Masallıda Viləşçay su anbarının II növbəsinin tikintisinin ekoloji qiymətləndirilməsi üzrə ictimai dinləmələr
Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən sosial-infrastruktur və tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsinə dair növbəti ictimai dinləmələr Masallı rayonunda keçirilib.
Viləşçay su anbarının II növbəsinin tikintisinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi üzrə təşkil olunan tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlicançay su anbarı ilə yanaşı yaradılması nəzərdə tutulan digər su anbarları üzrə layihələrin operativ və səmərəli şəkildə həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Vahid İşçi Qrupunun üzvləri, layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak ediblər.
İctimai dinləmədə Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunan layihənin ekoloji cəhətdən qiymətləndirilməsi və kompensasiya mexanizmləri, xüsusilə mövcud yaşıllıqların landşaft elementi kimi qorunması müzakirə olunub, eyni zamanda əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetirilib.
Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, layihələrə rəy verilən zaman ekoloji normalara riayət olunması, ətraf mühitin mühafizəsi, mövcud yaşıllıqların qorunması və daha da artırılması əsas götürülür.
Tədbirdə tikinti və infrastruktur layihələrinin icrası zamanı təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin və yaşıllıq balansının qorunub saxlanılmasının xüsusi əhəmiyyəti qeyd olunub.
Viləşçay su anbarının bəndinin qaldırılması layihəsinin xüsusən qapalı borularla çəkiləcək suvarma suyu və içməli suyun həcminin 2 dəfə artırılması, həmçinin suyun keyfiyyətinin yaxşılaşdırılması, çirkab sularının idarə olunması baxımından xüsusi önəmi vurğulanıb.
Layihənin baş mühəndisi Alı Alıyev bildirib ki, anbarın su həcminin artırılması və bəndin qaldırılması üzrə üç varianta baxılıb. Qərar qəbul olunaraq su səviyyəsi 87 metr, ümumi su həcmi 95 milyon kubmetr olan variant üzrə texniki iqtisadi əsaslandırma və işçi layihə sənədləri hazırlanıb. Digər məsələlərdən biri isə su anbarının mühafizə zonasıdır. Mühafizə zonasına düşən bütün infrastruktur köçürüləcək və yol kənara çıxarılacaq, həmçinin vətəndaş və sahibkarlara dövlət tərəfindən müəyyən kompensasiyalar ödəniləcək. Masallı–Yardımlı yolunda olan körpü, həmçinin avtomobil yolunun az bir hissəsi yenidən qurulacaq. Digər məsələ isə termal suların çaya və anbara qarışmasıdır. İçməli su təminatı üzrə illik 8 milyon kubmetr su təmizləmə gücünə malik hazırki su anbarının potensialının 2 dəfə artırılması nəzərdə tutulub.
Qarşılıqlı dialoq şəklində keçən ictimai dinləmə sakinlər, həmçinin sahibkarlar tərəfindən razılıqla qarşılanıb və belə tədbirlərə gələcəkdə də böyük ehtiyacın olduğu vurğulanıb.
Tədbirin ikinci hissəsində Masallı şəhər Heydər Əliyev prospekti ilə Qarabağ küçəsinin kəsişməsində ikimərtəbəli 10 mənzilli yaşayış binasının tikintisi üzrə layihənin ekoloji cəhətdən qiymətləndirilməsi də həyata keçirilib.
Xüsusilə yaşıllıqların saxlanılması ilə bağlı layihə icraçıları qarşısında müvafiq ekoloji tələblər irəli sürülüb. Adıçəkilən mövzular üzrə ictimai dinləmələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb.