Masallı Mərkəzi Rayon Xəstəxanası PHŞ-i monitorinqlər keçirir
Masallı Mərkəzi Rayon Xəstəxanası PHŞ-i tərəfindən əhalinin yaş kateqoriyaları arasında sağlam həyat tərzi və davranış risk amillərinə görə vəziyyətin müntəzəm monitorinqi və qiymətləndirilməsi ilə əlaqədar olaraq mütəmadi tədbirlər həyata keçirilir.
Əhalinin müxtəlif yaş kateqoriyaları arasında, əsasən uşaq, yeniyetmələr və gənclər arasında sağlam ətraf mühit, sağlam həyat tərzi (narkomaniya, tütün,alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri və s.) ilə bağlı sanitariya maarifləndirmə işini ümumtəhsil müəssisələrində və əhalinin sıx toplaşdığı yerlərdə aparılmasını təşkil edərək həyata keçirir, yerli “Yeni həyat” qəzetinə bu barədə mütəmadi dərc olunmaq üçün məqalələr göndərir.
Əhalinin kiçik yaş qrupuna daxil olan məktəbəqədər və ümumtəhsil müəssisələrində fiziki göstəricilərin illər üzrə müqayisəsini diqqətdə saxlamaqla sağlamlıq göstəricilərinin monitorinqini təşkil edir. Burada uşaqların ümumi sayı, fiziki inkişafın səviyyələrinə uyğun olaraq müalicəyə ehtiyacı olanların dispanser qeydiyyatına alınması və bu işin monitorinqini aparmaqla qiymətləndirilməsi həyata keçirilir.
Monitorinqlər keçirilən zaman bir qrup əhali arasında alkoqolun, tütünün istifadəsi, fiziki aktivlik haqqında suallar verilməklə onlar arasında qeyri-infeksion xəstəliklərin risk amillərinin öyrənilməsi və zərərli vərdişlərin minimuma endirilməsindən ötrü təbliğat işləri həyata keçirilir.
Sorğuda iştirak etmək üçün Masallı rayonu Viləş kəndi, Boradigah və Ərkivan qəsəbələri üzrə 224 ev təsərrüfatı şecilmişdir.
Sorğu zamanı respondentlərdən sosial-demoqrafik qidalanma, alkoqolun, tütünün istifadəsi, fiziki aktivlik haqqında suallar təqdim edərək, onlar arasında qeyri-infeksion xəstəliklərin risk amilləri öyrənilmişdir.
Rayon Mərkəzi Xəstəxanası tərəfindən onların fiziki göstəriciləri (boy, çəki, qarının və ombanın dairəvi ölçüləri, qan təzyiqinin və nəbzin ölçülməsi) təyin olunmuşdur. Məlumatların dəqiqliyini təmin etmək üçün biokimyəvi nümunələrin analizi, qanda şəkərin və lipidlərin miqdarının təyini, sidikdə sodium və kreatin miqdarını öyrənmək məqsədilə nümunələr toplanmışdır.
Yuxarıda qeyd olunan ərazi vahidi üzrə 224 ev təsərrüfatından 348 nəfər əhalidən 48 nəfər 7-8 yaşlılar arasında, 82 nəfər 15 yaşlı uşaqlar arasında idmana maraqla bağlı sorğu keçirilmiş, onlardan 7-8 yaşlı uşaqlardan 12 nəfəri, 15 yaşlı uşaqlardan isə 24 nəfərinin mütəmadi idmanla məşğul olduqları qeydə alınmışdır. 78 nəfər 25 yaşlılar arasında zərərli vərdiş olan tütün çəkmə barəsində sorğu zamanı 37 nəfərin tütündən istifadə etdiyi məlum olmuşdur. 35-45 yaşlıların 62 nəfərindən alkoqola münasibət barədə sorğu zamanı 12 nəfərin alkoqoldan istifadəsi müəyyən edilmişdir. 45-55 yaş arası 55 nəfərdən şəkərli diabet sorğusu zamanı 18 nəfərin diabetli xəstə olması qeydə alınmışdır. 50 nəfər 55-65 yaş arası şəxslərdən qidalanma və fiziki aktivlik haqqında sorğu aparılmışdır.
Əldə olunan məlumatlar rayon əhalisinin sağlamlığının hazırkı vəziyyəti haqqında ümumi təsəvvürün formalaşmasına və gələcək istiqamətlərin müəyyənləşdirilməsinə yardım etmək üçün vacib hal kimi qiymətləndirilir.
Bundan başqa dayanıqlı nəticə əldə etmək üçün əhalinin sıx toplaşdığı yerlərdə, idarə, müəssisə və təşkilatlarda maarifləndirmə məqsədilə plakatlar asılır, bukletlər paylanılır.
Rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələri daim olaraq əhali ilə sıx təmasda olmaqla fiziki göstəriciləri uyğun olaraq illik müqayisəsini aparmaqla nəticələri diqqətdə saxlayırlar.
Monitorinqlərin həyata keçirilməsi tərəfimizdən davam etdiriləcəkdir.