar kəndində 315-dən artıq lyuklar təmizlənmiş. Siyirtmələr yağlanmışdır.

Artıq bir neçə ildir ki, rayonun Xoşçobanlı kəndinə qaz xətləri çəkilsə də sayğaclar quraşdırılmamış və fərdi mənzillər təbii qazla təmin edilməmişdir. Hal-hazırda bu istiqamətdə heç bir iş görülmür.

Eyni zamanda rayonun Şıxlar kəndindədə qaz xətləri çəkilmiş, kəndin müəyyən hissələrində sayğaclar quraşdırılmış lakin son tamamlanma işləri başa çatdırılmadığı üçün kənd təbii qazla təmin olunmamışdır. Qarşıdan qış mövsümünün gəlməsini nəzərə alaraq bu istiqamətdə işlərin sürətləndirilməsi nəzarətdə saxlanılacaqdır.

Bundan əlavə rayon üzrə qaz almayan 9 yaşayış məntəqəsinin və qaz çəkilməsi işlərinin yarımçıq qaldığı 2 yaşayış məntəqəsinin qazla təmin olunmasından ötrü müvafiq sənədləşmə işləri aparılması üçün “Azəriqaz” İB qarşısında məsələ qaldırılmışdır.

Köhnə Alvadı, Türkoba, Ərkivan, Kosakül və Şərəfə kəndlərində 1265 ədəd qaz sayğacları küçəyə çıxarılmışdır. Ərkivan qəsəbəsinin Qızılküçə, Bədirli və Bağlaküçə məhəllələrində sayğacların küçəyə çıxarılma işləri ilə əlaqədar yeni çəkilmiş qaz kəmərləri möhkəmliyi yoxlanılmış, birpilləli sistemlə qaz təchizatı bərpa edilmişdir.

Qeyd etmək istəyirik ki, payız-qış mövsümünə  hazırlıq və əhalinin qaz təchizatının yaxşılaşdırma çərçivəsində iş planına uyğun olaraq Ərkivan, Bədəlan, Şərəfə. Çaxırlı, Mahmudavar, Əhmədli və Təklə kəndlərində 40 ədəd ŞQTM quraşdırılması, siyirtmələrin yağlanaraq mövsümə hazırlanması, polad borulara baxış keçirilərək istismara yararsız hissələrinin dəyişdirilməsi və təmiri nəzərdə tutulmuşdur. Masallı Xidmət sahəsi gələcəkdə də əhalinin fasiləsiz, itkisiz və nominal təzyiqli təbii qazla təmin etmək üçün təxirə salınmaz tədbirlər həyata keçirəcəkdir.

Qarşıdakı qış mövsümünə hazırlıqla əlaqədar  Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi əhalinin və hərbi hissələlərin  odun yanacağına olan tələbatını qismən ödəmək üçün meşələrdə qırılmış ağac budaqlarının təmizlənməsi və xəstəlikdən köküstə qurumuş ağacların kəsilməsi  hesabına 1000 m 3  həcmində  odun yanacağının toplanmasını nəzərdə tutur. Müəssisə tərəfindən rayonun meşə fondunda torpaq hazırlığı işləri,  toxum tədarükü, tinglərin yetişdirilməsi, meşə əkinlərinin salınması işləri də davam etdirilir. Hazırda meşə torpaqlarında 68 ha sahədə müxtəlif növ meyvə ağacları əkilmişdir. Payız mövsümündə meyvə ağacı əkininin 100 hektara çatdırılması nəzərdə tutulmuşdur.

Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən 2017-2018-ci il payız-qış mövsümünə hazırlıq  işlərinə başlanılmışdır. Birlik tərəfindən süpürgəçı, fəhlə, bağban və sürücülərin qış mövsümü ilə əlaqədar xüsusi mühafizə geyimləri və ayaqqabıları, normal əmək fəaliyyəti göstərmək məqsədilə əmək alətləri və inventarlarla  təminatı üçün  planlaşdırma aparılmışdır. Bərk tullantılar daşıyan və digər avtomaşınların lazımı ehtiyat hissələri  ilə təmin olunması üçün  tədbirlər görülür.

