Azərbaycan jurnalının 100 illiyi və Masallı yazarları ilə görüş
Masallı rayon Mərkəzi Kitabxanasında “Azərbaycan” jurnalının nəşr olunmasının 100 illiyi münasibətilə Masallı rayon yazarları ilə görüş keçirilib.Tədbirdə “Göy Qurşağı” ədəbi məclisinin üzvləri,qonaqlar və kitabxana əməkdaşları iştirak ediblər.
Tədbirdə ilk çıxış edən kitabxananın direktor əvəzi Zamin Məmmədov kitab məbədi olan Mərkəzi Kitabxanada hər zaman olduğu kimi ədəbi məclisin tədbirlərinə ev sahibliyi etməyə hazır olduqlarını bildirib.
“Göy Qurşağı” ədəbi məclisinin həmsədri, AYB-nin üzvü şair Xanəli Tolış bildirib ki, mədəniyyət müəssisələrində məclisin yığıncaqlarının keçirilməsi rayonun mədəni həyatında böyük canlanmaya zəmin yaradır.
Sonra yazıçı Aliq Məmmədov çıxışında vurğulayıb ki, milli mətbuatımızın bənzərsiz örnəklərindən biri olan “Azərbaycan” jurnalının bu günlərdə 100 illiyi qeyd olunur. O, qeyd edib ki, “Azərbaycan” jurnalı təsis olunduğu vaxtdan bəri ədəbiyyatın təbliğində və istedadlı yazarların üzə çıxarılmasında aparıcı rol oynamışdır. Şair Allahverdi Bayrami öz çıxışında qeyd edib ki, “Azərbaycan” jurnalı fəaliyyəti boyunca çətin və keşməkeşli mərhələlərdən keçərək, müasir dövrümüzədək öz mövcudluğunu qoruyub saxlaya bilib. ”Talisman” qəzetinin baş redaktoru Rafiq Məmməd gənc yaşlarında “Azərbaycan” jurnalında şeirlərinin çap olunmasının onun sonrakı yaradıcılığına böyük stimul verdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlərdən yazıçı-publisist, jurnalist-tədqiqatçı,AJB üzvü Xodaşirin Cəbiyev (Cabbari), yazıçı Nazim Qərib, şair Əlimərdan İbrahimov və Məmmədağa Dadaşov “Azərbaycan” jurnalının fəaliyyəti və ədəbi mühitdə baş verən yeniliklər haqqında düşüncələrini bölüşüblər. Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva muzeyin ilk qurucusu olan atası Rəhim Tağıyevin yazılarının “Azərbaycan” jurnalında çap olunduğunu, jurnalın nüsxələrinin indiyə qədər çoxlu sayda fərdi ev kitabxanasında qiymətli vəsait saxlandığını bildirib. Tədbirin gedişində ədəbi məclisin üzvləri- Nazim Qərib, Qədiməli Eloğlu, Ədalət İsayev, Şirzad Ağayev və Bahadur Şıxlaroğlu öz yaradıcılıqlarının məhsulu olan hekayə və şeirlər söyləyiblər.