Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə  elmi –praktiki  konfrans

18 aprel 2025 | 19:02

       18 aprel tarixində Masallı Rayon İcra Hakimiyyəti, Masallı Tarix-diyarşünaslıq Muzeyi,  Masallı rayon Heydər  Əliyev Mərkəzi və  Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı altında 18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə “Tarixi abidələr və mədəni irs: mövcud çağırışlar və perspektivlər” adlı elmi-praktiki konfrans keçirilib.

          keçirilən  elmi –praktiki  konfransda təşkilatçı müəssisənin nümayəndələri, mədəni irsin qoruyucuları, tarix müəllimləri, Lənkəra Dövlət Universitetinin və Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər.

     Masallı şəhər Heydər Əliyev Mərkəzində baş tutan konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi  ilə başladı.

Konfransı giriş nitqi ilə açan Masallı Tarix-diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva elmi-praktik  konfransın məqsədi və tarixi abidələrin  qorunmasına  dair geniş çıxış etdi.

Sonra Masallı  Rayon İcra Hakimiyyəti  Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiqlənmiş siyahı üzrə Masallı rayonunda 210 tarix və mədəniyyət abidəsi vardır. Bunlardan 2-si ölkə əhəmiyyətli memarlıq abidəsi, 97-si ölkə əhəmiyyətli arxeoloji abidə, 89-u yerli  əhəmiyyətli memarlıq abidəsi, 1-i yerli əhəmiyyətli bağ-park abidəsi, 12-si yerli əhəmiyyətli arxeoloji abidə, 9-u dekorativ - tətbiqi sənət nümunəsidir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası məqsədilə 2019-cu ildə daşınmaz mədəni irsin qorunması işinin təkmilləşdirilməsi, o cümlədən daşınmaz mədəni irsin, həmçinin arxeoloji abidələrin inventarlaşdırılması, sərhədlərinin və mühafizə zonalarının müəyyən edilməsi, pasportlaşdırılması və xəritələrinin hazırlanması, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması, multimedia və elektron müşahidə sistemlərinin tətbiqi məqsədilə rayonda bu istiqamətdə işlər aparılmışdır. Müasir tələblərə cavab verən məlumat bazasının yaradılması məqsədilə abidələrin yerləşdiyi ünvanlar GPS vasitəsilə dəqiqləşdirilmiş, onların koordinatları müəyyən edilərək proqram əsasında elektron xəritənin tərtib olunması işləri yekunlaşdırılmışdır.

Eyni zamanda daxili məlumat bazasının yaradılması məqsədilə Masallı rayonunda yerləşən abidələrlə bağlı elektron formatda albom tərtib olunmuş, habelə abidə pasportları və mühafizə zonalarına dair sənədlər elektronlaşdırılmışdır.

Respublika ərazisində həyata keçirilən pasportlaşma işləri çərçivəsində Masallı rayonu üzrə 10 abidənin pasportlaşdırılması, 8 abidənin isə mühafizə zonasının müəyyənləşdirilməsi işləri yekunlaşdırılmışdır. Əlavə olaraq şəhər ərazisində dövlət qeydiyyatında olmayan daha 3 tarix və mədəniyyət əhəmiyyətli obyekt qeydə alınaraq yeni aşkar edilmiş abidələrin siyahısına daxil edilmişdir.

Daha sonra çıxış edənlər, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya  İnstitunun  aparıcı elmi işçisi , tarix üzrə fəlsəfə doktoru, dosenti  Anar Ağalarzadə  “ Azərbaycanın cənub-şərq  bölgəsinin arxeoloji abidələri:  tədqiqatlar və müasir  yanaşmalar vətarixi abidələrə dövlət qayğısı”, Lənkəran Şəhər Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi Rəvanə Sadoqova "Muzeylər mədəni irsin qoruyucusu kimi", Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi Dilgüşə Məmmədova "Masallının tarixi abidələrində  muzeyin rolu" adlı mühazirələr edərək respublikanın və regionumuzun tarixi, mədəni abidələri haqqında və onların bugündən sabaha inteqrasiyalaşdarılması, eyni zamanda mühafizə olunmaları barədə geniş məlumat verdilər.

          “Tarixi abidələr və mədəni irs: mövcud çağırışlar və perspektivlər” adlı elmi –praktik  konfrans iştirak edən məllim və tələbələrin mövzu ətrafında müzakirələri və sualları ilə sona çatdı.

    Yekunda konfrans iştirakçıları Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya edərək mədəni irsimizi özündə yaşadan eksponatlarla yaxından tanış oldular.

Keçidlər