Təmizlik sahəsi üzrə texnika və avtomaşınlarda cari təmir işləri aparılmışdır. 3000 m 3  qum və 3 ton duz tədarük edilmişdir. Tullantıların zərərsizləşdirilməsi poliqonunda texnika və maşınların hərəkəti üçün yollar təmir olunmuşdur. Yağış sularından qorunmaq üçün ərazidə bəndlər vurulmuş və tullantıların basdırılması üçün yerlər qazılmışdır. Bu işdə rayon İcra hakimiyyətinin koordinasiyası ilə rayonda fəaliyyət göstərən tikinti qurumlarının texnikalarından istifadə edilmişdir.

          Yaşıllıq sahəsi üzrə payız mövsümündə şəhərin küçə və parklarında salınmış yaşıllıq sahələrində əkilməsi üçün 16 min çiçək tədarük edilmişdir. Artıq həmin çiçəklərdən 4 min şəhərin mərkəzi istirahət parkında və H.Əliyev prospektində müəyyən edilmiş yerlərə əkilmişdir. Payız mövsümü ərzində H.Əliyev prospektində, Azərbaycan küçəsi, H.Aslanov küçəsi və Qarabağ küçəsində yaşıllıqların bərpası nəzərdə tutulmuşdur.

            H.Əliyev və Bakı prospekti, Qarabağ küçəsi, Zərifə Əliyeva Küçəsi və Dadva küçəsində sıradan çıxmış lampa və plafonlar dəyişdirilərək təmir, bərpa işləri aparılmışdır. Bunun üçün 10 min metrədək kabel, 500 elektrik lampası alınmışdır. H.Əliyev prospektində ümumi yaşayış binalarının həyətlərində işıqlandırma təmin edilmişdir.

             47 saylı Yol İstismar İdarəsi tərəfindən mövsümə hazırlıqla əlaqədar tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən yol təmir işləri ardıcıl olaraq davam etdirilir.

             Respublika əhəmiyyətli M-3 Ələt-Astara a/yolunda (154÷179km), Masallı-Yardımlı a/yolunda (0÷2 km), Masallı Dəmir yolu stansiyasına giriş a/yolunda (0÷5km), qış mövsümünə hazırlıq işləri yerinə yetirilir. 2017-ci ildə baş vermiş sürüşmənin 52 m-lik, 2015-ci ildəki düzəldilmiş 230 m-lik dolama yolları 2 qat asfalt beton örtüyü ilə bərpa  olunmuşdur.

            Yerli əhəmiyyətli avtomobil yollarından, Ərkivan-Boradigah-Rüdəkənar yolu cari  təmir edilmişdir.

            Stansiya Masallı-Qızılağac avtomobil yolunun(4÷6km)-lərində asfalt betonla cari təmir işləri aparılmışdır.

            İdarə tərəfindən payız-qış mövsümü ilə əlaqədar 20 tondan çox xırda dənəli çınqıl materialı, 130 m³ qum materialı, çatların və xırda çalaların təmirindən ötəri 240 m³ qırmadaş, yanacaq və sürtgü materialları ehtiyatı, 10 ton duz ehtiyatı yaradılmışdır. 2 ədəd yükü özüboşaldan a/maşın, 1 ədəd avtoqreyder, 1ədəd UAZ markalı bortlu şərnişin a/maşını hazır vəziyyətə salınmışdır. İdarədə qərargah yaradılmışdır. Mövsümlə əlaqədar nəqliyyatın hərəkətinin təhlükəsizliyini  təmin etməkdən ötəri bütün tədbirlər nəzərə alınmışdır.

Masallı TKQ-da 2017-2018-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar kənd EATS-də olan dizel generatorlarda təmir-profilaktiki işlərə başlanılmış, generatorların yağları və filterlərini dəyişdirililmişdir. Bütün EATS binaların dam örtüklərinin, qapı-pəncərələrinin estetik vəziyyətinə baxış keçirilmiş və təmirə ehtiyacı olan EATS binaları barədə ümimi məlumat toplanmışdır. İşçilərin qış geyimi və kokti-kəmərlərə olan tələbatı barədə müraciət olunmuşdur. Yaxın zamanda bu işlərin başlanılması nəzərdə tutulmuşdur.

