Masallıda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin rayonda yerləşən abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan konfransda din xadimləri və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov dini müstəvidə sabitlik və əmin-amanlığın din siyasəti sahəsində qarşıda duran əsas hədəflərdən olduğunu vurğulayaraq, cəmiyyətimizin, xüsusilə gənclərin radikal təsirlərdən qorunmasında aidiyyəti qurumların, eləcə də din xadimlərinin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.
DQİDK sədrinin müavini Sahib Nağıyev bildirib ki, zaman-zaman Azərbaycanın yüksəlişini gözü götürməyən kənar qüvvələr qlobal və regional hegemon dövlətlərin maraqlarına xidmət edən radikal və ekstremist ideologiyaları, qatı məzhəbçiliyi, yad mədəniyyətləri din adı altında ölkəmizdə yaymağa cəhd ediblər. Təəssüflə qeyd etməliyik ki, onlar müəyyən dırnaqarası uğurlara nail olmaqla yanaşı, daha da irəli gedərək, İslam dinini siyasi alətə çevirməkdən də çəkinməyiblər. Xarici dairələrin ölkəmizdə apardıqları dini təbliğatda əsas məqsədin Azərbaycanı zəiflətmək, parçalamaq, ən azından təsir altına salmaq olduğunu dilə gətirən sədr müavini, bütün bu kimi hallarla mübarizədə Azərbaycan xalqının iradəsi və bu iradənin təcəssümü olan Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinə diqqəti çəkib. Vurğulayıb ki, Ümummilli Liderin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində dövlət-din münasibətlərində yeni mərhələ başlayıb, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi, inzibati idarəetmə mexanizmlərinin formalaşdırılması, milli-ənənəvi dəyərlərin qorunaraq sonrakı nəsilə ötürülməsi istiqamətində mühüm addımlar atılıb.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anar İsgəndərov deyib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız yenidən milli-mənəvi dəyərlərinin sahibi kimi çıxış etməyə başlayıb. Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət-din münasibətlərinin tənzimlənməsinin və inkişafının əsası qoyulub. Millət vəkili dinə və dindarlara göstərilən qayğıdan da bəhs edərək bildirib ki, dini ibadət yerlərinin tikintisi, təmiri, tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpa və yenidənqurulması dövlətimizin bu sahədəki siyasətinin tərkib hissələrindəndir.
Çıxış edən millət vəkili Musa Qasımlı diqqəti Azərbaycanın müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu bir ölkəyə çevrilməsinə çəkib. Ölkəmizdə müxtəlif xalqların, dinlərin, mədəniyyətlərin nümayəndələrinin yaşadığını qeyd edən deputat Azərbaycanın bu istiqamətdə bütün dünyaya nümunə olduğunu bildirib. M. Qasımlı dinin siyasiləşdirilməsi cəhdlərinin törədə biləcəyi mümkün təhlükələrdən və bu hallara qarşı mübarizə tədbirlərindən də bəhs edib.
Baş Prokurorluğun nümayəndəsi Asim Yusifov və Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev çıxışlarında dinin siyasiləşdirilməsi cəhdlərinə, dini radikalizm və ekstremizmə qarşı effektiv mübarizənin aparılması, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi məqsədilə müxtəlif formatlarda birgə tədbirlərin keçirilməsinin olduqca əhəmiyyətli olmasından danışıblar.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Məftun Hüseynov mövzu ilə bağlı fikirlərini bölüşüb.
Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gətirilmiş "Müasir çağırışlar və qarşıda duran əsas hədəflər" mövzusunda video-çarx nümayiş etdirilib.
Regional konfransın birinci günü müzakirələrlə yekunlaşıb.