Masallıların Şuşa təəssüratları
Masallı Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Şuşaya səfərə gedən iki Qəhrəman anası Ziba Əsgərova, RİH yanında İctimai Şuranın sədri, “Tərəqqi” medallı veteran jurnalist, rayon Ağsaqqallar Şurası sədrinin müavini Əyyub Mehdiyev, Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Mahmudavarın «Halay» folklor ansamblı və Masallı Regional Mədəniyyət İdarəsinin solisti Miriş Hüseynov təəsüratlarını bölüşüblər.
Veteran jurnalist Ə.Mehdiyev qeyd edir ki, Şuşada ikinci dəfə olurdum. Bu dəfə Şuşaya ziqzaqlı duyğularla gəldim. Gah düşmənin vandallığını görüb, nifrətim coşub-daşırdı, gah da yolboyu Qarabağdakı quruculuq işlərini görüb sevinirdim. Hələ illər öncə də, Qarabağın bir gün azad olunacağına ümidlə baxırdım. Müzəffər Ali Baş Komandanımızın çox böyük səyi ilə 44 günlük müharibədəki vətənpərvərliyimiz bu ümidləri göyərtdi. Şuşaya ayaq basanda şəhidlərimizin, qazi və Qələbə bayrağını Qarabağa, Şuşaya sancan igidlərimizin şücaəti, qeyrəti məndə qeyri-adi hisslər oyatdı. Gözlərimin önündə döyüş səhnələri canlanırdı. Avtobusdan düşəndə ayrılıq həsrətinin təşnəsindən sonra ciyərlərimə dolan Şuşa havası ilə nəfəs aldım. Qaliblər kimi həm sevindim, həm də kövrəldim. Zəfər yolu ilə irəlilədikcə qürurlanırsan. Ancaq ətrafdakı dağıntıları, buna dağıntı demək olmaz, yer üzündən silinən kənd, qəsəbə və şəhərləri gördükcə ürək ağrısı keçirirsən, ermənilərin xislətini düşünürsən. Şuşada, yaşayış və ictimai binaların qapı və pəncərələrinin söküb aparılması nəticəsində o tikililər necə də miskin görüntüsü ilə adamda düşmənin miskinliyinə mənfi emosiyalar oyadır. Mədəniyyət beşiyi olan Şuşada Vaqifin, Bülbülün, Üzeyirin, Xan qızı Natəvanın büstü tanınmaz hala salınması düşmənin necə vandal olduğunu göstərir. Düzdür, bu büstlər bərpa olunub əvvəlki vəziyyətə gətirilib. Ancaq gördüklərim gözümün qarşısından getmir. Şuşada keçirilən Birinci Beynəlxalq Kulinariya Festivalının şahidi olduq. Mayın 5-dən 9-dək davam edən festivalda dünyanın bir çox inkişaf etmiş ölkələrin kulinarları iştirak edirdi. Onlar ilk növbədə Şuşanın qədimliyinin, gözəlliyinin şahidi olurdular. Beynəlxalq Kulinariya Festivalında Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndenoziya, İran, İsrail, İtaliya, Malaziya, Türkiyə və Yaponiyadan olan kulinarlar qonaqları öz ölkələrinin təamları ilə tanış edirdilər. Tədbirin vacibliyi Belçika, Birləşmiş Əmir Əmirlikləri, Rusiya Federasiyası, Fransa, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə 40 beynəlxalq ekspert, qida üzrə blogerlərin təmsil olunması ilə özünü göstərirdi. Festivalda Azərbaycanın müxtəlif iqtisadi rayonları -Abşeron-Xızı, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba, Xaçmaz və digərləri də qatılmışdı ki, onlar dünya mətbəxinin nümunələrinin təamlarının dadına baxırdılar. Ancaq festivalın mahiyyəti daha geniş idi, burada təkcə dünya xalqlarının təamları deyil, həmçinin həmin ölkələrin maddi və mənəvi dəyərləri də nümayiş etdirilirdi. Odur ki, bu Konsepsiyaya əsasən quraşdırılmış pavilyonlar da biri-birindən fərqli formada idi. Hər pavilyonda qonaqları ayrı-ayrı ölkələrə xas memarlıq quruluşu, milli musiqi ilə salamlayır, tanınmış əsərlərdən parçalar səhnələşdirilirdi. Festival çərçivəsində Azərbaycanın milli sənətkarlıq nümunələri də sərgilənmişdi. Qonaqlara Bakı kitab mərkəzi tərəfindən Heydər Əliyev Fondunun kulinariyaya aid nəşrləri də təqdim olunurdu.
Rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva bildirir ki, Şuşa Kəbə evimizdir. Mədəniyyətimizin paytaxtı, Azərbaycanımızın incisi,tacı,qəlbi olan Şuşamız.Şəhidlərimizin,qazilərimizin qanı ilə yoğrulmuş Qarabağımızı, qeyrətli,əyilməyən Şuşanı ziyarət etmək qismətimə düşdü. Şuşada yüksək səviyyədə təşkil edilmiş “1-ci Kulinariya Festivalı”nın iştirakçısı oldum. Şuşanı ziyarət edərkən hissini, həyəcanını, emosiyasını yaşamaq, anlamaq üçün inamlı olub, Vətənini sevmək bəs edir. “Vətəni sevmək də imandandır” buyurulub. İgid,nər oğullarımızın keçdiyi döyüş yollarını gördükcə deyirsən: sizin qeyrətinizə,vətənə olan sevginizə qurban olaram.Misli görünməmiş qəhrəmanlıq...Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlam ömür bəxş eləsin. Allah Ali Baş Komandanımızı qorusun.
Cari ilin mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub. «Halay»çılar da Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdılar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.
Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunan “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca beşinci festivalda xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak edirlər.
Dördüncü festival 1992-ci il mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyindən “Xarıbülbül” festivalını burada təşkil etmək mümkün olmayıb. Festival yalnız qısa müddətdə Ağdam şəhərindəki İmarət kompleksində keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsindən sonra ənənəvi “Xarıbülbül” festivalı yenidən Şuşa şəhərində təşkil edildi. 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılışında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak ediblər.
Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub.
Qeyd etmək yerinə düşər ki, “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının son günündə, mayın 14-də ilk olaraq səhnədə Masallı Regional Mədəniyyət İdarəsi «Halay» folklor ansamblının çıxışı baş tutub. «Halay»çılar da Azərbaycanın milliyətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdılar.
Masallının «Halay»ı ilə yanaşı istedadlı müğənni, Masallı Regional Mədəniyyət İdarəsinin solisti Miriş Hüseynov da iştirak edib.
Şuşa səfəri Masallı Regional Mədəniyyət İdarəsinin kollektivi arasında da sevincə səbəb olub.
Qeyd edək ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həmin ilin mayında – Şuşada xarıbülbülün çiçəklənmə dövründə təşkil olunub. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan), Litva və Belarusdan da musiqi qrupları iştirak ediblər.
1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. İkinci festivala Hollandiya, Almaniya, İsrail və Türkiyədən də folklor qruplarının dəvət edilməsi böyük marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada ağır vəziyyət yarandığından əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib. Ümumilikdə ikinci festivalda müxtəlif ölkələrdən 170-ə yaxın nümayəndə iştirak edib.
1991-ci ildə keçirilən III “Xarıbülbül” festivalına 25 ölkədən 300-ə yaxın nümayəndə qatılıb. ABŞ və Avstraliyadan olan rəssamlar da festivala təşrif buyurublar. Tamaşaçıların çoxluğu səbəbindən festivalın əsas konsertləri stadionlarda keçirilib. II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub.
Şuşaya getmək arzuları gerçəkləşdiyinə görə masallılar Heydər Əliyev Fonduna, Turizm Agentliyinə, Heydər Əliyev Mərkəzinə, Masallı rayon İcra hakimiyyətinin Başçısı Şahin Məmmədova və Masallı Regional Mədəniyyət idarəsinin rəhbərliyinə dərin minnətdarlıq bildiriblər.