Mərkəzi EATS-in inzibati binasının qazanxanası payız-qış mövsümünə tam hazır vəziyyətdədir. Rayon ərazisində mövcud kabel-kanalizasiya quyularına baxış keçirilmiş və təmirə ehtiyacı olan KKQ haqqında məlumat verilmişdir.

Qəsəbə və kənd EATS ərazilərində xətt təsərrüfatında təmir işləri aparılır, kabellərin birləşmə yerləri yenidən təmir olunur. Kabellərin dirəklər arası tarıma çəkilməsi, mövcud dirəklər nəzər alınmaqla aparılır.

Lakin bütün görüülmüş işlərə baxmayaraq hazırkı vəziyyətdə demək olar ki, cox ərazilərdə rabitə dirəkləri yararsız vəziyyətdə olduğundan xətlər yerə toxunmaq üzrədir. Mövcud vəziyyət ərazilərdə əhalinin rabitə xidmətindən istifadəsində çətinliklər yaradır ki, qış mövsümünədək bu məsələlərin  həll olunmasından ötrü Rayon TKQ-nın rəhbərliyi ciddi  tədbirlər görməlidir.

Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı hazırlanmışdır. Bu işlərin görülməsi əsasən çay məcrasının təmizlənməsindən və genişləndirilməsindən, suvarma kanallarının dərinləşdirilməsindən, hidrotexniki qurğuların təmirindən, su anbarlarının iş rejiminə nəzarətindən, inzibati və istehsalat binalarının qış mövsümünə hazırlıq vəziyyətindən, yük maşınlarının və ekskavatorların saz vəziyyətə gətrilməsindən  ibarətdir.

            Mövsümə hazırlıqla əlaqədar  rayonun Şərəfə, Köçəkli, Hacıtəpə, Xıl, Xırmandalı, Qədirli, Alışanlı, Ərəb, Qızılağac, Sərçuvar, Çaxırlı, Səmidxan, Gəyəçöl və digər kəndləri ərazilərindəki suvarma kanallarında ümumilikdə 122000 m 3  həcmində 62 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır.

            Sel sularının maneəsiz ötürülməsindən ötrü Viləşçayda, Boradigahçayda, Tatyançayda, Taxtaçayda və Göytəpəçayın Təklə və Xırmandalı kəndləri ərazisindən keçən hissələrində lildən təmizlənmə işləri aparılmış, dambalar möhkəmləndirilmişdir ümumilikdə 109000 m 3  görülmüşdür.

Suvarma Kanalların və magistral boru kəmərlərinin üzərindəki bütün növ qurğular baxışdan keçirilmiş, tələb olunan təmir-bərpa, sazlama işləri aparılmışdır, ümumilikdə 12 ədəd hidrotexniki qurğular təmir edilmişdir.

Rayon Mərkəzi Xəstəxanasında 2017-2018-ci il payız-qış mövsümünə  hazırlıqla əlaqədar tədbirlər planı hazırlanmış və təsdiq edilmişdir. Əsaslı təmir olunmuş Kalinovka kənd sahə xəstaxanası və Boradigah qəsəbə sahə xəstəxanasında 2012-ci ildən smart kartla işləyən sayğaclar quraşdırılmış və 2017-ci ilin axırına kimi elektrik enerjisi limiti ilə yüklənmişdir. Boradigah qəsəbə sahə xəstəxanası qazla,Kalinovka kənd sahə xəstaxanası isə duru yanacaqla təmin edilmişdir.

Mərkəzi Xəstəxanada təmir işləri 2017-ci ildə başa çatdırılmışdır.

Doğum evi, Ginekologiya və Qadın məsləhətxanasının yerləşdiyi bina cari təmir olunaraq elektrik enerjisi ilə işləyən “Kombi” istilik sisteminə qoşulmuşdur. Köhnə xəstəxana binasına köçürülən digər şöbələrin yerləşdiyi otaqlarda bütün köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəz edilmiş, tavan və divarlar rənglənmiş və dam örtüyünün yararsız hissələri təmir edilmişdir. 

