Şriftin ölçüsü :

Saytın rəngi :

Bəyanatlar

 

ƏLİKRAM  HÜMBƏTOVUN  TALIŞLARIN  ADINDAN DANIŞMAĞA   MƏNƏVİ   HAQQI   YOXDUR

Özünü separatçı “Talış-Muğan Respublikası”nın “prezidenti” elan etmiş Əlikram Hümbətovun Ermənistana səfəri, daşnaq millətçiləri ilə görüşlər keçirməsi bizi həddən artıq hiddətləndirmişdir. Düşmən ölkəyə bu biabırçı səfər Qarabağda şəhid olmuş övladlarımız, eləcə də yüzlərlə talış şəhidinin ruhuna təhqir, böyük xəyanətdir. Hamıya məlumdur ki, Azərbaycan vətəndaşlığından çıxarılan Əlikram Hümbətov hazırda başqa ölkədə yaşayır. “Vətənə məhəbbət imandandır” demişlər. Vətənə xəyanət isə imansızlıqdan, cinayətdən, satqınlıqdan qaynaqlanır.
Belə vaxtlarda iyirmi il əvvəl bölgəmizdə cərəyan edən hadisələri xatırlamamaq olmur. Müstəqilliyini yenicə qazanmış Azərbaycan AXC – Müsavat cütlüyünün hakimiyyəti dövründə parçalanmaq təhlükəsi ilə üzləşmişdi. 1993-cü il iyunun 14-də keçmiş cəbhəçi Əlikram Hümbətovun silahlı dəstəsi ilə Lənkəranda hakimiyyəti ələ keçirməsi, bu regionda əsl dərəbəylik yaratması, insanları qırğına verməsi heç vaxt yaddan çıxmaz. Həmin vaxtlar respublikanın iqtisadiyyatı sürətlə dağılır, maddi-mənəvi sərvətlərimiz talanır, ölkədə hərc-mərclik höküm sürürdü.
Xalqın əmlakı, yeraltı və yerüstü sərvətlər, ictimai binalar, xidmət müəssisələri dağıdılırdı. Bir sözlə, müstəqilliyimizin sevincini dadmamış yeni-yeni dövlətlərin köləsi olmaq təhlükəsi ilə üzləşirdik. Eyni proseslər Cənub bölgəsində də təkrar olundu. Burada da xalqın başına bəlalar gəldi, vətəndaş qarşıdurması son həddə çatdı. Bütün bunlar Ə. Hümbətovun “xidmətləri” idi. Bu özbaşınalıq camaata utanclıq gətirdi. Xalq özünü böyük bir qüvvəyə qarşı qoyan iddialı şəxsiyyətlə haq-hesab çəkdi. Ulu öndər Heydər Əliyev ölkəni dağılıb parçalanmaq təhlükəsindən qurtardı. Azərbaycan düçar olduğu bəlalardan xilas edildi.
Azərbaycanda yaşayan bütün xalqların, o cümlədən talışların bir lideri var: Ümummilli Lider Heydər Əliyev. Talışlar Heydər Əliyev ideyalarına sadiqdir və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevi dəstəkləyirlər.
Əlikram Hümbətov Azərbaycan vətəndaşı deyil və onun kimi separatçı ünsürlərin talışların adından danışmağa mənəvi haqqı yoxdur. O, Ermənistana turist kimi gedə bilər. Erməni lobbisinin maraqlarına oynayıb və onların sifarişlərini də icra edə bilər. Onsuz da bu adamın məqsədi ölkəni parçalamaq və daxildən dağıtmaq olub. Talışlardan heç bir dəstək almayan Ə. Hümbətov çirkin məqsədlərinə də nail ola bilməyib. Talışlar da ölkənin digər vətəndaşları kimi Azərbaycanda həyata keçirilən islahatları dəstəkləyir və bu islahatların fəal iştirakçısına çevriliblər.

                                                                                       Musarza MİRZƏYEV,
                                                                             Respublikanın Əməkdar müəllimi,  
                                                                                      Mahmudavar kəndi.
 

Keçidlər