Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi” mövzusunda görüş

18 noyabr 2024 | 12:51

Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli, 3199 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinin icrası çərçivəsində vətəndaş cəmiyyəti institutlarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib

            18 noyabr 2024-cü il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində vətəndaş cəmiyyəti institutlarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Bəxtim Qarayev Milli Fəaliyyət Planı haqqında geniş məlumat verərək   bildirmişdir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətinə xidmət edir, həmçinin korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birlikdə sistemli və əlaqəli şəkildə yerinə yetirilməsinə imkan yaradır. Ölkəmizdə inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalət prinsiplərinə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına maneçilik törədir.  Həmçinin o, bildirmişdir ki, korrupsiyaya qarşı mübarizə, etik davranış qaydaları, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər, etik dilemmalar və onların həlli yolları, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin olduqca vacibdir.

Daha sonra Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Baş məsləhətçisi Nuranə Muradova korrupsiya anlayışı və onun formaları, dövlət sektorunda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya ilə əlaqədar müraciətlərə baxılmasının xüsusiyyətləri, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı qanunvericilik barədə məlumat verib.

          Mövzu ətrafında Ombudsmanın Cənub Regional Mərkəzinin direktoru Ziya İsmayılov korrupsiyaya qarşı mübarizənin normativ və institusional əsaslarının təkmilləşdirilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə ilə əlaqədar götürülmüş öhdəliklərin həyata keçirilməsi, korrupsiyanın qarşısının alınması, korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət,  korrupsiya  ilə əlaqədar hüquqpozmaların nəticələrinin aradan qaldırılması barədə geniş məlumat verib.

Daha sonra çıxış edən Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Qeyri-hökumət təşkilatlarının sədrləri Nərgiz Muxtarova, Fidan Abbaslı, Tünzalə Qardaşova,Əfrayıl Fərziyev və digərləri dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılmasının, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.

Çıxış edənlər Azərbaycanda vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizədə fəal iştirak etdiyini, qanunvericiliyin formalaşdırılmasına cəlb olunduğunu, “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın önəmini xüsusi vurğulayıblar. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər, korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları ilə vətəndaş cəmiyyətləri arasında birgə əməkdaşlığın gücləndirilməsi, həyata keçirilən layihələr müzakirə edilib.

 Tədbir qarşılıqlı diskussiya şəklində davam edib, Vətəndaş cəmiyyəti institutlarının rəhbərləri isə korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qurumları ilə bu cür əməkdaşlığın səmərəli olduğunu və olduqca müsbət effekt verdiyini bildiriblər.

Sonda “Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi” istiqamətində belə maarifləndirici tədbirlərin digər qurumlarla birgə də keçirilməsi təklifi qeyd edilmişdir.

Keçidlər