            Ağ Ciyər Xəstəlikləri Xəstəxanası həm qaz, həm də duru yanacaqla işləyən qazanxanaya qoşulmuşdur. Həmçinin bu xəstəxanada “Smart” kartla işləyən sayğac quraşdırılmış və 2017-ci ilin sonuna kimi elektrik enerjisi limiti ilə təmin olunmuşdur.

Masallı rayonu üzrə  əhaliyə 30 Kənd Həkim Məntəqəsi və 28 Tibb Məntəqəsi xidmət göstərir. Bu məntəqələrin 19-u RMX-in balansında, 4-ü şəxsi evlərdə, digərləri isə uyğunlaşdırılmış binalarda yerləşir.

            Bütün  kənd  tibb müəssisələrinin qış mövsümündə qızdırılmasından ötrü istilik peçləri ilə təmin edilmiş və 8000 manatlıq duru yanacaq fondu ayrılmışdır.

            Qış mövsümündə təcili yardım maşınlarının  fasiləsiz işləməsi üçün onlar təmir  edilmiş,  yeni  şinlərlə  təchiz  edilmiş, çətin  keçilən  yollarda hərəkət  edə  bilən  iki  qoşqulu  avtomobil də saz vəziyyətə gətirilmişdir.

Masallı Rayon Təhsil şöbəsi 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar  tədbirlər planı hazırlamışdır. Rayon Təhsil şöbəsi tərəfindən duru yanacaq və qazla işləyən məktəblərin qazanxanalarının yay aylarında cari təmir olunmasına başlanılmışdır.

Duru yanacaqla işləyən qazanxanalar üçün yanacaq alınmış, qazla işləyən məktəb qazanxanaları üçün isə Lənkəran Rayonlararası Qaz İstismar İdarəsinin Masallı Xidmət Sahəsi ilə müvafiq müqavilələr imzalanmışdır. Digər məktəblərdə isə sinif otaqlarının qızdırılması üçün odun sobalarından istifadə olunması nəzərdə tutulmuşdur. Bunun üçün məktəblərə ayrılmış vəsait hesabına odun tədarükü görülmüşdür.

2017-2018-ci tədris ilində 21 məktəbin qazla qızdırılması üçün 50346 manat, 20 məktəbin dizel yanacağı ilə qızıdırılması üçün 36646 manat və 55 məktəbin odunla qızdırılması üçün 47675 manat olmaqla ümumilikdə 134667 manat vəsait ayrılmışdır.

Qışa hazırlıq işləri məktəbəqədər tərbiyyə müəssisələrində də davam etdirilir və bu məqsədlə ərazi nümayəndəliylərindən ayrılmış vəsait hesabına  duru yanacaq və odunla təminat həyata keçiriləcəkdir.  Lakin yeni tikilmiş məktəb binaları istisna olmaqla  digər məktəblərin istilik sistemlərinin yenilənməsinə zəruri ehtiyac vardır. Növbəti büdcə ilində bu problemin həll olunması üçün Rayon Təhsil şöbəsi və Maliyyə idarəsi tərəfindən aidiyyətı orqanlar qarşısında məsələ qaldırılmalıdır.

Payız-qış mövsümünə hazırlıq məqsədi ilə rayonun ümumtəhsil məktəblərində qabaqcadan lazımi tədbirlərin görülməsi ilə əlaqədar rayonun odun yanacağı ilə qızdırılan ümumtəhsil məktəblərinə odun yanacağı 14 saylı ƏMHM-i tərəfindən növbə ilə göndərilir. Hazırda 20 məktəb odun yanacağı ilə təmin edilmişdir. Bundan əlavə odun yanacağı ilə qızdırılan 11 körpələr evi-uşaq bağçalarının qış mövsümündə qızdırılmasından ötrü tərəfimizdən “Embawood” mebel fabrikinə rəsmi müraciət olunmuş və bağçaların növbəlilik əsasında odunla təmin olunması işlərinə başlanılmışdır.

Yeni tədris ilinin başlanılması ilə əlaqədar olaraq Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən hal-hazırda rayonun Sirəbil və Əhmədli ümumi, Təzə Alvadı 2 saylı, qasımlı və Güllütəpə tam orta məktəblərində cari təmir işləri aparılır.

Yeni tədris ilinin başlanılması ilə əlaqədar olaraq Masallı RTŞ-i tərəfindən rayonun ümumtəhsil məktəblərinə inzibati binaların, ərazilərin, qazonların və bağ-bağçaların səliqə-səhmana salınması tapşırılmışdır.

Əlavə olaraq bildiririk ki,Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kollegiyasının 15 yanvar 2016-cı il tarixli 1/1 nömrəli qərarı ilə Təhsil Nazirliyinin yerli təhsili idarə etmə orqanlarının tabeliyində olan təhsil müəssisələri üzrə xərclərin mərkəzləşdirilmiş maliyyələşdirilməsi qaydaları təsdiq edilmişdir.

Qaydaların 3.1.3-cü bəndində yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan təhsil müəssisələrinin saxlanılması ilə bağlı Nazirlər Kabinetinin 6 oktyabr 2004-cü il tarixli, 149 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının “Vahid Büdcə Təsnifatı”nın müdafiə olunan xidmətlər, eləcə də bir sıra xərclər istisna olmaqla digər xərclər üzrə mal, iş və xidmətlərin satın alınması Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirildiyi qeyd olunmuşdur.

Qış mövsümünə hazırlıqla əlaqədar rayon Mədəniyyət şöbəsi tərəfindən mədəni-maarif müəssisələrində müəyyən hazırlıq işləri aparılmışdır. Rayon Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi, Uşaq İncəsənət məktəbi, Tarix Diyarşünaslıq  muzeyi və Rəsm qalareyasının payız-qış mövsümünə hazırlığının vəziyyəti təmin edilmişdir.

Masallı rayon üzrə 2017-ci il yerli xərclərində  elektrik enerjisi haqqının ödənilməsi maddəsi üzrə 162672,0 manat nəzərdə tutulmaqla keçən ilə nisbətən  1,4%, azalma, qaz haqqının ödənilməsi maddəsi üzrə 42983,0 manat nəzərdə tutulmaqla keçən ilə nisbətən 29,7% azalma, istilik (yanacaq) enerjisi haqqının ödənilməsi maddəsi üzrə 63167,0 manat nəzərdə tutulmaqla keçən ilə nisbətən 76,5 % azalma  olmuşdur.

Lakin enerji haqlarının bölgüsündə Səhiyyə və Mədəniyyət obyektlərinin qış mövsümündə qızdırılması üçün büdcədə nəzərdə tutulan vəsaitlər faktiki təlabatı qismən ödəyir və bu hallar göstərilən xidmətin keyfiyyətinə mənfi təsir göstərməklə bu sahədə müəyyən problemlərin yaşanmasına səbəb olur.

Cari ildə məktəblərin istilik təchizatı üzrə tələb olunan vəsait nörmativə uyğunlaşdığından bu sahədə problem yaşanmır, odur ki, Mədəniyyət və Səhiyyə obyektlərinin istilik və elektrik enerjisi xərclərinin də artırılması üçün  Rayon Maliyyə idarəsi 2018-ci ilin büdcə layihəsinin hazırlanmasında vəsaitlərin normativə uyğun proqnozlasdırılmasını aidiyyətı büdcə təşkilatları ilə birlikdə müvafiq qaydada işləyib hazırlamalıdır.

Cənab başçı sizi əmin edirik ki, qarşıdan gələn payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş və görüləcək işlərə tərəfimizdən mütəmadi nəzarət olunacaqdır.

İclasda qaldırılan məsələlərlə bağlı rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, Miyənkü kənd orta məktəbinin direktoru Xudaqulu Tahirov, Hüseynhacılı kənd orta məktəbinin direktoru Yadigar Şəmmədov, Şıxlar kənd 1 nömrəli məktəbinin direktoru əvəzi Nəhmədağa Tarıverdiyev
və başqaları çıxış etmişlər.
Iclası Masallı Rayon İcra Hakimiyyətinin başçısı, şuranın sədri cənab Rafil Hüseynov yekunlaşdırmışdır.
Şura yığıncağının sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul edilmiş, rayon İcra hakimiyyətinin başçısı tərəfindən nəzarətə götürülərək aidiyyatı üzrə tapşırıqlar verilmişdir.

Keçidlər